Neft gəlirlərindən səmərəli istifadə konsepsiyası hazırlanıb

İSİM  ekspertləri  vəsaitlərin saxlanması zamanı valyutaların seçilməsində yeni sistemin tətbiq olunmasını təklif edir

 

İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri (İSİM) Vüqar Bayramov Norveç Beynəlxalq Əlaqələr İnstitutunun (NUPİ) ekspertləri ilə birlikdə neft gəlirlərindən səmərəli istifadə konsepsiyasını hazırlayıb. Konsepsiyada neft gəlirlərindən istifadə vəziyyəti müqayisəli təhlil olunub. Eyni zamanda  təkliflər hazırlanıb. Hansıki, həmin təkliflər Azərbaycan hökumətinə təqdim edilib.

Konsepsiya barədə məlumat verən V.Bayramov bildirir ki, təklflərdə daxili investisiya siyasətinin  ayrıca işlənməsi əksini tapıb: “Bəzi fondlar (Norveç, Timor-Leste və s.) demək olar, bütün vəsaitlərini xaricdə investisiyaya yönəldirlər. Çili, Alyaska kimi fondlar da isə vəsaitlərin daxildə istifadəsi ilə bağlı xüsusi proqramlara malikdirlər. Bu baxımdan, ARDNF vəsaitlərindən də daxili investisiya məqsədi üçün istifadə edildiyi halda xüsusi proqramın və ya qaydaların qəbul edilməsinə ehtiyac var”. Norveçdə investisiya portfelinin tərkibi ilə bağlı xüsusi qaydalar olduğunu deyən V.Bayramov  vəsaitlər ayrılan zaman etik prinsiplər və eləcə də ətraf mühitin qorunması standartlarının  gözlənməli olduğunu təklif edir: “Məhz həmin qaydaların müəyyənləşdirilməsi vəsaitlərin “çirkli əllərə” ötürülməsinin qarşısını ala bilər və investisiya siyasətini daha səmərəli hala gətirər. Onun sözlərinə görə, təkliflərdən biri də uzunmüddətli və diversifikasiyalı investisiya strategiyasının işlənməsidir: “Uzunmüddətli investisiya siyasəti vəsaitlərin həm qiymətli kağızlara, həm də depozitlərə yönəldilməsini özündə ehtiva etməlidir. Bundan başqa, müxtəlif aktivlərə yönəldilən vəsaitlərin həcmi limitləşdirilməlidir. Müxtəlif təbii ehtiyatlar üzrə yaradılan fondların təcrübəsi göstərir ki, vəsaitlərin müxtəlif istiqamətlərə, o cümlədən qiymətli kağızlar bazarına yönəldilməsi daxilolmaların daha yüksək həcmdə olmasına imkan verir. İnvestisiya siyasətində həmçinin daxilolmalar üzrə benchmark dərəcəsi və eləcə də vəsaitlərin hansı hissəsinin xarici menecerlərin idarəetməsinə verilməsi aydın şəkildə göstərilməlidir. Bundan başqa, strategiyada hər bir investisiya növü üzrə risk faktorları da öz əksini tapmalıdır.

Digər tərəfdən,  son illər valyuta aktivlərinin yenidən qiymətləndirilməsi zamanı  fondun üzləşdiyi zərərlər çevik valyuta siyasətinin tətbiqini zəruriləşdirir. Xatırladaq ki, fond  yalnız 2008-ci ildə valyuta məzənnələrinin dəyişməsindən təxminən 650 milyon manat itkiyə məruz qalıb.  Fondun  investisiya portfelində az riskli istiqrazların üstünlük təşkil etməsi passiv idarəetmənin olmasını göstərir. Lakin Norveç modelində olduğu kimi, aktiv menecment sayəsində fond daha yaxşı nəticələr göstərə bilər. Belə ki, Norges Bank tərəfindən aparılan araşdırmalar göstərir ki, bu zaman portfelin ümumi riskinin artımı gözlənilən gəlirliliyinin artımından az olur”.

Məlum olur ki, təkliflərdən biri də fondun xarici tərəf müqabillərinin seçilməsi kriteriyalarının dəqiq müəyyənləşdirilməsidir. Bu məsələ həm fondun maliyyə göstəriciləri, həm də institutsional investor kimi prestiji baxımından önəm kəsb edir: “Nümunə üçün qeyd edək ki, fondun əsas tərəfdaşlarından olan UBS AG ilə ABŞ hökuməti arasında baş verən vergi qalmaqalı maliyyə qurumunun maliyyə vəziyyətinə əhəmiyyətli dərəcədə təsir edib. Həmçinin, UBS AG və Credit Suisse maliyyə krizindən ən çox zərər çəkən banklar arasında yer alırlar. Belə ki, onların xalis zərərləri 2008-ci ildə uyğun olaraq 13,09 və 5,45 milyard avro olub. Ekspertlərin fikrincə, bu maliyyə krizi və bir sıra qalmaqallar İsveçrənin maliyyə sisteminin imicinə əhəmiyyətli dərəcədə ziyan vurub. ARDNF-in Fransız tərəf müqabili BNP Paribas-ın isə xalis gəliri il ərzində 61% azalıb. Həmçinin, fond öz vəsaitlərinin idarəolunmasına 3 xarici meneceri cəlb edib. Bunlara Credit Swiss qrupuna daxil olan Clariden Leu, Deutsche Bank qrupuna daxil olan Deutsche Asset Management və Dünya Bankı daxildir”.

Mütəxəssis deyir ki, təkliflərdə fondun missiya və məqsədlərinin aydın şəkildə müəyyənləşdirilməsi qeyd olunub: “ ARDNF-nun yaradılması ilə bağlı fərmanda qeyd olunur ki, fond vəsaitlərindən “ölkənin sosial-iqtisadi inkişafı” və “ən vacib milli problemlərin həll edilməsi” üçün istifadə edilə bilər. Halbuki fondun missiya və məqsədləri daha spesifik olmalı və orada hansı xərclərin və ya investisiyaların fond tərəfindən maliyyələşdirilə bilib-bilməməsi aydın şəkildə göstərilməlidir. O cümlədən fondun orta və uzun müddət üçün xərclər strategiyası olmalıdır. ARDNF-nin qaydaları xərclərin bu çərçivədə bölüşdürülməsini tələb etsə də, fond hələ də belə strategiya uyğulamır. Bundan başqa, həmin strategiyanın icrasında ictimai dinləmələrin təşkil edilməsi vacib olsa da, bu istiqamətdə real addımlar atılmayıb. Belə olan halda isə xərclərin bölüşdürülməsində risklər artır və təbii ki, xərcləmə ilə bağlı qərarlarda “əd hok” prinsipi hökm sürür. Beynəlxalq Valyuta Fondunun xəbərdarlığında qeyd olunduğu kimi, fondun vəsaitlərinin legitim istifadə ilə bağlı aydın qaydalar olmadıqca vəsaitlərin səmərəli istifadəsi ilə bağlı risk qalacaq”.

Ekspert həmçinin hesab edir ki, ARDNF-nin hüquqi bazası möhkəmləndirilməlidir. Belə ki,  hazırda  fond ölkə prezidentinin fərmanları ilə fəaliyyət göstərir. Parlamentin (Milli Məclisin) fondun hüquqi bazasına yenidən baxması və eləcə də fondun qaydalarının dəyişdirilməsini çətinləşdirən qanunun qəbul edilməsi vacibdir. Həmin qanunda fondun parlament qarşısında hesabatlılığının artırılması, fondun vəsaitlərinin istifadəsi üçün parlamentin razılığının olması, eləcə də fondun Müşahidə Şurasında parlamentin nümayəndəsinin yalnız parlamentin razılığı ilə təyin edilməsi əksini tapmalıdır. Bundan əlavə biz fondun vəsaitlərinin saxlanması zamanı valyutaların seçilməsində yeni sistemin tətbiq olunmasını təklif edirik. Valyuta bazarındakı son tendensiyalar göstərir ki, DNF portfelindəki valyuta formulunun dəyişdirilməsinə ehtiyac var. Bu baxımından, fondun valyuta ilə saxlanma siyasətinin çevik olması vacibdir. Bununla daxilolmaların həcmini valyuta bazarındakı durğunluqdan qorumaq olar”

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.