|
Əksər banklar kreditləşməni
dayandırıblar
Vuqar
Bayramov bank kredit faizləri ilə bağlı “kredit
tavanı” müəyyənləşdirilməsini təklif edir
Ölkədə yenə də kredit böhranı yaranıb. Belə ki,
əksər banklar kreditləşməni dayandırıblar. Səbəb isə
bankların kredit portfelində problemli kreditlərin
həcminin artmasıdır. Nəzərə alsaq ki, bankların əsas
fəaliyyətləri kredit siyasəti üzərində qurulub,
kreditlərin qaytarılmaması banklarda likvidlik
probleminin dərinləşməsinə gətirib çıxarıb. Hazırda
kommersiya qurumları çox dar çərçivədə - yalnız
tanışlıq və ya tapşırıq əsasında kredit verirlər.
Bu zaman kredit faizləri həddən artıq yüksək olur.
Yəni Mərkəzi Bankın faiz dərəcəsinin 2 faiz olmasına
baxmayaraq kommersiya banklarının təklif etdikləri
istehlak və digər kreditlərin orta faiz dərəcəsi 20
faizdən artıq təşkil edir.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) sədri
Vüqar Bayramov bildirir ki, problemli kreditlər
məsələsi kommersiya banklarını əsas
problemlərindəndir. İstehlak kreditlərinin
qaytarılmasında müşahidə edilən problemlər və
yubanmalar sadəcə bu kreditlərdən istifadə edən
vətəndaşların ödəmə qabiliyyətinin azalması ilə
deyil, eyni zamanda kommersiya banklarının uzun
müddət kifayət qədər bahali kredit siyasəti həyata
keçirməsi ilə bağlıdır: “Qlobal maliyyə böhranından
öncə kommersiya banklarının təklif etdikləri
kreditlər üzrə faiz dərəcələrinin səviyyəsi heç bir
iqtisadi qanunla izah edilə bilməzdi. Qərb
ölkələrindən orta hesabla 8 faizlə kredit cəlb edən
yerli kommersiya bankları həmin vəsaitləri 24 faizlə
təklif edirdi. Hətta bu faiz dərəcələri böhran
öncəsi 30 faizi də arxada qoymuşdu. Kommersiya
banklarının şişirdilmiş gəlir qazanmaq istəyi
Azərbaycanda qlobal maliyyə böhranın təsirlərinin
bankların bütün qurumlarından daha tez hiss etməsinə
səbəb oldu”.
İqtisadçının fikrincə, kreditləri paylanlaşdıran
zaman kommersiya banklarının onun qaytarılması
mexanizlərini və mümkünlyünü əvvəlcədən görmələri
vacibdir. V.Bayramov hesab edir ki, bahalı kredit
siyasəti dayanıqlı ola bilməz və bu sadəcə qısa
müddətli dövrdə səmərəlidir: “Aydındır ki,
kommersiya banklarının likvidliyi aşağıdır və
onların maliyyə resurslarına ciddi ehtiyacı var.
Maliyyə resurslarının cəlb edilməsində də problemlər
var: xarici maliyyə mənbələri məhduddur, əmanətlərin
həcmin ciddi artımlar yoxdur və istehlak
kreditlərinin faizlərinin və ümumən kreditlərin
özünün geri qaytarılmasında problemlər dərinləşir.
Bununla belə, bu heç də kommersiya banklarının
“izafi gəlir” əldə etməyə istiqamətləndirməməlidir”.
V. Bayramovun fikrincə, kommersiya banklarında
yeni böhranın yaranmasının qarşısının alınması üçün
Mərkəzi Bankın bir sıra tədbirlər həyata
keçirməlidir:”Təbii ki, liberal iqtisadiyyat
kommersiya banklarının kredit faizlərinə inizibati
müdaxiləni məqbul hesab etmir. Bununla belə, nəzərə
almaq lazımdır ki, qlobal maliyyə böhranı hətta
Avropanın liberal ölkələrinin də iqtisadi siyasətinə
korrektələr etməsinə səbəb olub. Bu baxımdan
Mərkəzin Bankın faiz dərəcəsi ilə kredit faizlərinin
səviyyəsi arasında əlaqə heç də bazar
iqtisadiyyatının fundamental dəyərlərinə zidd hesab
edilməməlidir. Bununla yanaşı, belə əlaqə tətbiqi
qısa müddətli dövr əhatə etməlidir və uzun müddətli
olmamalıdır. Eyni zamanda kredit faizlərinin
tənzimlənməsi həyata keçirilərsə, kommersiya
banklarında “qara kredit bazarının” yaradılmasının
qarşısının alınması üçün MB-nin banklara nəzarəti
gücləndirməlidir”.
V.Bayramov deyir ki, burada sadəcə söhbət “kredit
tavanın” müəyyənləşdirilməsindən gedir və bu heç də
kredit faizlərinin inzibati yol ilə
konkretləşdirilməsi deyil. Həmin tavan daxilində
kommersiya bankları kredit faizlərini sərbəst
şəkildə müəyyənləşdirə bilirlər. O həmçinin bəzi
kommersiya banklarında kreditlər təklif edilən zaman
“qeyri-leqal ödənişlərinə” qarşı mübarizənin
gücləndirilməsini təklif edir: “Kreditlərin bölgüsü
şəffaf deyil, institutsional monitorinq imkanları
zəifdir. Bu isə kreditlərinin real sektoru
“bahalaşdırmasına” səbəb olur və eyni zamanda heç də
kredit almaq istəyən bütün vətəndaşların kreditlərə
çıxış imkanları olmur.
|