|
|
|
|
Ölkədə bahalıq gözlənilir
Kənd
təsərrüfatı məhsullarının dəyəri artacaq
Aran bölgəsində baş verən daşqınlar kənd
təsərrüfatına ciddi ziyan vurub. Hazırda zərərin
miqdarı açıqlanmasa da dövlət qurumları
araşdırmaların aparıldığını deyirlər. İlkin məlumata
görə, fəlakət təxminən 51 min hektar əkin sahəsini
əhatə edib. 21 min 500 hektar taxıl zəmisi, 22 min
200 hektar yonca, 2650 hektar kartof, 2400 hektar
tərəvəz, 1500 hektar pambıq, 80-100 hektar şəkər
çuğunduru və 710 hektar bostan su altında qalıb. 126
baş iribuynuzlu, 300 baş xırdabuynuzlu heyvan və 57
min baş quş tələf olub. Bu arada daşqınların qiymət
artımlarına yol açacağı istisna olunmur. Artıq tikinti,
istehlak bazarlarında müəyyən qiymət artımları baş
verməkdədir. Ən pisi isə bu artımların davamlı
olacağının istisna edilməməsidir. Belə ki, ilin
sonuna doğru bahalaşma sürətlənəcək.
Iqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov kənd təsərrüfatına dəyən ziyanın kiçik
rəqəmlərlə ölçülmədiyini deyir: “Daşqınlar tam
aradan qalxmadığından hesablamalar aparılmayıb.
Lakin ilkin rəqəmlər ziyanın böyük olduğunu göstərir.
Nəzərə alsaq ki, daşqınların baş verdiyi bölgələrin
əhalisinin əsas məşğuliyyəti kənd təsərrüfatı
məhsullarının istehsalıdır bu mövsüm sözügedən
bölgədən paytaxt bazarlarına əvvəlki illərdəki
həcmdə məhsul çıxarılmayacaq. Başqa tərəfdən Aran
rayonları məsafə baxımından şəhərə daha yaxındırlar.
Həmin bölgələrdə məhsul qıtlığı səbəbindən paytaxt
bazarlarının təhcizatçısı rolunda daha uzaq rayonlar
oynaya bilər. Çatdırılma və digər xərcləri maya
dəyərinə əlavə etsək bu bölgələrin məhsulları Aran
rayonlarında istehsal olunan məhsullardan baha
qiymətə satılacaq”.
Ekspert sözlərinə görə, ilin ikinci yarısında
Azərbaycanda ciddi qiymət artımları gözlənilir.
Çünki, daşqınların yalnız iqtisadi deyil psixoloji
təsirləri də var:”İyul ayından başlayaraq istehlak
bazarında bir sıra məhsulların, eləcə də ərzağın
qiymətində artımlar müşahidə ediləcək. Kənd
təsərrüfatı məhsullarının qiyməti əvvləki illə
müqayisədə yüksək olacaq. Bu həm də fermerlərin
vaxtında subsidiyaları ala bilməmələrindən irəli
gəlir. Yaranmış vəziyyət əkinlə bağlı müəyyən
problemlər yaratdı . Belə ki, əkin sahələri və
məhsul istehsalı azaldı. Bu sektorda paytaxt
bazarlarına çıxışla bağlı maneələr qalmaqdadır.
Güman edilir ki, həmin kənd təsərrüfatı sektorunda
inhisarın qalması, bir sıra məhsulları üzrə əkin
sahələrinin azalması, iqlim faktoru kənd təsərrüfarı
məhsullarında bahalaşması ilə nəticələnəcək. Bu
arada neftin qiymətinin artması dövlət büdcəsinə
yenidən baxılmasını gündəmə gətirib. Əgər may ayında
büdcəyə yenidən baxılarsa və büdcəyə əlavə,
dəyişikliklər olunarsa, büdcə vasitəsi ilə
maliyyələşdirilən investisiya layihələrinə vəsait
ayrılması barədə qərar qəbul edilərsə, bu pul
dövriyyəsinin şişməsinə, nəticədə bahalaşmaya səbəb
olacaq.
|