|
Neft Fondundan büdcəyə transfertlərin
həcmi 5,9 milyard manata çatdırılır
Vüqar Bayramov: “Artırılan xərclər
real sektorda canlanmanın yaranması üçün iqtisadi
əsaslar formalaşdırmır”
Azərbaycan hökuməti 2010-cu ilin büdcəsini 15 faiz
artırmağa hazırlaşır.
Milli Məclisin İqtisadi siyasət komitəsinin üzvü
Nazim Məmmədovun ANS TV-yə verdiyi məlumata görə,
büdcəyə ediləcək dəyişiklərdə gəlirlərin 15 faiz və
ya 1 milyard 490 milyon manat, xərclərin isə 9 faiz
və ya 1 milyard 11 milyon manat artırılması nəzərdə
tutulur. Bununla da büdcənin gəlirləri 11, 5 milyard
manata, xərcləri isə 12,3 milyard manata çatacaq.
Nəticədə büdcənin kəsiri 478 milyon manat
azaldılacaq. Gəlir artımının 490 milyon manatı
Vergilər Nazirliyi, 1 milyard manatı isə Dövlət Neft
Fondundan transferləri hesabına formalaşacaq. Bu
məqsəd üçün ayrılacaq 608 milyon manatın 400 milyon
manatdan çoxu ölkənin təhlükəsizlik və müdafiə
qabiliyyətinin artırılması tədbirlərinə
yönəldiləcək. Sel və daşqınların yaratdığı
fəsadların aradan qaldırılması da büdcə xərclərində
dəyişikliklərə səbəb olub. Bu il hökumət Kür və Araz
çaylarında yaranmış təbii fəlakətin aradan
qaldırılmasına və gələcəkdə belə halların qarşısının
alınmasına 300 milyon manat ayıracaq. Hökumət sosial
xərcləri isə 100 milyon manat artırmaq
niyyətindədir.
Bu arada əlavə
və dəyişikliklər nəticəsində büdcədə neftin baza
qiymətinin 45 dollardan 60 dollara qədər artırılması
da
istisna edilmir.
Onu da qeyd
edək ki, 2010-cu il dövlət büdcəsinə əlavə və
dəyişikliklərlə bağlı qanun layihəsinə Milli
Məclisin iyunun 18-də keçiriləcək növbədənkənar
iclasında baxılacaq.
Büdcə dəyişikliklərinə münasibət bildirən
iqtisadçı-ekspert Vüqar Bayramov hesab edir ki,
büdcəyə dəyişikliklər mütərəqqi addım olsa da belə
gəlirlər və xərclər hissəsinə olunacaq əlavələrlə
bağlı təkliflərin bir qismi iqtisadi baxımdan
əsaslandırılmayıb: “Düzdür, neftin dünya bazar
qiymətinin 70 dollar təşkil etməsinə rəğmən neftin
baza qiymətinin büdcədə 45 dollardan nəzərdə
tutulması büdcəyə əlavə və dəyişiklikləri zəruri
edir: 2010-cu ilin büdcə müzakirələri zamanı neftin
baza qiymətinin 45 dollardan götürülməsi səhv addım
idi.İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ o zaman
bunu hökümətin səhvi kimi qiymətləndirmişdi. Əslində
ötən müddət də göstərdi büdcədə neftin 1 barelinin
45 dollardan nəzərdə tutulması 2010-cu ilin
büdcəsinin real büdcə olmasına imkan vermir. O
baxımdan təbii büdcəyə dəyişikliklərə ehtiyac var .
Lakin biz Dövlət Neft Fondundan büdcəyə
transfertlərin həcmində azalmaların edilməsini
təklif edirdik. İlkin büdcə layihəsində fonddan
2010-cu ilin dövlət büdcəsinə 4,9 milyard manat
vəsaitin transfert edilməsi planlaşdırılmışdı. Son
dəyişikliklərdən sonra fonddan büdcəyə yenidən 1
milyard manat transfert olunacaq”.
Mütəxəsiss bildirir ki, 2010-cu ildə Neft Fondundan
büdcəyə transfertlərin həcmi 5,9 milyard manata
çatacaq: “Əlavə dəyişikliklərdən sonra büdcənin
gəlirlər hissəsinin 11, 5 milyard manata
çatdırılması nəzərdə tutulur. Bu isə o deməkdir ki,
büdcənin gəlirlərinin yarıdan çoxu Neft Fondunun
transfertləri hesabına formalaşacaq. Son
dəyişikliklər büdcənin Neft Fondundan asılılığını
daha da artıracaq. Büdcə ilə fond arasında
münasibətlər nə qanunvericilik, nə də dünyada tətbiq
edilən standartlar baxımından doğru
müəyyənləşdirilməyib. Əgər büdcənin yarısı Neft
Fondu hesabına formalaşırsa, o zaman bu qurumun
statusuna yenidən baxılması olduqca vacibdir”.
V.Bayramovun rəyinə görə, son əlavə və
dəyişikliklrədən sonra Neft Fondunun statusu və
əhəmiyyəti xeyli dərəcədə aşağı düşmüş olacaq.
Yeri gəlmişkən, dəyişikliklər nəticəsində
büdcənin xərclər hissəsi 12,3 milyard manata
çatdırılacaq. Buna baxmayaraq ekspert xərclərin
strukturunun real sektorda canlanmaya əsas
yaratmayacağını deyir: “Xərclərin strukturu göstərir
ki, artırılan xərclər real sektorda canlanmanın
yaranması üçün iqtisadi əsasları formalaşdıra
bilmir”
|