|
Problemli
kreditlərin payı 4,3%-ə yüksəlib
Vüqar
Bayramov:”Problemli kreditlər kommersiya banklarının
fəaliyyətində problemlərin dərinləşməsinə, bir sıra
kommersiya banklarının fəaliyyətlərini
dayandırmalarına gətirib çıxaracaq”.
Fevral ayında vaxtı keçmiş kreditlərin həcmi
yanvarla müqayisədə 27 milyon manat artaraq 358,4
milyon manata çatıb. Mərkəzi Bankın statistik
məlumatları əsasında aparılan hesablamalara görə,
yanvar ayında bu göstərici 331,4 milyon manat olub.
2010-cu ilin fevral ayında ölkə iqtisadiyyatına
yatırılan cəmi kredit qoyuluşlarının 4,3%-ni vaxtı
keçmiş kreditlər təşkil edib. Əvvəlki ayda isə bu
tipli kreditlərin payı 3,9% olub.
İlin 2 ayı ərzində problemi kreditlər 55 milyon
manat artıb və 358,4 milyon manat təşkil edib. Bu
göstərici son 10 ildə ən yüksək həddir.
Problemli kreditlərin artımı həm milli, həm də
xarici valyutada qeydə alınıb. Milli valyutada olan
vaxtı ötmüş kreditlər bir ayda 7,6 milyon manat
artıb. Xarici valyutada isə vəziyyət daha gərgindir.
Artım 19,4 milyon manat olub. Milli valyutanın
4,5%-i, xarici valyutaların isə 4%-i vaxtında
qaytarılmayıb
Problemli kreditlərin həcminin artması səbəbindən
əksər banklar tərəfindən kreditləşmə yenidən
dayandırılıb. Çünki, yaranmış vəziyyət həmin
bankların likvidlik (sərbəst pul) probleminin
dərinləşməsinə gətirib çıxarıb. Hazırda sual doğuran
məqam , banklarının qaytarılmayan kredit borcları
problemini necə həll edəcəkləridir?
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, problemli kreditlərin
çoxalmasını yalnız borclananların ayağına yazmaq
düzgün deyil: “İstehlak kreditlərinin
qaytarılmasında müşahidə edilən problemlər və
yubanmalar, sadəcə, bu kreditlərdən istifadə edən
vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə
deyil, eyni zamanda, kommersiya banklarının uzun
müddət kifayət qədər bahali kredit siyasəti həyata
keçirməsi ilə bağlıdır”.
V.Bayramovun sözlərinə görə, 2009-cu ilin
ortalarından başlayaraq problemli kreditlərin
həcmində artımlar müşahidə edilir: “Ötən ilin
ortalarında problemli kreditlərin payı bank
aktivlərinin 2,7 faizini təşkil edirdisə, bu rəqəm
artıq 5 faizə çatıb. Beynəlxalq standartlara görə
problemli kreditlərin payı bank aktivlərinin 3
faizindən çoxdursa, bu artıq kritik həddir.
Kommersiya bankları üçün ciddi baş ağrısıdır. Bu gün
əslində kommersiya bankları üçün ən ciddi problem
kreditlərin qaytarılması və ya geri alınmasıdır”.
Ekspertin sözlərinə görə, məsələ yalnız problemli
kreditlərin həcmi ilə bağlı deyil: “Problemin bir
tərəfi də kreditlərin məbləğində müşahidə edilən
artımlardır. Problemli kreditlərin həll edilməsi
üçün mexanizm yoxdur. Əvvəla problemli kreditlərin
yaranmasının əsas səbəbi kommersiya banklarının
uzun müddət pramida prinsipindən istifadə
etmələrindir.Banklar Qərb ölkələrindən daha ucuz
kreditlər cəlb edərək həmin kreditləri daha yüksək
faizlə fiziki və hüquqi şəxslərə veriblər. Praktiki
qlobal maliyyə böhranı başlamazdan əvvəl kommersiya
banklarının təklif etdikləri kredit faizləri
təxminən 30 faiz intervalında idi. Bu isə kifayət
qədər böyük faiz dərəcəsidir. Azərbaycan MDB-də
yeganə dövlətdir ki, avtomobillərin alınması üçün
verilən kreditlərin faiz dərəcəsi 20 faizdən
artıqdır. Halbuki, əksər Avropa ölkələrində bu cür
kreditlər ya faizsiz, ya da kiçik faizlə verilir.
Yəni bütün hallarda ikirəqəmli faizlə verilmir”.
Kommersiya banklarının problemli kreditlər
məsələsinin həlli istiqamətində addımlar atmadığını
vurğulayan iqtisadçıının rəyinə görə, banklar
əvvəllər buraxdıqları səhvləri təkrar edirlər:”Bu
səhvlər daha yüksək faizlə kredit vermək və qısa
müddətdə daha çox gəlir əldə etməklə bağlıdır..
Bankların kreditlərin verilməsi ilə bağlı
qiymətləndirmələri qısa müddəti əhatə edir.Onlar
uzunmüddətli dövr üçün kreditlərin qiymətləndirmə
və ya qaytarılma mexanizmini müəyyənləşdirə
bilmirlər. Problemin digər tərəfi, bankların kreditlər
qaytarıla bilməyəndə girov şəklində olan avtomobil
və ya mənzili satacaqlarını güman etmələridir.
Bununla dəyən ziyanın ödəniləcəyini düşünürdülər.
Amma böhrandan sonra həm əmlak, həm də avtomobil
bazarında müşahidə edilən durğunluq praktiki
banklara girovu sataraq dəyən ziyanı ödəməyə imkan
vermir”.
Məlum olur ki, kreditlərin verilməsi mexanizminin
mükəmməl olmaması, kommersiya banklarının yüksək
faizlə kreditlər yəklif etməsi, eləcə də bir sıra
bankların kreditlər verilən zaman qeyri-rəsmi
ödənişlər tələb etməsi kreditlərin daha bahalı
olmasına gətirib çıxarıb:”Güman edilir ki, banklar
bahalı kredit siyasətini davam etdirərək qısa
müddətdə gəlir əldə etməyə çalışdıqları müddətdə
problemli kreditlər məsələsini həll edə
bilməyəcəklər. Bütövlükdə bank sektorunu
qiymətləndirdikdə problemli kreditlər kommersiya
banklarının ən ciddi problemi hesab edilir. Yaxın
vaxtlarda problemli kreditlər bir sıra kommersiya
banklarının rəsmi olmasa da qeyri-rəsmi
fəaliyyətlərini dayandırmasına səbəb olacaq”.
V.Bayramov deyir ki, problemli kreditlər səbəbindən
kommersiya banklarının əksəriyyətində kredit
verilişləri dayandırılıb. Banklar kredit verən zaman
diğər meyyarlardan istifadə edirlər.Yəni müraciət
edən bütün vətəndaşlara kredit verilmir. Kreditlərin
verilməsi yönündə müəyyən limitlər, sərtləşdirici
tədbirlər həyata keçirirlər.Bu da arzuolunan deyil.
Çünkı, bankların gəlirlərinin 70 faizini
kreditlərin verilməsi və onların idarə edilməsindən
əldə edilən gəlirlər təşkil edir.Problemli kreditlər
kommersiya banklarının fəaliyyətində problemlərin
dərinləşməsinə, bir sıra kommersiya banklarının
fəaliyyətlərini dayandırmalarına gətirib çıxaracaq”.
|