|
Hökümət büdcəyə niyə
dəyişiklik etmək istəmir?
Ekspert bunu dəyişikliklər olunan zaman Beynəlxalq
Valyuta Fondunun Neft Fondundan transfertlərin
azaldılması təklifini irəli sürməsi ilə izah edir
Azərbaycanın 2010-cu il dövlət büdcəsinə dəyişiklik
edilməyəcək. Bunu açıqlamasında Milli Məclisin
İqtisadi Siyasət Komitəsinin sədri Ziyad Səmədzadə
bildirib.Komitə sədri büdcəyə dəyişikliklərin
edilməsinə ehtiyac olmadığını deyib.
Qeyd edək ki, 2010-cu il dövlət büdcəsinin gəlirləri
10 015 mln. manat, xərcləri 11 264 mln. manat, büdcə
kəsiri isə 1 249 mln. manat həcmində nəzərdə tutulub.
Büdcənin əsas göstəricilərdən biri olan neftin baza
qiyməti 45 dollar/barel səviyyəsində götürülüb ki,
bu da cari ilin əvvəlindən ortalama qiymətdən
təxminən 1,6 dəfə azdır. Bununla bağlı dövlət
büdcəsinin genişləndirilməsi məsələsi aktuallaşıb.
Müstəqil
ekspertlərin rəyinə görə, Azərbaycan hökümətinin,
eləcə də parlamentin 2010-cu ilin büdcəsində neftin
1 barelini 45 dollardan müəyyənləşdirməsi büdcənini
real proqnozlaşdırılmamasından xəbər verir. Hökümət
nə 2009-cu ildə, nə də 2010-cu ildə, dövlət
büdcəsini real proqnozlaşdırmayıb.
Yəni 2009-cu ildə dövlət büdcəsində neftin bir
bareli 70 dollar nəzərdə tutuldu. Lakin il ərzində
neftin dünya bazar qiyməti 56 dollar təşkil etdi.
Eyni zamanda 2010-cu ilin büdcəsində neftin qiyməti
45 dollardan götürülüb. Halbuki bu ilin birinci
rübündə neftin bazar qiyməti orta hesabla 75 dollar
oldu. Bu isə neftin dövlət büdcəsində
proqnozlaşdırılan qiymətindən 30 dollar çoxdur.
İqtisadçı-ekspert Vuqar Bayramov hesab edir ki,
2010-cu ilin dövlət büdcəsi proqnozlaşdırılan zaman
neftin 1 barelinin 45 dollardan götürülməsi səhv
addım idi. O zaman neftin 1 barelinin 45 dollar
olmayacağı ilə bağlı proqnozların verilməsinə,
xarici ekspertlərin 2010-cu ildə neftin dünya bazaar
qiymətinin artacağı ilə bağlı açıqlamalarına
baxmayaraq hökümət 2009-ci ildə büdcəni
proqnozlaşdıran zaman etdiyi səhvi tamamilə başqa
formada təkrarladı: “2009-cu ildə dövlət büdcəsində
1 barel neftin qiyməti heç bir əsas olmadan kifayət
qədər yüksək götürülmüşdü. 2010-cu ildə isə əksinə,
neftin qiyməti real bazar qiymətindən aşağı
götürüldü”.
Büdcəyə əlavə və dəyişikliklərin edilməsinin vacib
olduğunu deyən V.Bayramov parlamentin belə bir addım
atmağı planlaşdırmamasından təəssüfləndiyini söylədi:”
Büdcəyə nə üçün əlavə və dəyişikliklərin
edilməyəcəyi bağlı rəsmi açıqlama, eləcə də iqtisadi
izahat verilmir. Amma reallıq odur ki, dövlət
büdcəsinə əlavə və dəyişikliklərin olunmamasının bir
neçə mənfi təsirləri var. Əvvəla bu neft sektorundan
düdcəyə ödənilən vergilərin düzgün
proqnozlaşdırılmasına imkan vermir. Kifayət qədər
ciddi boşluqlar yaradır. Digər məqam əlavə və
dəyişikliklər edilməyincə büdcənin neft sektorundan
asılılığı davam edir”.
V.Bayramovun fikrincə, hökümət ona görə büdcəyə
əlavə və dəyişikliklər etmir ki, Beynəlxalq Valyuta
Fondu büdcəyə əlavə və dəyişikliklər olunan zaman
Dövlət Neft Fondundan büdcəyə transfertlərin
azaldılması təklifini irəli sürür: “Nəzərə alsaq ki,
2010-cu ildə büdcəsinin 65 faizi fondan transfertlər
hesabına formalaşacaq, büdcəyə dəyişikliklər
etməklə neft sektorundan transfertlərin həcmini
azaltmaq mümkündür. Neftin dünya bazar qiymətinin
artması nəticəsində neft sektorundan daxilolmaların
hesabına Neft Fondundan büdcəyə transfertlərin
həcmini 4,9 milyarddan 2008-ci ildə olduğu 2,7
milyard manata qədər azaltmaq olar. Cari ilin
büdcəsinə dəyişikliklər edilməməsi ondan xəbər verir
ki, 2010-cu ildə Neft Fondundan transfertlərin həcmi
olduğu kimi saxlanılacaq. Büdcə neft sektorunun
çiynində olacaq”.
Ekspert deyir ki, əlavə və dəyişikliklər etməklə
2010-cu ilin büdcəsinin neft sektorundan asılılığını
aradan qaldırmaq mümkündür: “Bunun digər iqtisadi
tərəfi ondan ibarətdir ki, dövriyyəyə daha çox
vəsaitin daxil olmasına imkan yaradacaq. 2009-cu
ildə təxirə salınan bir sıra investisiya
layihələrini bərpa etmək mümkündür. İnvestisiya
layihələrinə ayrılan vəsaitlərin artırılması
iqtisadiyyatda, xüsusilə bir sıra sektorlarda
müşahidə edilən durğunluğun aradan qaldırılmasına
gətirib çıxara bilər.Eyni zamanda sosial sferaya
daha çox vəsaitin ayrılması üçün maliyyə bazası
yarada bilər.Çünki, qlobal maliyyə böhranı ilə
əlaqədar 2005-2008-ci llərdə sosial sferaya
ayırmalarda müşahidə edilən artımı 2009-cu ildə tam
olaraq saxlamaq mümkün olmayıb.Büdcəyə əlavə və
dəyişikliklərin edilməsi hökümətə sosial sferaya
ayırdığı vəsaitlərin həcmini artırmağa imkan
verəcəkdi”.
Dəyişikliklərin psixoloji təsirlərindən söz açan
V.Bayramov bildirir ki, büdcənin gəlir və xərc
hissəsinin artırılması psixoloji olaraq bir sıra
sektorlarda canlanmanın yaranmasına gətirib çıxara
bilər: “Çünki bütün hallarda büdcəyə baxılırsa və
büdcə artırılırsa, bunun özəl sektora təsirləri var.
Büdcəyə olunan dəyişikliklər xüsusən tikinti, əmlak
və bank sektorlarında psixoloji təsirlərə malik
ola bilərdi”.
|