|
Problemli kreditlər 365
milyon manatı ötdü
“Kredit götürüb qaytara
bilməyənlərə müəyyən güzəşt müddəti verilməlidir”
Aprel ayında ölkə üzrə vaxtı keçmiş kreditlərin
həcmi 9,3 milyon manat artıb. Mərkəzi Bankın
məlumatına görə, göstərilən tarixdə problemli
kreditlərin ümumi kreditlərdə payı 4,2% təşkil
edib.Cari ilin aprelində vaxtı keçmiş kreditlərin
həcmi 2,6% artaraq 365,2 milyon manata çatıb. Mart
ayında belə kreditlər 355,9 milyon manat təşkil edib.
2009-cu ilin aprel ayı ilə müqayisədə vaxtı ötmüş
kreditlər 2 dəfəyədək artıb. 2010-cu ilin 4 ayı
ərzində isə onların həcmi 20% artıb. 2009-cu ilin
sonuna bu göstərici 303,5 milyon manata bərabər olub.
Mütləq həcm etibarilə artıma baxmayaraq cəmi
kreditlərdə payı sabit – 4,2% səviyyəsində qalıb.
Problemli kreditlərin 63,5%-i və ya 231,9 milyon
manatı milli, 36,5%-i və ya 133,4 milyon manatı
xarici valyutaların payına düşüb. Problemli
kreditlərdə qısamüddətli kreditlərin payı 47,8%,
uzunmüddətli kreditlərin payı 52,2% olub. Bu
kreditlərin həcmi müvafiq olaraq 174,7 milyon və
190,5 milyon manat təşkil edib.
Bu arada problemli kreditlərin artması bankların
borclananlara qarşı sətr addımlar atmasına gətirib
çıxarıb. Hazırda bankların pulunu vaxtında
qaytarmayanlar bunun ziyanını azı 4-5 il hiss
edirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin açıqlamasına
görə, problemli kreditlərin yaranması və
çoxalmasında bankların rolu kifayət qədər böyükdür.
Bankların maliyyə böhranından əvvəlki dövrlərdə
-2006-2008-ci illərdə MDB ölkələri arasında ən
yüksək faizlə kreditlər təklif etdiklərini
söyləyən mərkəz ekspertləri deyir ki, bəzi
dövrlərdə istehlak kreditlərinin faiz dərəcəsi 35
faizə qədər yüksəlib: “35 faizlə verilən kreditlərin
geri qaytarılması imkanları olduqca məduddur.Banklar
qısa müddətdə daha çox gəlir əldə etmək üçün yüksəf
faizlə kreditlər verirlər. Nəticədə bank müştəriləri
aldıqları kreditləri geri qaytarmaqda çətinlik
çəkirlər”.
Mütəxəssislər düşünür ki, problemli kreditlərin
çoxalmasını yalnız borclananların ayağına yazmaq
düzgün deyil: “İstehlak kreditlərinin
qaytarılmasında müşahidə edilən problemlər və
yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən
vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə
deyil, eyni zamanda, kommersiya banklarının uzun
müddət kifayət qədər bahali kredit siyasəti həyata
keçirməsi ilə bağlıdır. 2009-cu ilin ortalarından
başlayaraq problemli kreditlərin həcmində artımlar
müşahidə edilir. Ötən ilin ortalarında problemli
kreditlərin payı bank aktivlərinin 2,7 faizini
təşkil edirdisə, bu rəqəm artıq 5 faizə çatıb.
Beynəlxalq standartlara görə problemli kreditlərin
payı bank aktivlərinin 3 faizindən çoxdursa, bu
artıq kritik həddir. Kommersiya bankları üçün ciddi
baş ağrısıdır”.
Ekspertlərin sözlərinə görə, məsələ yalnız problemli
kreditlərin həcmi ilə bağlı deyil: “Problemin bir
tərəfi də kreditlərin məbləğində müşahidə edilən
artımlardır. Problemli kreditlərin həll edilməsi
üçün mexanizm yoxdur”.
Problemli kredit məsələsinin necə həll edilməsinə
gəlincə, kommersiya banklarının bu istiqamətdə
addımlar atmadığı vurğulanır: “Bankların kreditlərin
verilməsi ilə bağlı qiymətləndirmələri qısa müddəti
əhatə edir.Onlar uzunmüddətli dövr üçün kreditlərin
qiymətləndirmə və ya qaytarılma mexanizmini
müəyyənləşdirə bilmirlər. Problemin digər tərəfi,
bankların kreditlər qaytarıla bilməyəndə girov
şəklində olan avtomobil və ya mənzili satacaqlarını
güman etmələridir. Bununla dəyən ziyanın
ödəniləcəyini düşünürlər. Amma böhrandan sonra həm
əmlak, həm də avtomobil bazarında müşahidə edilən
durğunluq praktiki banklara girovu sataraq dəyən
ziyanı ödəməyə imkan vermir”.
Mütəxəssislər deyir ki, problemli kreditlər yalnız
Azərbaycanda deyil, Ukrayna, Rusiya, Qazaxıstanda
bank sektorunda müşahidə edilən ciddi
problemlərdəndir.İSİM ekspertləri problemli
kreditlərin həlli istiqamətində addımların
atılmasına ehtiyac olduğunu düşünürlər: “ Təəssüf
ki, banklar problemli kreditlər məsələsini inzibati
yollarla həll etməyə çalışırlar ki, bu da effektli
deyil.Banklar Assosiasiyası kreditləri qaytarmayan
vətəndaşların ölkəni tərk etməsinə qadağaların
müəyyənləşdirməsi yönündə parlamentə, Nazirlər
Kabinetinə müraciət edib”.
İSİM ekspertləri bildirir ki, vərtəndaşlara, kredit
götürənlərə inzibati metodları tətbiq etməklə
problemli kreditlər məsələsini həll etmək mümkün
deyil: “Krediti qaytara bilməyən vətəndaşların
ölkədən çıxmasına qadağalar qoyulsa da belə bu,
problemli kreditlərin həll edilməsi demək
olmayacaq.Vətəndaşın ödəmə imkanı yoxdursa, onun
ölkədə qalması krediti qaytarması anlamına gəlmir.
Başqa tərəfdən dünyanın hər hansı yerində kredit
borcu olan vətəndaşın ölkəni tərk etməsi ilə bağlı
qadağalar mövcud deyil.Problemin inzibati yolla
həlli problemin dərinləşməsinə gəirib çıxara bilər”.
Qeyd olunur ki, Rusiyada problemli kreditlər
məsələsinin aradan qaldırılması üçün dövlət
səviyyəsində addımlar atılır: “Bu ölkənin Nazirlər
Kabinetinin qərarı ilə krediti qaytarmaq imkanı
olmayan, böhran nəticəsində sosial vəziyyəti
ağırlaşan insanlar üçün kreditləri qaytarmaqla bağlı
güzəşt müddəti müəyyən edilib.Güzəşt müddətində
vətəndaşlar sosial vəziyyətlərini yaxşılaşdıraraq
sonrakı müddətdə krediti qaytarmaq imkanı
qazanırlar. Azərbacanda problemli kreditlərin həlli
üçün Rusiya variantı daha məqsədəuyğundur”.
İSİM ekspertləri bütün hallarda hökümətin
müdaxiləsinə ehtiyac olduğunu deyirlər: “Kredit
götürüb qaytara bilməyənlərə müəyyən güzəşt müddəti
verilməlidir. Hansıki bu müddətdə vətəndaşların
sosial vəziyyətinin yaxşılaşdırılması mümkündür.
Ondan sonra onlar borclarını qaytara bilrələr. Belə
bir bir müddətin müəyyən edilməsi həm də bankların
öz gəlir və xərclərini proqnozlaşdırmaq imkanına
malik olmaları baxımından vacibdir. Banklar virtual
olsa da belə öz gəlirlərini proqnozlaşdıran zaman
problemli kreditləri də gəlirlərinə daxil edirlər.
Bu isə bankların gəlir və xərc təhvilinin düzgün
aparılmasına imkan vermir”.
Mütəxəssislər hesab edir ki, problemli kreditlərlə
bağlı güzəşt müddəti müəyyən olunarsa, bu eyni
zamanda likvidliklərini artırmaq üçün bankların
digər mənbələrə müraciət etməsinə də gətirib
çıxaracaq.
|