|
“Azəriqaz”ın dövlət neft
şirkətindən təhvil aldığı qazın 65 faizi itir
Vüqar Bayramov: “İtkiləri
azaltmaqla qiymətləri iki dəfə aşağı salmaq
mümkündür”
Dövlət Neft Şirkəti ölkənin qaz təchizatı sisteminin
müasir səviyyədə yenidən qurulması istiqamətində
zəngin təcrübəyə malik xarici şirkətlərlə danışıqlar
aparır. Rəsmi məlumatlara görə, hazırlanmış
konsepsiyada mövcud qaz təchizatı təsərrüfatının
Avropa standartlarına uyğunlaşdırılması əsas
götürülüb. Yenidənqurma işlərinin istehlakçıların
sayı baxımından daha böyük olan Bakı və Abşeron
regionundan başlanılması nəzərdə tutulur. Yeri
gəlmişkən artıq Almaniyanın E.ON Ruhrgas şirkəti
Bakının, ətraf qəsəbələrin və Abşeron rayonunun qaz
təchizatı sisteminin müasir tələblər səviyyəsində
yenidən qurulması üçün təkliflərini hazırlayaraq
ARDNŞ-ə təqdim edib. E.ON Ruhrgas şirkətinin ilkin
hesablamalarına görə, dairəvi qaz təchizatı
sisteminin tətbiq olunması, qazpaylayıcı şəbəkənin
genişləndirilməsi və müasirləşdirilməsi, yeni
kəmərlərin çəkilməsi, yerüstü boru şəbəkələrinin
yerin altı ilə aparılması, mərkəzləşdirilmiş çevik
nəzarət və ölçü-qeydiyyat sisteminin yaradılması,
informasiya texnologiyalarından istifadə edilməsi,
qəza dispetçir sisteminin təkmilləşdirilməsi,
kompressorların, digər avadanlıqların, habelə
“Smart-kart” tipli qaz sayğaclarının quraşdırılması
və başqa zəruri tədbirlərin həyata keçirilməsi üçün
1,1 milyard avro məbləğində investisiya qoyulmalıdır.
Bundan başqa, Almaniyanın nüfuzlu RWE şirkəti də
yaxın vaxtlarda öz təkliflərini ARDNŞ-ə təqdim
edəcəyini bildirib.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov bildirir ki, ”Azəriqaz”, eləcə də
mavi qaz sektoru üçün ən böyük problem alınan mavi
qazın böyük hissəsinin praktiki itməsidir:”Bakı
şəhərində “Azəriqaz”ın dövlət neft şirkətindən
təhvil aldığı qazın 65 faizi itir. Ölkə üzrə bu
rəqəm təxminən 55 faiz təşkil edir.Deməli, alınan hər
1000 kubmetr qazın 650 kubmetri Bakı şəhərində itir.
Yalnız 350 kubmetr istehlakçılara çatdırılır. Ölkə
üzrə bu itki hər 1000 kubmetr üçün 550 kubmetrdir.
Praktiki qaz sektorunda problem itkilərlə bağlıdır”.
İqtisadçının sözlərinə görə, Rusiyada mavi qaz
itkisi 9 faiz, Qazaxıstanda 11 faizdir.MDB
ölkələrində bu rəqəm təxminən 8 fazi ətrafındadır:
“Mavi qaz itkisi ilə bağlı MDB-də orta rəqəmi
Azərbaycanla müqayisə etdikdə bizdə itki 6 dəfə
çoxdur. O baxımdan islahatlar itkinin aradan
qaldırılmasına yönəldilməlidir”.
İSİM ekspertləri deyir ki, Dövlət Neft Şirkətinin
“Azəriqaz” İstehsalat Birliyinin indiyədək həyata
keçirdiyi tədbirlər istehlakçılardan yığımın
artırılmasına hesablanıb: “Smart-kart tipli
sayğacların tətbiqi bu sahədəki problemləri həll
etmir.Mavi qaz itkisində əsas problem
infrastrukturun köhnə olmasındadır. Belə ki,
infrastruktur köhnə olduğundan mavi qazın heç də
hamısını istehlakçılara çatdırmaq mümkün deyil.
Digər problem mavi qaz sektorunda çoxlu sayda
qeydiyyatsız xəttlərın olmasıdır. Mavi qaz
qeydiyyatsız, qeyri-rəsmi bəzi istehlakçılara,
şirkətlərə satılır ki, onların pulu yığılmır.Eyni
zamanda qeydiyyatı getmədiyi üçün praktiki həmin qaz
itki sayılır”.
Bu gün vətəndaşların mavi qazdan istifadə haqqıını
ödəmələri sahəsində problem olmadığını deyən
mütəxəssis bildirir ki, oktyabr ayında prezidentin
mavi qaza görə debütor borcların silinməsi yönündə
qərarından sonra az sayda vətəndaşın mavi qazın
haqqını ödəməsi yönündə problemi var. Bakı şəhərində
mavi qaz istehlak edən əhalinin 80 faizindən artığı
ödənişləri vaxtlı-vaxtında aparır.
Qeyd olunur ki, itkilər qaz sisteminin səmərəli
rentabelli işləməsinə imkan vermir:”Əslində
Almaniyanın E.ON Ruhrgas şirkəti Bakının, ətraf
qəsəbələrin və Abşeron rayonunun qaz təchizatı
sisteminin müasir tələblər səviyyəsində yenidən
qurulması yönündə layihəsi itkilərin azalmasına
gətirib çıxara bilər. İtkilər azalarsa, ölkə
daxilində mavi qazın satış qiymətini iki dəfə
endirmək mümkün olar. Çünki, MDB ölkələri ilə
müqayisədə Azərbaycanda mavi qazın qiyməti kifayət
qədər yüksəkdir. Əhali istehlakçı qrupuna qazın 1000
kubmetri 100 manata yəni 124 dollara satılır.Amma
Pusiyada qazın 1000 kubmetri cəmi 80 dollardır.
Qazaxıstanda isə 70 dollardan da aşağıdır.
Azərbaycan mavi qazın qiymətinə görə MDB-də ən
yüksək qiymətə malik ölkədir.Baxmayaraq, Azərbaycanın
özü qaz istehsal və ixrac edir. Eyni zamanda
Azərbaycanın ixrac etdiyi mavi qazın orta qiyməti 49
dollardır”.
İSİM rəhbərinin sözlərinə görə, ixracın orta
qiyməti 49 dollar olsa da “Azəriqaz”, eləcə də
Dövlət Neft Şirkəti vətəndaşlara mavi qazı 2,5 dəfə
baha qiymətə satırlar: “Xarici ölkələrə satılan
qazın qiyməti daxili bazarda satılan mavi qazın
qiyməti ilə müqayisədə ucuzdur. Məsələn, Türkiyəyə
mavi qazın hər 1000 kubmetri 120 dollara satılırsa
daxili bazarda qiymət 124 dollardır. Müqayisələr
əhaliyə satılan mavi qazın qiymətinin yüksək
olduğunu göstərir”.
V.Bayramov “Azəriqaz”ın mavi qaz itkisini əhalinin
ödənişləri hesabına kompensasiya etməyə çalışdığını
vurğulayır: “Mavi qazın qiymətinin yüksək olması onu
deməyə əsas veriri ki, itkilərdə dəyən ziyan
əhalinin vəsaitləri hesabına kompensasiya edilir.
Dünyanın heç bir ölkəsində istehlakçılara verilməli
olan mavi qazın 50 faizindən artığı itkiyə getmir.
Bu sistemdə infrastruktur yenidən qurularsa,
qeydiyyatsız xəttlər ləğv edilərsə, nəzarət
sisiteminin gücləndirilməsi ilə əlaqədar inzibati
struktur islahatları aparılarsa, o zaman mavi qazın
qiymətini 2 dəəfə aşağı salmaq mümükün olacaq.Bu
halda nə dövlət büdcəsinə daxilolmalar, nə
“Azəriqaz”a - Dövlət Neft Şirkətinə daxilolmalarda
azalma baş verməyəcək. Əksinə itkilərin həcmi
azaldığca hər iki istiqamətə daxilolmalar artacaq.
Azərbaycanda orta pensiya məbləğinə toxunan İSİM
rəhbəri deyir ki, kommunal xərclər – mavi qaz və
elelktrik enerjisi üzrə tətbiq edilən tariflər orta
aylıq əməkhaqqına və pensiyaya uyğun deyil:”Mavi
qazın qiymətində aparılan artımlardan sonra
təqaüdçülərin təqaüdü yalnız mavi qazın haqqının
ödənilməsinə yetir” .
V.Bayramov “Şahdəniz 2” fazasının isrtifadəyə
verilməsinin Azərbaycanda qaz istehsalının artmasına
səbəb olacağını da söyləyir: “ İxracın da artması bu
sektorun daha rentabelli olmasına imkan verəcək.
Azərbaycan 2009-cu ildə 25 milyon kubmertr qaz
istehsal edibsə bunun əhəmiyyətli hissəsi ixraca
gedib: “Yalnız Türkiyəyə ötən il 8 milyon kubmetr
mavi qaz ixrac edilib. Həmçinin Azərbaycan 2010-cu
ildən başlayaraq Rusiya və İrana qaz ixrac
etməkdədir. Ona görə də itkiləri azaltmaqla
qiymətləri iki dəfə aşağı salmaq mümkündür” .
|