|
Avronun məzənnəsi psixoloji həddi keçdi
Ölkədəki valyutadəyişmə məntəqələri avronun satışını
dayandırıb
Avronun dollara nisbətən məzənnəsi psixoloji həddi
keçib. Valyuta bazarlarında 1 avro 1 dollar 31
sentə satılıb. Bu arada rəylərə görə, avronun
dollara nisbətən məzənnəsinin yüksəlməsi ABŞ-da 5
aylıq iqtisadi yekunların elan edilməsi ilə bağlıdır.
Belə ki, Amerikada iqtisadi yekunların elanından
sonra bəlli olub ki, son 5 ayda işsizlik problemi
dərinləşməkdədir. İqtisadçı-ekspert Vüqar
Bayramovun sözlərinə avronun məzənnəsinin yüksəlməsi
Avropa iqtisadiyyatına inamın bərpa olunması ilə
bağlıdır. Böhranın Yunanıstandan İtaliya və
İspaniyaya keçəcəyi ilə bağlı narahatçılıqlar
praktiki doğrulmayıb: “Yunanıstanda böhranın
müşahidə edilməsinə baxmayaraq İtaliya, İspaniya və
Portuqaliyada böhran meyilləri qeydə alınmadı. Artıq
Yunanıstan iqtisadiyyatında stabilləşmə meyilləri
müşahidə edilməkdədir”.
Avropa Birliyinin avronun məzənnəsinin stabilləşməsi,
valyutanın qorunması ilə bağlı xüsusi fondun
yaradılması istiqamətində razılıq əldə etdiyini
xatırladan V.Bayramov bildirir ki, ilkin mərhələdə
Avropa Birliyi ölkələri tərəfindən sözügedən fonda
yarım trilyon vəsaitin yönəldilməsi nəzərdə tutulur:
“Avronun məzənnəsinin yüksəlməsinə avrozonanın
dağılması ilə bağlı fikirlərin real olmaması, eləcə
də Estoniyanın avrozonaya üzv qəbul edilməsi yönündə
qərarı təsir göstərib. Əslində İqtisadi və Sosial
İnkişaf Mərkəzi hələ may ayında avronun məzənnəsinin
düşdüyü ərəfədə iyul ayında avronun məzənnəsinin
yüksələcəyi ilə bağlı açıqlamalar vermişdi. Bu
onunla bağlı idi ki, dünya iqtisadiyyatının 25
faizinə malik olan Avropa Birliyinin valyutasının
uzun müddət kəskin azalması praktiki mümkün deyildi.
Xüsusən bu azalmalarda spekulyativ faktorlar varsa”.
İqtisadçı düşünür ki, Yunanıstan iqtisadiyyatındakı
böhran avronun məzənnəsinin kəskin azalmasına səbəb
ola bilməz: “ Bu da onunla bağlıdır ki, Yunanıstan
Avropa Birliyi iqtisadiyyatının cəmi 3faizini ödəyir.
Avronun məzənnəsini daha çox Almaniya və Fransada
baş verən iqtisadi proseslər tənzimləyir”.
Spekulyativ faktorlara toxunan mütəxəssisin rəyinə
görə, bəzi dövlətlər, o cümlədən investorlar avronun
məzənnəsinin aşağı düşməsində maraqlı idilər.
Bununla belə V.Bayramov hesab edir ki, spekulyativ
faktorlar uzun müddət fəaliyyət göstərə bilməz:
“Avronun məzənnəsinin yüksəlməsi prosesinin yaxın
vaxtlarda da davam edəcəyi gözlənilir. Bunu nəzərə
alaraq ötən aylardan avro ilə saxlanılan
ehtiyatların satılmasının məqsədəuyğun olmadığını
deyirdik. Eyni zamanda əhaliyə avronun məzənnəsinin
aşağı düşdüyü müddətdə avro ilə yığımlarını
artırmalarını təklif etmişdik. Çünki, belə
yığımları adətən valyutanın məzənnəsinin düşdüyü
vaxtda etmək iqtisadi baxımdam daha məqsədəuyğun və
rentabellidir. . Yəni ucuz qiymətə alınmış
valyutanın alınması onun baha qiymətə satılmasına
imkan yaradır”.
Avronun məzənnəsindəki artımların Azərbaycan
iqtisadiyyatında təsirsiz ötüşmədiyini deyən
iqtisadçı prosesin valyuta bazarına psixoloji
təsirlərindən söz açdı: “Artıq bəzi valyutadəyişmə
məntəqələri avronun alışını həyata kerçirsələr də
satış dayandırılıb. Bu da ki, avronun dünya
bazarında məzənnəsinin yüksəlməsi və son günlər
Mərkəzi Bankın manatın avroya nisbətən məzənnəsini
hər gün əvvəlki günə nisbətən daha yüksək məzənnə
ilə müəyyənləşdirməsi ilə bağlıdır. Hansıki, bütün
bunlar avroya yələbatı artırıb”.
V.Bayramov deyir ki,son günlər yalnız rəsmi
məzənnədəki kəskin artımlar valyutadəyişmə
məntəqələrinin avronun alqı-satqısı yönündə
tərədüddlər yaradıb: “Valyutadəyişmə məntəqələrində
avronun alışı ilə bağlı kurs elan edilsə də satış
kursu elan olunmur.Onlar daha çox avro yığmağa
üstünlük verir. Başqa tərəfdən valyutadəyişmə
məntəqələri öz kurslarını müəyyənləşdirməyə
çalışmırlar. Onlar Mərkəzi Bankın elan ediyi
məzənnədən cəmi 3 faiz artıq məzənnə ilə xarici
valyutanı alıb-sata bilərlər. Bu da praktiki
avronun satışı ilə bağlı qara bazarın yaranmasına
təkan verir. Belə ki, valyutadəyişmə məntəqələri
avronunun satışını elan etmir. Amma avroya tələbat
yarandığı halda daha yüksək məzənnə ilə avronu
vətəndaşa satırlar”.
Onun fikrincə, avronun məzənnəsinin yüksəlməsi bu
valyutanın yığım vasitəsi kimi yenidən dirçəlməsinə
şərait yaradır.Güman edilir ki, yarımillik yekunlar
elan edildikdən sonra avronun mzənnəsindəki artımlar
daha da ciddiləşəcək.
|