|
Sahibkarlığa Kömək Milli
Fondunun verdiyi kreditlər əlçatandırmı?
Vüqar Bayramov: “100 min manat kredit almaq üçün
illərdir növbəyə dayanan sahibkarlar kredit ala
bilmirlər”
Sahibkarlığa Kömək Milli Fonduna (SKMF) təqdim
edilən layihələrin qiymətləndirilməsi prosesi başa
çatıb. Fond kənd təsərrüfatı sahəsində istehsalı
artırmaq üçün 6 iri layihəni maliyyələşdirəcək.
İqtisadi İnkişaf Nazirliyindən verilən məlumata görə,
bu layihələr kənd təsərrüfatında emal sənayesi ilə
məşğul olan sahibkarlar tərəfindən təqdim olunan 16
layihənin içərisindən seçilib. Layihələrdən 3-ü
südlük cins iribuynuzlu heyvandarlıq komplekslərinin,
2-si üzüm emalı müəssisələrinin yaradılmasının
nəzərdə tutur. Bir layihə isə uşaq qidası
istehsalının təşkilini həyata keçirəcək. Bu
layihələrin maliyyələşdirilməsi üçün onların hər
birinə uzunmüddətli kreditlər veriləcək. Bundan
başqa, Sahibkarlığa Kömək Milli Fondu quşçuluq və
digər təsərrüfatların yaradılması üzrə təkliflərin
də qəbuluna başlayıb. Sual yaradan məqam dövlət
büdcəsindən sahibkarlığın inkişafi üçün nəzərdə
tutulan bu vəsaitlərə bütün sahibkarlıq
subyektlərinin əlçatanlığının təmin
edilib-edilməməsidir. Belə ki, kreditlərin
verilməsi mexanizmi sadələşdirilsə də müəyyən
əngəllər qalmaqdadır.
Yeri gəlmişkən sadələşdirilmiş qaydalara əsasən,
sahibkarlar Sahibkarlığa Yardım Milli Fonduna
müraciət etdikdən, 28 gün müddətində tələb olunan
maliyyəni almalıdırlar. Buna nail olmaq üçün
sahibkar lazım olan kreditin dəyərində
biznes-layihəni adıçəkilən fonda təqdim etməlidir.
Layihə bəyənilərsə, sahibkar krediti ala bilər.
Onu da xatırladaq ki, SKMF 1992-ci ildə yaradılıb.
Sahibkarlara kreditlərin verilməsi 36 müvəkkil bank
və qeyri-bank kredit təşkilatları vasitəsilə həyata
keçirilir.
Iqtisadi və
Sosial İnkişaf Mərkəzinin sədri Vüqar Bayramov
sahibkarlara güzəştli kreditlərin verilməsinin müsbət
hal olduğunu deyir. Amma bununla belə ekspert hesab
edir ki, kreditlərin verilməsi zamanı şəffaflıq, o
cümlədən monitorinq mexanizmlərinin olması vacibdir:
“Təssüf ki, kreditlərin verilməsinə nəzarət edən və
qərar verən Müşahidə Şurasında vətəndaş cəmiyyətinin
nümayəndələri iştirak etmir”.
Məlum olur ki, banklarda 100 min manat kredit
almaq üçün illərdir növbəyə dayanan sahibkarlar
kredit ala bilmirlər: “Amma yalnız bir sahibkar 3
milyon manat kredit alır. Sahibkarlarla söhbətlər
göstərir ki, onların kredit almasında problemlər
var. Banklara müraciət edən zaman sahibkarlara
qərarın fond tərəfindən verildiyi söylənilir. Çox
vaxt sahibkarların müraciəti müsbət
qiymətləndirilmir. Bankirlərin özləri etiraf
edirlər ki, son qərarı doğrudan da fond verir”.
“Maliyyə böhranı ərəfəsində və böhrandan sonra Sahibkarlığa
Kömək Milli Fondunun fəaliyyəti olduqca
əhəmiyyətlidir” deyən ekspert qonşu dövlətlərdə bu
sahədə görülən işlərdi önə çəkdi:“Rusiyada verilən
kreditlərin həcmi artırılmaqla yanaşı, prosesə
nəzarət mexanizimləri gücləndirildi. Bu ölkənin baş
nazirinin əmri ilə yeni fəaliyyətə başlayan
sahibkarlar hökumətdən 10 min dollar həcmində kredit
aldırlar. Sonrakı prosesdə onlar müvafiq fonda
müraciət edərək, dövlət yardımlarında da iştirak
edirdilər. Sahibkarlığa Kömək Milli Fondunun
fəaliyyəti böhranın təsirlərinin azaldılması
baxımından vacibdir”.
Mütəxəssisin qənaətinə görə, problemlər qaldıqca
sahibkarlıq inkişaf etməyəcək: “Nəzərə alsaq ki,
xaricdən vəsait cəlb etməsi imkanları olduqca
məhduddur, eyni zamanda, kommersiya bankları
kreditlər təklif etmir, o baxımdan dövlət dəstəyi
vacibdir. Amma sahibkarlar bunu hiss etmir. Nəticədə
bağlanan iş yerlərinin sayı artır”.
V.Bayramov bildirir ki, 2009-cu il ərzində
Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə 2101
sahibkarlıq subyektinin investisiya layihəsinə kredit
ayrılıb. Kreditlərin ümumi məbləği 129559.3 manat
təşkil edib.
Ekspert qeyd edir ki, 2010-cu ildə Sahibkarlığa
Kömək Milli Fondunun (SKMF) vəsaitləri hesabına
sahibkarların kreditləşməsinin həcmi minimum 115 mln.
manat təşkil edəcək. Həmin vəsaitdən 44 mln. manatı
dövlət büdcəsindən ayırmalar, 71 mln.-u fondun
əvvəllər verdiyi kredit və kreditlərə görə faizlər
üzrə qaytarmalar olacaq.
Bu istiqamətə 115 milyon manatın ayrılmasını böyük
rəqəm hesab edən ekspert şəffaflığın yaradılmayacağı
təqdirdə kreditlərin iqtisadi əhəmiyyətinin
olmayacağını vurğuladı: “Son illər fond 500 milyon
manatdan ox kredit verilib. Həmin krediti hansı
şirkətlərin, sahibkarların aldığı məlum deyil”.
|