|
Əmlak sektorunda qiymət azalmaları davam edəcək
Vüqar Bayramov: “Artiq Rusiyada yaşayan
həmyerlilərimiz paytaxtda mənzilə tələbatı
formalaşdırmırlar”
2010-cu ildə Bakıda 26 hündür binanın təməli qoyulub.
Mənzil tikinti bazarına 5 şirkət daxil olub.
Nəticədə bazarda tikinti şirkətlərinin sayı 155-ə
çatıb. Bununla belə ötən il ilkin mənzil bazarında
aktivlik aşağı olub. Buna səbəb isə təklifin tələbi
üstələməsi, qiymətlərin hələ də yüksək həddə olması,
sənədləşməyən binaların ipotekaya cəlb edilməməsi və
s olub.. Bu arada müqayisə üçün bildirək ki, 2009-cu
ildə Bakı şəhərində 1 binanın da özülü qoyulmamışdı.
Diqqəti çəkən isə 2009-cu illə müqayisədə 2010-cu
ildə tikinti şirkətlərinin sayının azalmasıdır. Belə
ki, 178 tikinti təşkilatından ötən il 150-si
fəaliyyət göstərə bilib. 5 şirkət isə bazara yeni
daxil olub. Ümumiyyətlə bu sektorda böhran
başlayandan 100-dən artıq tikinti şirkəti bazarı
tərk edib. Hazırda bazarda fəaliyyət göstərən iri
şirkətlər də tikdikləri mənzilləri satmaq
problemləri ilə üzləşiblər. Məsələn 2010-cu ildə
bazara çıxarılan yeni tikililərin 80%-də sonuncu
mərtəbələr sarılmayıb.
İqtisadçı-alim Vuqar Bayramov 2011-ci ildə tikinti
sektorunda durğunluğun qalacağının gözlənildiyini
deyir. Onun sözlərinə görə, bu birbaşa bazardakı
tələbatla bağlıdır: “Belə ki, bu sektorda artım
müşahidə edilmədikdə canlanma da baş vermir. Tikinti
sektorundakı durğunluq əmlak bazarında qiymətlərə
təsir göztərməkdədir. 2011-ci ilin birinci yarısında
qiymət azalmalarının davam edəcəyi gözlənilir”.
V.Bayramov bildirir ki, əhalinin alıcılıq
qabiliyyətinin aşağı düşməsi bazarda tələbatın
azalmasına gətirib çıxarıb: “Alıcılıq qabiliyyətinin
düşməsi yalnız ölkə daxilində yaşayan insanların
alıcılıq qabiliyyətinin aşağı düşməsi ilə bağlı
deyil. Bu həm də Azərbaycandan kənarda yaşayan,
mənzilə tələbat yaradan həmyerlilərimizin məzilə
tələbat yaratmamalarından irəli gəlir. Nəzərə alsaq
ki, böhrandan əvvəl Bakıda satılan mənzillərin 65
faizi Rusiyada yaşayan azərbaycanlılar tərəfindən
alınırdı. Artiq Rusiyada yaşayan həmyerlilərimiz
paytaxtda mənzilə tələbatı formalaşdırmırlar.Əksinə
onların bir qismi Bakıda sahib olduqları mənzillərin
satışını həyata keçirirlər. Bu da Rusiyada biznesin
zəifləməsindən qaynaqlanır”.
İqtisadçı qeyd edir ki, son azalamalara baxmayaraq
mənzillərin qiyməti hələ də yüksək olaraq
qalmaqdadır: “Bakıda mənzillərin qiyməti əksər
Mərkəzi Şərqi Avropa ölkələrinin paytaxtları ilə
muqayisədə bahadır. Bakıda mənzillərin qiymətləri
süni qiymətlər kimi qiymətləndirilə bilər. Süni
qiymətlər, tələbatın aşağı düşməsi əmlak bazarında
qiymətlərin azalmasını stimullaşdıracaq. O baxımdan
2011-ci ildə bazarın bu seqmentində qiymət
azalmaları davam edəcək. Hansıki bu amil və
tələbatın artmaması tikinti sektorunda canlanmanı
əngəlləyəcək”.
|