|
Smartkart-ların tətbiqi mavi qaz sektorunda
problemlərin həllinə açar olacaqmı? .
ARDNŞ-ın “Azəriqaz” İstehsalat Birliyi bu ilin
yanvar ayının 1-dən smartkart sayğaclarının
tətbiqini genişləndirib. “Azəriqaz”
yetkililərinin açıqlamalarına görə, Bakı, Sumqayıt,
Gəncə, Şirvan şəhərlərində təbii qazdan istifadəni
tamamilə bu qaz sayğacları vasitəsilə
gerçəkləşdirəcək. Daha sonra isə iş digər rayon
mərkəzləri və kəndlərdə davam etdiriləcək. Bildirək
ki, smartkart tipli sayğacların tətbiqinə keçid
əhalidən yığım səviyyəsinin artırılması məqsədi
daşıyır. Belə ki, aidiyyatı qurumlar sayğacların
quraşdırılmasından sonar əhalidəın istifadə
etdikləri mavi qazın pulunu daha asan yolla
alacaqlarını düşünürlər. Onu da xatırladaq ki,
“Azəriqaz” İstehsalat Birliyi cari ilin yanvar
ayında təbii qazdan istifadə haqqının yığılması,
sayğac göstəricilərinin dəqiqləşdirilməsi, yaranmış
borclar üzrə istehlakçıların vaxtı-vaxtında
məlumatlandırılması, eləcə də təbii qazdan
qeyri-qanuni istifadə hallarının aşkar edilərək
aradan qaldırılması məqsədi ilə təsis edilən
“Azqazservis” MMC ilə müqavilə imzalayıb. Bu qurumun
məlumatına əsasən,
2010-cu ilin fevral-may ayları ərzində ölkə üzrə «mavi
yanacağın» istehlak haqqının yığımı 90 faizə, may
ayında isə 103 faizə çatdırılıb. Nəticədə, dövlət
büdcəsinə fevral-may aları ərzində 88 mln. manat
vəsait köçürülüb. Maraqlıdır, əgər “Azqazservis”
rəqəmlərdəki kimi yığımın səviyyəsini 70 faizdən (ötən
il əhalidən yığım səviyyəsinin 70 faiz olduğu
deyilirdi) 103 faizə qaldırıbsa, o halda smartkart
sayğaclarına keçidin məqsədi aydın deyil? Məlumatlar
var ki, Bakıda smartkart tipli sayğacların
quraşdırılmasından
“Azqazservis” Sumqayıt
şəhəri üzrə xidmət göstərəcək.
Diqqətə çatdıraq ki, hazırda
Azərbaycanda 1,250 mln. qaz abonenti mövcuddur və
onlardan təxminən 700 min nəfəri Bakı şəhərinin
payına düşür.
Dövlət öz vətəndaşına inanmır
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov deyir ki, smartkart tipli sayğaclardan
istifadənin bir sıra müsbət və çatışmayan cəhətləri
var.Ekspertin sözlərinə görə, inkişaf etmiş
ölkələrdə smartkart-lardan istifadə olunmur:
“İnkişaf etmiş ölkələr məsələnin psixoloji tərəfini
nəzərə alaraq smartkart-ların tətbiqində maraqlı
deyillər. Smartkart-lardan istifadə dövlətin öz
vətəndaşlarına inanmaması deməkdir.Bu eyni zamanda
onu göstərir ki, istifadə edilmiş enerjinin və ya
qazın haqqının yığılması ilə bağlı problemlər
mövcuddur”.
V.Bayramov hesab edir ki, Azərbaycanda
smartkart-ların tətbiqi mavi qaz üzrə yığımların
qaydaya salınmasına müəyyən dərəcə müsbət təsir
göstərəcək. Ancaq bununla belə smartkart-ların mavi
qaz sektorunda problemlərin həlli üçün açar
olacağını düşünmək olmaz: “Əslində mavi qaz
sistemində, eləcə də “Azəriqaz” İstehsalat
Birliyində həyata keçirilməli önəmli islahatlar var
ki, smartkart-ların tətbiqindən daha vacibdir”.
“Azəriqaz” aldığı mavi dəyərinin 50 faizini toplaya
bilmir.
Ekspertin qənaətinə görə, mavi qaz sektorunun
problemi heç də istifadə edilən mavi qazın pulunun
yığılması ilə bağlı deyil. Çünki, istehlakçıların
80 faizi cari olaraq istifadə etdikləri mavi qazın
haqqını ödəyir: “Sadəcə “Azəriqaz” Neft Şirkətindən
aldığı mavi qazın əhəmiyyətli hissəsini
istehlakçılara çatdıra bilmir. Bunun bir qismi
qeydiyyatsız xəttlər vasitəsilə paylanır. Hansıki
belə halda qazdan istifadə haqqının dövlət
büdcəsinə və ya “Azəriqaz”a alınması mümkün deyil.
Praktiki olaraq alınmır da. Digər məqam mavi qaz
satışı ilə bağlı itkilərin böyük olmasıdır”.
“İtkilərə mavi qazın istehlakçılara çatdırılması
istiqamətində mövcud itkilər daxildir” deyən
V.Bayramov bildirir ki, həmin itkilər
infrastrukturla bağlıdır: “Qazın bir hissəsi mavi
qaz xəttlərinin nasaz olması, eləcə də bəzi yerlərdə
infrastrukturun yerləşməməsi səbəbindən itir.
Həmçinin bu sistemdə hələ də ciddi nəzarət
formalaşmayıb.Nəticədə qeydiyyatsız xəttlərin sayı
artıb. “Azəriqaz” aldığı mavi dəyərinin 50 faizini
toplaya bilmir. Güman edilmir ki, smartkart-ların
tətbiqi həmin 50 faizin yığılmasına imkan yaradacaq.
Smartkart-ların tətbiqi yığım sahəsində irəliləyişə
gətirib çıxara bilməz.Smartkart-lar sadəcə əhalinin
qazdan daha qənaətlə istifadə etməsinə səbəb olacaq”
MDB-nin heç bir ölkəsində əhali istifadə etdiyi
qazın haqqını tam şəkildə ödəmir
Mütəxəssisin fikrincə, “Azəriqaz” mavi qazın
istehlakçılara çatdırılmasında həm obyektiv, həm də
subyektiv səbəblərdən yaranan itkilərin qarşısını
almağa çalışmalıdır: “Hazırda “Azəriqaz” mavi qazın
istehlakçılara çatdırılması istiqamətində daha az iş
görür, nəinki istehlakçılardan vəsaitin yığılmasında.
Təbii, alternativsiz olaraq hər bir vətəndaş
istifadə etdiyi qazın haqqını ödəməlidir. Lakin
nəzərə almaq lazımdır ki, vətəndaşlar qanuni
istifadə etdikləri qazın haqqını ödəyərsə, belə bu
qaz sistemində problemlərin həllinə yardımçı
olmayacaq”.
Smartkart-ların tətbiqinin təbii
qazdan qeyri-qanuni istifadə hallarının qarşısının
alıb-almayacağına gəlincə, ekspert deyir ki “qaz
oğurluğunun” bir
hissəsi abonentlərin özləri tərəfindən edilir: “
Bir hissəsi də “Azəriqaz” işçilərinin xəbəri olduğu
oğurluqdur. Bu gün islahatlar “qaz oğurluğunun”
qarşısının alınmasına yönəldilməlidir, nəinki
əhalinin ödəmədiyi 10 faizin yığılmasına. Düzdür, 10
faizin yığılması da vacibdir. Amma nəzərə almaq
lazımdır ki, MDB-nin heç bir ölkəsində əhali
istifadə etdiyi qazın haqqını tam şəkildə ödəmir.
Hətta Rusiya və Qazaxıstanda belə”.
|