|
Sərt məzənnə siyasəti
qeyri-neft sektorunun inkişafını tormuzlayır
Vüqar Bayramov: “Mərkəzi Bankın mərhələli olaraq
yumşaq devalvasiyaya getməsi vacibdir”
Mərkəzi Bankın məlumatına görə, Azərbaycanda avronun
manata nisbətən rəsmi məzənnəsi son 8 ildə ən aşağı
səviyyəyə düşüb. İyunun 7-də Avropa valyutasının
manata nisbətən rəsmi məzənnəsi 95,6 qəpik müəyyən
edilib. Bu, 26 oktyabr 2002-ci ildən bəri ən aşağı
göstəricidir. Həmin tarixdə 1 avro 95,3 qəpiyə
(4766,98 AZM) bərabər olub. Cari ildə avro manata
nisbətən 17,4% ucuzlaşıb. 2010-cu ilin 6 ayı ərzində
avronun kursu 1,1575-dən 0,9561 manata düşüb. Bu isə
o deməkdir ki, hər 100 avro 5 ay ərzində dəyərini ən
azı 20 manat itirib.Diqqəti çəkən avronun manata
nisbətən məzənnəsinin dəyərdən düşdüyü halda manatın
dollara nisbətən məzənnəsində dəyişikliyin baş
verməməsidir Manatın möhkəmlənməsi Mərkəzi Bankın
məzənnə siyasətində dəyişiklik etməsi yönündə
təkliflərin səsələndirilməsinə səbəb olub.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, bu
gün manatın
məzənnəsinin dollara nisbətən dəyişməməsi və
avronun dollara nisbətən məzənnəsinin düşməsi
manatın möhkəmlənməsinə gətirib çıxarıb: “Manatın
avroya nisbətən möhkəmlənməsi Azərbaycan yerli
istehsalçılarının ixrac qabiliyyətini məhdudlaşdırır.
Eləcə də bu, qeyri neft sektorunun inkişafı üçün stimul
yaratmır”.
Məlum olur ki, qeyri-neft sektorunda istehsal edilən
məhsulların xarici bazarlarda rəqabət aparmaq
imkanları kifayət qədər məhduddur. Mütəxəssisin
fikrincə, hazırki şəraitdə Mərkəzi Bankın məzənnə
siyasətinə dəyişiklik etməsinə və məzənnə siyasətini
yenidən işləməsinə ehtiyac var: “Söhbət heç də
Mərkəzi Bankın ciddi devalvasiyaya getməsindən
getmir. Lakin bütün hallarda bankın yumşaq
devalvasiyası - manatın məzənnəsini mərhələli olaraq
dollara nisbətən müəyyən qədər azaltması qeyri-neft
sektorunu stimullaşdıra bilər”. “Yumşaq məzənnə
siyasəti manata olan inamın azalmasına gətirib
çıxarmayacaq” söyləyən ekspert bildirir ki, söbət
kəskin məzənnə dəyişikliyindən getmir: “Nəzərə alsaq
ki, dövlət gəlirləri əsasən neft satışından daxil
olan vəsaitlər hesabına formalaşır, neft strateji
məhsul olaraq dollara satıldığı üçün bu eyni zamanda
hökümətə əlavə maliyyə resursları əldə etmək
imkanları verir”.
V.Bayramov bildirir ki, indiki məzənnə siyasəti ilə
qeyri-neft sektorunu davamlı olaraq inkişaf etdirmək
mümkün deyil: “Azərbaycan kimi qeyri neft
sektorunun inkişafında maraqlı olan ölkədə 1 avronun
1 manatdan aşağı olması kifayət qədər
məfidir.Bütövlükdə MDB-nin hətta neft ölkələrini –
Rusiya və Qazaxıstanı götürsək, Azərbaycanda olduğu
kimim onların heç birində sərt məzənnə siyasəti
həyata keçirilmir. Başqa tərəfdən inkişaq etməkdə
olan ölkələrdə avro hətta dollara nisbətən məzənnədə
yerli valyuta üstün olmur. Adətən yerli valyutanın
dollar və avroya münasibəti məzənnə baxımından onun
üstünlüyü ilə bağlıdır. Çünkı, inkişaf etməkdə olan
ölkələr qeyri neft sektorunun inkişafında
maraqlıdırlar. Məzənnə siyasəti baxımından
Azərbaycan MDB-də ən sərt məzənnə siyasəti həyata
keçirən ölkədir. Bu gün əslində qeyri-neft
sektorunun inkişafının neft sektoru ilə müqayisədə
geri qalmasının əsas səbəblərindən biri
Azərbaycanda həyata keçirilən məzənnə siyasətinin
ölkənin iqtisadi inkişaf pioritetlərinə
uyğunlaşdırılmamasıdır”.
Ekspert hesab edir ki, məzənnə siyasətinin iqtisadi
inkişaf pioritetlərinə uyğunlaşdırılmasına ehtiyac
var: “Məzənnə siyasəti qeyri-neft sektorunun
inkişafı üçün həllediici təsirlədə malikdir. Mərkəzi
Bank məzənnə siyasətinə yenidən baxmasa, yumşaq
məzənnə siyasətinə keçməsə, hazırki siyasət qeyri
neft sektorunu stimullaşdırmamaqla yanaşı, idxalçı
ölkə kimi Azərbaycanın xarici bazardan asılılığını
artıracaq. Yerli iş adamları ölkə daxilində
istehsaldan daha çox məzənnə siyasətinin diqtə
etdiyi şəkildə xaricdən məhsul idxal edəcəklər”.
|