|
Avro dirçəlir
Vüqar Bayramov: “Avronun
məzənnəsinin dəyişməsi həm Amerika Birləşmiş
Ştatları, həm Avropa Birliyində elan edilən
yarımillik yekunlardan asılı olacaq”
Dünya valyuta bazarında 1 avro 1,6 dollara qədər
yüksəlib. Praktiki olaraq son 2 ayda dollar avroya
nisbətən ən aşağı məzənnəyə düşüb.Onu da xatırladaq
ki, bir müddət əvvəl Azərbaycanda avronun manata
nisbətən rəsmi məzənnəsi 98,7 qəpiyə düşmüşdü. Bu,
2002-ci ildən bəri ən aşağı hədd idi.
İqtisadçı -ekspert Vüqar Bayramovun sözlərinə görə,
avronun dollara nisbətən məzənnəsinin yüksəlməsi
ABŞ-da 5 aylıq iqtisadi yekunların elan edilməsi ilə
bağlıdır:”Belə ki, Amerikada iqtisadi yekunların
elanından sonra bəlli oldu ki, son 5 ayda bu ölkədə
işsizlik problemi dərinləşməkdədir. İqtisadi
inkişafla bağlı proqnozlar, 5 aylıq yekun Amerikada
böhranın başa çatması və dayanıqlı iqtisadi
inkişafın bərqərar olması istiqamətində proqnozları
alt-üst edib. Amerika iqtisadiyyatında müşahidə
olunan problemlər dolların avroya nisbətən
məzənnəsinin düşməsinə gətirib çıxarıb”.
Ekspert bildirir ki, 2 iki gün ərzində avronun
məzənnəsi dollara nisbətən hiss edilən dərəcədə
yüksəlib: “Avronun dollara nisbətən yüksəlməsi bu
valyutanın manata nisbətən də məzənnəsinin yüksəlməsinə
gətirib çıxarıb. Əgər ötən ay Mərkəzi Bank 1 avronu
95 qəpiyə alıb- satırdısa, bu gün 1 avro almaq üçün
1 manat 1 qəpik ödəmək lazımdır”.
V.Bayramov deyir ki, avronun məzənnəsinin
yüksəlməsi daha çox ABŞ-da elan olunan iqtisadi
yekunlarla bağlı olsa da, bu həm də Avropa
iqtisadiyyatında müəyyən canlanma meyillərinin
müşahidə olunması, Avropa Birliyinin avronun
məzənnəsinin möhkəmlənməsi istiqamətində konkret
addımlar atması ilə əlaqədardır: “Ötən ayın sonunda
Avropa Birliyi avronun məzənnəsinin qorunub
saxlanması, stabilləşməsi üçün xüsusi fondun
yaradılması yönündə qərar qəbul etdi. Həmin fonda
yarım trilyon avroya yaxın vəsaitin yönəldilməsi
nəzərdə tutuldu.Artıq fonda vəsaitlərin cəlb
olunması prosesi başa çatmaq üzrədir. Həmçinin
Avropa Birliyi Estoniyanın avrozonaya cəlbi ilə
bağlı qərar qəbul edib. Artıq gələn ilin yanvar
ayının birindən Estoniya avrozonanın 17-ci üzvü
olacaq. Hansıki, bu da avronun məzənnəsinin
möhkəmlənməsinə psixoloji təsir göstərdi”.
İqtisadçı hesab edir ki, Amerika iqtisadiyyatında
müşahidə edilən problemlər, eləcə də Avropada
müəyyən canlanma meyillərinin yaradılması, böhranın
da çox müşahidə olunduğu Yunanıstanda bir sıra
dövlət müəssisələrinin özəlləşdirilməsi yönündə
qərarlar və böhrandan çıxış üçün dövlət səhmlərinin
buraxılması avronun mövqelərinin möhkəmlənməsinə
pozitiv təsir göstərib: “İqtisadi və Sosial İnkişaf
Mərkəzi avronun məzənnəsinin iyul ayında müəyyən
qədər möhkəmlənəcəyi yönündə proqnoz vermişdi.
Əslində bu proqnoz Amerikanın 5 aylıq yekunlarında
müəyyən iqtisadi problemlərin, o cümlədən bu ölkənin
iqtisadiyyatı ilə bağlı narahatçılıq meyillərinin
üzə çıxacağı istiqamətində gözləntilərə
əsaslanırdı. Eyni zamanda
valyuta bazarında bazarında müəyyən spekulyatıv
məzənnə aşağı salmalarından sonra məzənnənin
yüksəlməsi müşahidə edilir təbii olaraq”
Ekpertin sözlərinə görə, bütövlükdə avronun
məzənnəsinin dəyişməsi həm Amerika Birləşmiş
Ştatları, həm Avropa Birliyində elan edilən
yarımillik yekunlardan asılı olacaq:” Güman edilir
ki, artıq iyulun sonunda avronun dollara nisbətən
məzənnəsi ilə bağlı tam proqnoz vermək mümküm
olacaq. Çünki yarımillik yekunlar avronun dollara
nisbətən uzunmüddətli məzənnəsinin formalaşmasına
gətirib çıxaracaq. Yaxın vaxtlarda avro indiki
mövqeyini qoruyub saxlamağa çalışacaq. İyulda
avronun məzənnəsinin dollara nisbətən kəskin
azalması gözlənilmir”.
|