|
Hökumət iyunda büdcəyə dəyişiklik edəcək
Vüqar Bayramov:
“Dəyişikliklər bir sıra sektorlarda canlanmanın
yaranmasına gətirib çıxaracaq”
Azərbaycan hökuməti 2010-cu ilin büdcəsinə
dəyişikliklərə hazırlaşır. Maliyyə naziri Samir
Şərifov parlamentin iqtisadi siyasət komitəsinin
iclasında bildirib ki, ölkə rəhbərliyi bununla bağlı
tapşırıq verib və artıq müzakirələrə başlanıb.
2010-cu ilin büdcəsi hazırlanarkən hökumətin
konservativ siyasətə əsaslandığını xatırladan
maliyyə nazirinin sözlərinə görə, ehtiyatlılıq özünü
doğruldub və ilin əvvəlindən büdcədə profisit
yaranıb. Samir Şərifov büdcə gəlirləri və
xərclərinin nə qədər artırılacağını açıqlamasa da,
sənədə dəyişikliklərin iyunda ediləcəyini bəyan edib.
Qeyd edək ki, cari ilin 1-ci rübündə büdcədə 467
milyon manatlıq profisit yaranıb.Onu da xatırladaq
ki, maliyyə naziri və eləcə də
Milli Məclisin İqtisadi Siyasət Komitəsinin sədri
Ziyad Səmədzadə bundan əvvəlki açıqlamalarında
2010-cu ilın dövlət büdcəsinə dəyişiklik
edilməyəcəyini və buna ehtiyac olmadığını
bildiriblər.
Nəzərə çatdıraq ki, dəyişikliklər büdcənin əsas
göstəricilərdən biri olan neftin baza qiymətinin 45
dollar/barel səviyyəsində götürülməsi səbəbindən
zəruri hesab edilir. Çünki, neftin büdcə qiyməti
təkcə cari ilin əvvəlindəki ortalama qiymətdən
təxminən 1,6 dəfə az olub.
İqtisadi
və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar Bayramov
bildirir ki, hələ 2010-cu ilin dövlət büdcəsi təsdiq
edilən zaman cari ilin ortalarında maliyyə sənədinə
əlavə və dəyişikliklərin ediləcəyi ilə bağlı İSİM
tərəfindən proqnoz verilmişdi: “Lakin istər maliyyə
naziri, istərsə də parlamentin deputatları əlavə
dərişikliklərə ehtiyac olmadığını bildirirdilər.
Bununla belə İqtisadi və Sosial İnkişaf Mərkəzi büdcəyə
dəyişikliklərin edilməsi zəruriliyi ilə bağlı
açıqlama yaydı. Həmçinin dəyişikliklərin hansı
istiqamətləri əhatə etməsi ilə bağlı təkliflər
paketini ictimaiyyətə və hökümətə təqdim etdi”.
Ekspertin sözlərinə görə büdcəyə dəyişikliklər
olumaması iqtisadiyyatda neqativ təsirlərə gətirib
çıxara bilərdi: “Neftin
büdcədə qiymətinin aşagı ğötürülməsinin ən ciddi
neqativ tərəfi neft sektorundan büdcəyə daxil
olan vergilərin əvvəlcədən proqnozlaşdırmağa imkan
verməməsidir. Bu yalnız neft sektorundan daxil olan
vəsaitləri deyil, eyni zamanda verginin
proqnozlaşdırılmasına imkan vermir. Neftin büdcədə
qiymətinin aşağı götürülməsi hökümətə və parlamentə
imkan vermədi ki, 2010-cu ildə büdcəyə daxil olan
vergiləri öncədən doğru proqnozlaşdırsın. O baxımdan
dövlət büdcəsinə yenidən baxılması əlavə və
dəyişikliklərin edilməsi qaçılmaz idi.
Son rəsmi açıqlamadan
bəlli olur ki, büdcəyə dəyişiklik edilməsi ideyası
ölkə prezidentindən gəlir.Və gələn ay büdcəyə əlavə
və dəyişikliklərin ediləcəyi gözlənilir”.
Prezidentin təşəbbüsünün təqdirəlayiq olduğunu deyən
V.Bayramov bildirir ki, dəyişikliklərin əhəmiyyəti
president səviyyəsində daha düzgün başa düşülür
nəinki hökümət nümayəndələri tərəfindən: “Dövlət
başçısının dəyişikliklərlə bağlı göstəriş verməsi
həm də onu özündə ehtiva edir ki, prezident
nazirlərdən daha çox ekspertlərə inanır”.
Yeri gəlmişkən, İSİM rəhbəri dəyişikliklərin bir
sıra sektorlarda canlanmanın yaranmasına gətirib
çıxaracağı fikrindədir: “İyul ayında büdcəyə
dəyişikliklər olunması investisiya layihələrinə
ayrılan vəsaitlərin artmasına səbəb olacaq. Bu da
pul dövriyyəsinə daha çox vəsaitin daxil olmasına,
bir sıra sahələrdə, o cümlədən tikinti və bank
sektorunda durğunluğun yumuşalmasına gətirib
çıxaracaq”.
Ekspertin qənaətinə görə, əlavə və dəyişikliklər
etməklə 2010-cu ilin büdcəsinin neft sektorundan
asılılığını aradan qaldırmaq da mümkündür: “Eyni
zamanda sosial sferaya daha çox vəsaitin ayrılması
üçün maliyyə bazası yarada bilər.Çünki, qlobal
maliyyə böhranı ilə əlaqədar 2005-2008-ci llərdə
sosial sferaya ayırmalarda müşahidə edilən artımı
2009-cu ildə tam olaraq saxlamaq mümkün
olmayıb.Büdcəyə əlavə və dəyişikliklərin edilməsi
hökümətə sosial sferaya ayırdığı vəsaitlərin həcmini
artırmağa imkan verəcək”.
V.Bayramov dövlət büdcəsinin gəlirlərinə təxminən
2,5 milyard manat əlavə olunacağının güman
edildiyini vurğulayır:”Çünkü neftin dünya bazar
qiymətinin proqnozlaşdırılandan çöx olması büdcəyə
təxminən 2,5 milyard manatın daxil olmasına imkan
yaradır”.
Mütəxəsiss hesab edir ki, dəyişikliklər zamanı Neft
Fondundan büdcəyə transfertlərin həcmi 4,9 milyard
manatdan 2,4 milyard manata endirilməlidır:
“Praktiki bununla həm dövlət büdcəsinin Neft
Fondundan asılılığını aradan qaldırmaq mümkün olar,
həm də hökümət lüzumsuz investisiya layihələrinə
əlavə vəsait ayırmaz.Nəzərə almaq lazımdır ki,
qlobal maliyyə böhranı investisiya proqramlarına
vəsait ayırılan zaman ciddi maliyyə araşdırmalarının
və maliyyə təhlillərinin aparılmasını tələb edir. O
baxımdan arzuolunan deyil ki, büdcəyə əlavə və
dəyişikliklər olunan zaman Neft Fondundan büdcəyə
transfertlətin həcmi stabil saxlanılsın. Əgər əlavə
və dəyişikliklərdən sonra fonddan büdcəyə
transfertlərin həcmi 4,9 milyard manat
səviyyəsində saxlanılsa, o zaman büdcəyə olunan
dəyişikliklər 2010-cu ilin ikinci yarısında ölkədə
qiymətlərin qalxmasına gətirib çıxaracaq”.
İSİM rəhbəri bildirir ki, dövriyyədə pul kütləsinin
artması nəticə etibari ilə qiymətlərin qalxması və
2010-cu ilin 2-ci yarımilində Azərbaycanda kifayət
qədər ciddi inflyasiyanın yaranmasına səbəb ola
bilər: “Həm inflyasiyadan qaçmaq, həm vəsaitlərin
xərclənməsinin səmərəliliyini saxlamaq, həm də
dövlət büdcəsinin Neft Fondundan asılılığını aradan
qaldırmaq üçün fondan transfertlərin həcminin 2,5
milyard manat azadılması daha məqsədə uyğundur”.
Büdcəyə əlavələr zamanı əməkhaqqı və pensiyaların
bu il üçün nəzərdə tutulan məbləğində hər hansı
dəyişikliyin gözlənilməsinə gəlincə, V.Bayramovun
sözlərinə görə, bu istiqamətdə artımlar adətən ilin
2-ci yarısında reallaşdırılır. 2010-cu ildə ciddi
əməkhaqqı və pensiya artımı gözlənilmir. Çünki,
hələlik büdcədə qənaət prinsipi tətbiq olunur.
Bunula belə ekspert artımların olacağını güman edir:
“Əgər büdcəyə dəyişiklilklər olunarsa, Neft
Fondundan transfertlər stabil saxlanılarsa, o zaman
əməkhaqqı və pensiyalarda artımlar olacaq. Həmin
artımlar 2010-cu ilin sentyabr, oktyabr aylarına
təsadüf edəcək”.
|