|
Neft ucuzlaşır
Vüqar Bayramov:
“Avqust ayında neftin qiyməti 60 dollara qədər azala
bilər”
Dünya bazarında neftin qiyməti yenə ucuzlaşıb.
Nyu-Yorkdakı “NYMEX” birjasında WTI markalı neftin
qiyməti 0,16 dollar düşərək 71,98 dollar təşkil edib.
Londondakı “ICE” birjasında isə Brent markalı neftin
qiyməti 0,02 dollar ucuzlaşaraq 71,45 dollar olub.
“Reuters” agentliyinin məlumatına görə, neftin
qiymətinin düşməsi dünya iqtisadiyyatının bərpa
sürətinin azalması narahatlığı ilə bağlı olub.Bu
arada xatırladaq ki, bir müddət əvvəl Dünya Bankı
qarşıdakı 3 il üçün neftin qiymət proqnozlarını
açıqlamışdı. Həmin proqnozlara görə, 2013-cü ilədək
“qara qızıl”ın qiymətində ciddi bahalaşma
gözlənilmirdi. Bu il orta qiymətin 78 dollar 10
sent, gələn il isə 76 dollar 60 sent, 2012-ci ildə
73 dollar 90 sent təşkil edicəyi göstərilirdi.
Onu da nəzərə çatdıraq ki, ilin birinci yarısının
nəticələrinə əsasən, Azərbaycan nefti 78 dollardan
baha satılıb. Belə ki, yanvarda orta hesabla 77
dollar 58 sentə satılan “Azeri light” markalı “qara
qızıl”ın qiyməti apreldə 85 dolları keçsə də,
sonrakı aylarda ucuzlaşma baş verib və iyunda qiymət
76 dollar 4 sent təşkil edib. İlin ilk 6 ayında isə
orta qiymət 78 dollar 9 sent olub.
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov iyun ayında neftin dünya bazar
qiymətində tendensiyanın daha çox artımlar
istiqamətində olduğunu deyir. Onun sözlərinə görə,
bu həm investorların, ölkələrin neftə tələbatının
artması, həm də investisiyaların neftə
yönəldilməsində öz əksini tapırdı. Amma iyunun sonu,
iyul ayından başlayaraq neftin qiymətində azalmalar
müşahidə edilməkdədir”.
Neftin qiymətindəki azalmaların ABŞ-ın 5 aylıq
iqtisadi yekunları elan etməsi ilə bağlı olduğunu
vurğulayan ekspert bildirir ki, nəticələr bu ölkədə
iqtisadi ğöstəricilərin heç də ürəkaçan olmadığını
göstərir: “İş yerlərinin sayının azalması və ABŞ
üçün ənənəvi olmayan işsizliyin qeydə alınması
investorların investisiyaların yatırılması üçün
neftə olan inamlarının azalmasına gətirib çıxarıb.
Eyni zamanda bu investorlarda müəyyən narahatçılıq
formalaşdırıb ki, böhranın davam etməsi Birləşmiş
Ştatlarda böhrana yol açacaq”.
V.Bayramovun rəyinə görə, əgər Amerikada neftə olan
tələbat və istehlak azalarsa, neftin dunya bazar
qiymətində də azalmalar baş verər.Çünki gündəlik
neft istehlakının 30 faizindən artığı ABŞ-ın payına
düşür. Yəni gündəlik satılan hər 100 barel neftin
30 bareli Birləşmiş Ştatlar tərəfindən alınır:
“Amerika Birləşmiş Ştatlarda tələbatın və ya
istehlakın dəyişməsi neftin dünya bazar qiymətinə
təsirsiz ötüşmür. Neftin dünya bazar qiymətinin
aşağı düşməsi eyni zamanda Avropa iqtisadiyyatında
canlanmanın müşahidə edilməməsi, Çin hökümətinin
milli valyutanın möhkəmləndirilməsi ilə bağlı qəbul
etdiyi qərarla bağlıdır. Çin milli valyutasının
möhkəmləndirilməsi bu ölkənin ixrac qabiliyyətinin
azalmasına gətirib çıxara bilər. Belə ki, milli
valyutanın möhkəmləndirilməsi neft və neft
məhsulları tələb edən sahələrdə durğunluğun
yaranmasına yol açacaq ki, nəticədə Çində gündəlik
neft istehlakı azalacaq”.
Məlum olur ki, Çin bütövlükdə dünya üzrə istehlak
olunan neftin 15 faizini istehlak edir. O baxımdan
Çində neftə tələbatın dəyişməsi dünya bazar
qiymətinə ciddi təsir göstərir.
V.Bayramov qeyd edir ki, neftin dunya bazar
qiymətində ciddi azalmaların olmaması ilə yanaşı
yaxın vaxtlarda “qara qızıl”ın qiymətində artımlar
da müşahidə edilməyəcək: “Hələlik ciddi azalmalardan
söhbət getmir. Bu da onunla bağlıdır ki avronun uzun
müddət zəifləməsi və son günlər möhkəmlənməsi,
dolların məzənnəsinin aşağı düşməsi valyuta
bazarında müəyyən çaşqınlıq yaradıb. Hansıki,
nəticədə investorların valyuta bazarına inamları
azalıb.Birləşmiş Ştatlarda və Avropada son iqtisadi
dəyişikliklərdən sonar investorların neftə
yönəltdikləri vəsaitin həcminın azalmasına
baxmayaraq reallıq odur ki, hələ də neft
investorların güvəndiyi bir neçə əsas strateji
məhsullardan biri olaraq qalmaqdadır”.
Yaxın aylarda neftin qiymətinin 70 dollar
intervalında olacağını deyən iqtisadçı-ekspert
avqust ayında neftin qiymətinin 60 dollara qədər
azala biləcəyini istisna etmir.
Neftin qiymətinin Azərbaycan iqtisadiyyatına
təsirlərinə gəlincə, V.Bayramov bu təsirlərin
birmənalı olmadığını söyləyir: “Neftin ucuzlaşması
dövlət gəlirlərinin azalmasına gətirib çıxarır.
Çünki ölkə gəlirlərinin əhəmiyyətli hissəsi, ümumi
daxılı məhsulun 60 faizə yaxını, büdcənin 75 faizə
qədəri neft sektorunun payına düşür. Məlumat üçün
bildirim ki, Azərbaycan Beynəlxalq Əməliyyat Şirkəti
Bakı-Tiflis-Ceyhan kəməri ilə gündəlik olaraq 1
milyon barelədən neft ixrac edir. Göründüyü kimi,
neftin ucuzlaşması Azərbaycanın gündəlik gəlirlərinə
belə neqativ təsir göstərir. Ölkəyə daxil olan
valyutanın azalmasına səbəb olur”.
“Qara qızıl”ın dünya bazaar qiymətinin aşağı
düşməsinin digət təsirlərinə toxunan İSİM rəhbəri prosesin
ölkəyə idxal inflyasıyasıyasının qarşısını aldığını
diqqətə çatdırır: “ Neftin ucuzlaşması dünya
bazarında qiymətlərin azalmasına gətirib çıxara
bilər. Bu da Azərbaycana idxal olunan məhsulların
qiymətlərinin azalması nəticələnəcək”. Bütün bunlara
baxmayaraq ekspert neft bazarında baş verən
dəyişikliklərin Azərbaycan iqtisadiyyatı üçün
arzuolunan olmadığı fikrindədir.
|