|
Azərtikinti” və “Azərsənayətikinti” nin
tərkibinə daxil olan müəssisələr
özəlləşdirilməyə çıxarıldı
Vüqar
Bayramov: “Səhmdar cəmiyyətlərin özəlləşdirilməyə
çıxarılması çeklərin qiymətinə təsir göstərməyəcək”
Azərbaycan Prezidenti İlham Əliyev tikinti
kompleksində səhmləri dövlət mülkiyyətində olan
səhmdar cəmiyyətlərin özəlləşdirilməsi haqqında
sərəncam imzalayıb.
“Azərtikinti” və “Azərsənayətikinti” Açıq Səhmdar
cəmiyyətlərinin (ASC) tərkibinə daxil olan müəssisə
və obyektlər özəlləşdirməyə açıq elan edilib.
“Azərenerjitikintiquraşdırma” və
“Azərnəqliyyatyoltikinti” ASC-lərin səhmlərinin
dövlət mülkiyyətində olan nəzarət səhm zərfləri
(51%) və “Azərkəndtikinti” ASC-in səhmlərinin dövlət
mülkiyyətində olan məhdudlaşdırıcı hissəsi (25.5 %)
də özəlləşdirməyə açıq elan olunub. Əmlak
Məsələləri Dövlət Komitəsinə bu sərəncamla
özəlləşdirməyə açıq elan edilən müəssisə
obyektlərin, habelə səhmdar cəmiyyətlərinin dövlət
mülkiyyətində olan səhmlərinin qanunvericiliyə uyğun
olaraq özəlləşdirilməsini təşkil etmək tapşırılıb.
Bu arada tikinti kompleksində səhmləri dövlət
mülkiyyətində olan səhmdar cəmiyyətlərin
özəlləşdirilməsi özəlləşdirmə çeklərinin qiyməti
məsələsini gündəmə gətirib.Nəzərə catdıraq ki,
hazırda qara bazarda 1 özəlləşdirmə çekinin qiyməti
9-10 manat ətrafındadır.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, Bakıda çek hərraclarının
təşkil edilməməsi, rayonlarda təşkil olunması
əhalinin əlində olan özəlləşdirmə paylarından
istifadəyə imkan vermir. O baxımdan tikinti
şirkətlərinin özəlləşdirməyə çıxarılması çek
hərracları üçün kifayət qədər ciddi şans hesab edilə
bilər. Amma bununla belə Əmlak Məsələləri Dövlət
Komitəsinin bu tip şirkətlərin özəlləşdirilməsi ilə
bağlı təcrübəsi göstərir ki, həmin şirkətlərin
özəlləşdirilməsi çek hərracları vasitəsi deyil,
pullu hərraclar və ya investisiya müsabiqələri
vasitəsi ilə həyata keçiriləcək.
Özəlləşdirməyə açılan şirkətləri investisiya
müsabiqələri və ya pullu hərraclar vasitəsi ilə
özəlləşdirəcək
V.Bayramovun sözlərinə görə, prezidentin sərəncamı
ilə tikinti kompleksində səhmləri dövlət
mülkiyyətində olan səhmdar cəmiyyətlərin
özəlləşdirilməyə çıxarılması çeklərin qiymətinə
təsir göstərməyəcək:: “Daha doğrusu özəlləşdirmə
çeklərinin qiymətinin artmasına səbəb olmayacaq. Bu
həm də Əmlak Məsələləri Dövlət Komitəsinin məhz
həmin obyektlərin özəlləşdirməsi zamanı hansı
özəlləşdirmə formasını seçməsindən asılıdır. Nəzərə
almaq lazımdır ki, Azərbaycan Respublikasında
dövlət əmlakının özəlləşdirilməsi proqramına uyğun
olaraq Əmlak Məsələləri Dövlət Komitəsi bu cür
şirkətləri özəlləşdirən zaman yalnız investisiya
müsabiqələri, pullu çek hərracları deyil, eyni
zamanda çek hərracları təşkil etməlidir. Səhmlərin
bir qismi çek hərracları vasitəsilə
özəlləşdirilməlidir. O cümlədən səhmlərin 15 faizi
həmin şirkətdə çalışan işçilər tərəfindən qapalı
hərrac vasitəsi ilə özəlləşdirilməlidir. Lakin böyük
ehtimalla Əmlak Məsələləri Dövlət Komitəsi
özəlləşdirməyə açılan şirkətləri investisiya
müsabiqələri və ya pullu hərraclar vasitəsi ilə
özəlləşdirəcək. Bu çeklərə tələbatı artırmayacaq.
Nəticədə bazarda çeklərin qiymətində artımlar
müşahidə edilməyəcək. Eyni zamanda çeklərdən
istifadə imkanlarını məhdudulaşdıracaq”.
Ekspert 2010-cu ilin sonunda çeklərin istifadə
müddətinin uzadılması ilə bağlı qərar qəbul
edilməyəcəyini hesab edir: “Bu o deməkdir ki,
2010-cu ilin növbəti aylarında özəlləşdirmə
çeklərindən istifadə üçün imkanların yaradılması
vacibdir. Təəssüf ki, Əmlak Məsələləri Dövlət
Komitəsinın seçdiyi özəlləşdirmə formaları çeklərdən
istifadə üçün imkanlar yaratmır”.
Onu da nəzərə çatdıraq ki,
vətəndaşlara paylanmış 32
milyon özəlləşdirmə çekinin 80 faizi dövriyyədən
çıxarılıb. Hazırda vətəndaşlarda 20 faiz çek qalıb.
Əmlak Məsələləri Dövlət Komitəsi
2011-ci ilə qədər
özəlləşdirmə prosesində və investisiya
müsabiqələrində çeklərdən yararlanmaqla 20 faiz çeki
tamamilə dövriyyədən çıxaracağını bəyan edib.
V.Bayramov
bildirir ki, növbəti aylarda dövriyyədən çıxmayan 20
faiz özəlləşdirmə payının istifadə edilməsi məsələsi
var: “Sözügedən şirkətlərin özəlləşdirilməsi zamanı
Əmlak Məsələləri Dövlət Komitəsinin səhmlərin
bir hissəsini çek hərraclarına çıxarması vacibdir”.
Səhmlərin bir hissəsini çek hərraclarına
çıxarılmasının ictimaiyyətin marağının artmasına səbəb
olacağını vurğulayan V.Bayramov deyir ki, eyni
zamanda bu, özəlləşdirmə prosesinin daha şəffaf
olmasına imkan yaradır: “Bir sıra iri şirkətlərdə
dövlətə məxsus payların özəlləşdirilməsi ilə bağlı
tədbirlər göstərir ki, bəzən həmin pay real bazar
qiymətindən aşağı qiymətləndirilir. Eyni zamanda
investisiya müsabiqələri və ya pullu hərracların
keçirilməsi həmin müəssisələrin özəlləşdirilməsi
zamanı şəffaflığın təmin olunmasına imkan vermir”.
“2009-cu ildə ciddi çek hərracları keçirilməyib”
2010-cu ilin sonuna dövriyyədəki 20 faiz çekin
dövriyyədən çıxarılmasının mümkün olub-olmayacağına
gəlincə, ekspert deyir ki, Əmlak Məsələləri Dövlət
Komitəsinın ötən il özəlləşdirmə çeklərinin təxminən
30 faizini dövriyyədən çıxarıb. Baxmayaraq ki,
2009-cu ildə ciddi çek hərracları keçirilməyib:
“2009-cu ilin aprelində Bakıda yerləşən obyektlər
çek hərraclarına çıxarıldı. Çek hərraclarının
əksəriyyəti rayonlarda keçirilib. 2010-cu ilin
növbəti aylarında özəlləşdirmə çeklərinin
dövriyyədən çıxarılması kifayət qədər problematik
görünür. Eyni zamanda Əmlak Məsələləri Dövlət
Komitəsi izah edilməsi çətin olan metodlardan
istifadə edərək özəlləşdirmə paylarının dövriyyədən
çıxarılmasına nail olur. İlin sonuna qədər özəlləşdirmə
paylarının dövriyydən çıxarılması ilə bağlı proqnoz
vermək çətindir. Əmlak Məsələləri Dövlət Komitəsi
2009-cu ildə istifadə etdiyi metodlardan istifadə
etsə o zaman təbii özəlləşdirmə paylarını
dövriyyədən çıxarmaq mümkün olacaq. Amma bu metodun
çatışmayan cəhəti ondan ibarətdir ki, proses
özəlləşdirmə paylarının qiymətinin artmasına səbəb
olmayacaq. Bu metod daha çox özəlləşdirmə paylarına
malik olan iri şirkətlərin özəlləşdirmə paylarından
istifadə etməsinə imkan verəcək. Praktiki adi
vətəndaşlarda olan özəlləşdirmə paylarının
istifadəsinə imkan yaratmayacaq”.
|