|
Güzəştli
ipoteka kreditlərinin verilişi dayandırılır
Vüqar
Bayramov: “Yaxın vaxtlarda adi ipoteka kreditlərinin
verilməsində də problemlərin olacağı mümkündür”.
Güzəştli ipoteka kreditlərinin verilişi iyul ayından
etibarən dayandırılacaq. Mərkəzi Bank rəhbərliyinin
son açıqlamalarına görə, bu İpoteka Fondunun dövlət
büdcəsindən ayrılan vəsaiti xərcləyib qutarması ilə
bağlıdır. Praktiki fondda güzəştli ipoteka
kreditlərinin verilməsi üçün vəsait qalmayıb.
Məlumat üçün bildirək cari ilin büdcəsindən güzəştli
ipoteka kreditlərinin verilişinə 14 milyon manat
vəsait nəzərdə tutulub. Güzəştli ipoteka kreditləri
illik 4 faizlə maksimum məbləğ 35 min manat olmaqla
30 illiyinə verilir. Kredit götürülərkən ilkin
ödəniş 15 faiz təşkil edir.
Hazırda İpoteka Fondunun iki növ ipoteka krediti
həyata keçirdiyini vurğulayan iqtisadçı-ekspert
Vüqar Bayramov bidlririr ki, güzəştli ipoteka
kreditləri büdcədən ayrılan vəsait, adi ipoteka
kreditləri isə fondun yerləşdirdiyi istiqlarzlardan
əldə olunan gəlirlər hesabına verilir: “ Güzəştli
ipoteka kreditlərinin dayandırılması arzuolunan
deyil. Nəzərə almaq lazımdır ki, güzəştli ipoteka
kreditləri sosial layihədir. Prezidentin 23 yanvar
2007-ci il tarixdə təsdiq etdiyi “Güzəştli ipoteka
kreditlərinin verilməsi haqqında” fərmana əsasən
güzəştli ipoteka kreditləri sosial təbəqələrə
verilir. Hansıki, buraya məcburi köçkünlər, şəhid
ailələri, elmi dərəcəsi olanlar, hərbi qulluqçular,
sərhəd qoşunlarında çalışanlar və sair sosial
qruplar daxildir. Adıcəkilən qrupun yüksək faizlə
kredit götürüb mənzil almaq imkanları məhduddur”.
V.Bayramov qeyd edir ki, güzəştli ipoteka
kreditlərinin verilişinin dayandırılması
Azərbaycanda həyata keçirilən sosial layihələrdən
birinin dayandırılması deməkdir: “Güzəştli ipoteka
kreditlərinin dayandırılması nə iqtisadi, nə də
sosial baxımdan əsaslandırıla bilməz. Düzdür, dövlət
büdcəsindən güzəştli ipoteka kreditlərinin
verilməsinə ayrılan vəsaitlərin həcmi məhduddur.
2009-cu ildə bu istiqamətə 14 milyon manat vəsait
ayrılıb. 2010-cu ildə də həmin məbləğdə vəsait
nəzərdə tutulub. İpoteka Fondunun qısa müddətdə
dövlət büdcəsindən güzəştli ipoteka kreditlərinin
verilməsi üçün ayrılan vəsaiti xərcləməsi həm də
ondan xəbər verir ki, bu qurum vəsaitlərin
xərclənməsi ilə bağlı limitlər müəyyənləşdirməyıb,
yeni mexanizimlərin tətbiqini həyata keçirməyib.
Hansıki, güzəştli ipoteka kreditlərinin verilməsi
üçün ayrılan vəsait 2010-cu il üçün nəzərdə tutulan
vəsaitdir. O baxımdan həmin vəsaitin cari ilin
birinci yarısında deyil, il ərzində xərclənməsi
olduqca vacibdir. Digər tərəfdən adi ipoteka
kreditlərindən fərqli olaraq güzəştli ipoteka
kreditləri sosial qruplar üçün nəzərdə tutulduğundan
bu kreditlərin verilməsi daha əhəmiyyətlidir”.
Adi ipoteka kreditlərinin faiz dərəcələrinin 8,
güzəştli ipoteka kreditlərinin faiz dərəcələrinin
isə 4 fazi təşkil etdiyini xatırladan ekspert
bildirir ki, güzəştli ipoteka kreditindən istifadə
etmək hüququna malik olanların adi ipoteka
kreditlərindən istifadə etməsi iqtisadi baxımdan
mümkün deyil: “Azərbaycanda həyata keçirilən adi
ipoteka kreditlərinin faiz dərəcələri olduqca
yüksəkdir.Hətta qonşu Türkiyədə vətəndaşlara adi
ipoteka kreditləri 4,5 faizlə verilir. Kanadada isə
2 fazidən artıq deyil. Bunları nəzərə aldıqda
güzəştli ipoteka kreditləri dayandırıldıqdan sonra
güzəştli ipoteka kreditindən istifadə etmək hüququna
malik olanların adi ipoteka kreditlərindən istifadə
edəcəyi ağılabatan deyil”.
V.Bayramov hesad edir ki, Mərkəzi Bank güzəştli
ipoteka kreditlərini dayandırmaq əvəzinə bu
kreditlər üçün maliyyə mənbələri tapsa daha
məqsədəuyğun olar: “Əslində Mərkəzi Bankın yanındakı
İpoteka Fondunun əsas fəaliyyəti ipoteka
kreditlərinin verilməsində dövlət büdcəsindən
asılılığın aradan qaldırılmasını təmin etməkdir.
Müqayisə üçün bildirim ki, Litva İpoteka Fondunun
nizamnamə kapitalı 2,5 milyard dollardır. Bunun da
90 faizi büdcədənkənar mənbələr hesabına
formalaşır. O baxımdan İpoteka Fondunun büdcədən
kənar mənbələr hesabına ipoteka kreditləşməsi həyata
keçirməsi olduqca vacibdir. Güzəştli ipoteka
kreditlərinin dayandırılması göstərir ki, sosial
ipotekalar büdcənin imkanlarından asılıdır. Adi
ipoteka kreditlərinin verilməsi üçün tətbiq edilən
mexanizm də qəbul edilən deyil”.
İpoteka Fondunun adi ipoteka kreditlərinin
verilməsi üçün ipoteka istiqrazlarının
yerləşdirilməsi hesabına maliyyə mənbələri əldə
etdiyini söyləyən iqtisadçı bunu davamlı hesab
etmir: “İllik faiz dərəcəsi 3 faiz təşkil edən
istiqrazların yerləşdirilməsindən uzunmüddətli gəlir
əldə edilməsi mümkün deyil. Güzəştli ipoteka
kreditlərinin dayandırılması ilə yanaşı yaxın
vaxtlarda adi ipoteka kreditlərinin verilməsində də
problemlərin olacağı mümkündür”.
Mütəxəssisin fikrincə, Güzəştli ipoteka
kreditlərinin dayandırılması İpoteka Fondu üçün
siqnal hesab olunmalıdır: “Kreditlərin verilişinin
dayanıqlı olması üçün fond büdcə və büdcədənkənar
maliyyə mənbələri hesabına resursların cəlb
edilməsinə cəhd göstərməlidir”.
|