|
Daha bir bank lisenziyadan mərhum oldu
Vüqar Bayramov: ”2011-ci ildə fəaliyyəti
dayandırılan bankların sayının artması gözlənilir”
Azərbaycan Mərkəzi Bankı (AMB) İdarə Heyətinin
qərarı ilə bank qanunvericiliyinin tələblərini
pozduğuna, o cümlədən idarəetməni və cari
fəaliyyətini etibarlı və prudensial qaydada həyata
keçirmədiyinə görə fəaliyyətdə olan daha bir bankın
lisenziyası ləğv edilib.
Həmin qərarla “Birlik Bank” ASC-yə müvəqqəti
inzibatçılar təyin
olunub.
Məlumat üçün bildirək ki, təsisçisi 20 yerli fiziki
şəxs olan “Birlik Bank” 1993-cü ildən fəaliyyət
göstərib.
Ötən il dekabr ayının 1-nə bankın aktivlərinin həcmi
53,775 mln. manat, depozit portfeli 1 mln. manat,
əhalinin əmanətləri 53,310 min manat, kredit
portfeli 36,293 mln. manat, istehlak kreditlərinin
həcmi 520,330 min manat, məcmu kapitalı 20,058 mln.
manat, nizamnamə kapitalı 16 mln. manat təşkil edib.
Bankın ölkə üzrə 3 filialı
olub. Ötən ilin dekabr ayının 1-nə bankda çalışan
işçilərin sayı 35 nəfər, orta aylıq əmək haqqı 169
manat, cəmi müştərilərin sayı 1 233, o cümlədən
fiziki şəxslərin sayı 495, hüquqi şəxslərin sayı 738
nəfər təşkil edib.
Xatırladaq ki, 2010-cu ildə MB həmçinin “Debütbank”
ASC-yə və “Kövsərbank” ASC-yə bank əməliyyatlarının
aparılması üçün verilmiş lisenziyaları geri
almışdı.Bu prosesin davamlı oalcağı
gözlənilirdi.Çünki, MB sədri Elman Rüstəmov zəif ,
fəaliyyət göstərə bilməyən və bütövlükdə bank
sisteminə və bank sferasının etibarına problem
yarada biləcək bankların sistemdən
uzaqlaşdırılacağını söyləmişdi.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramovun sözlərinə görə, bank sektorunda analoji
qərarların davamlı oalcağı gözlənilən idi: “Hətta
qlobal maliyyə böhranının birinci mərhələsi başlayan
zaman (2008-ci ildə) fəaliyyət göstərməyən, eləcə də
Mərkəzi Bankın minimum nizamnamə kapitalı ilə bağlı
öhdəliklərini yerinə yetirə bilməyən bankların
lisenziyalarının alınacağı proqnozlaşdırılırdı”.
Mərkəzi Bankın kommersiya bankları üçün minimum
nizamnamə kapitalını 10 milyon manat müəyyən etdiyin
xatırladan V.Bayramov hələ də bir sıra bankların
nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə
yetirə bilmədiklərini söyləyir. İqtisadçı bildirir
ki, bəzi banklar hətta tam şəkildə fəaliyyət
göstərmirlər: “Lisenziyası ləğv edilən bank heç də
cari ildə Mərkəzi Bankın şərtlərini yerinə yetirə
bilməyən bank deyil. Son iki ildə bu bankın
fəaliyyəti hiss edilməyib. Sadəcə Mərkəzi Bank
böhran dövründə onun lisenziyasını geri almaqla
digər bankların fəaliyyətinə mənfi təsir
göstərməkdən, banklara inamın azalmasından
ehtiyatlanıb konkret qərar qəbul etməyib. Artiq
bank sektorunda müəyyən stabilləşmə meyilləri hiss
edilməkdədir. Qlobal maliyyə böhranının birinci
mərhələsi başa çatıb. Mərkəzi Bank minimum məcmu
kapital tələbinə əməl etməyən, cari fəaliyyəti
etibarlı olmayan, fəaliyyətini prudensial qaydada
həyata keçirməyən bankların lisenziyalarını geri
almaq imkanlarına malikdir”.
V.Bayramovun qənaətincə, artıq 3-cü bankın
lisenziyasının geri alınması bank sektoruna inamın
azalmasına gətirib çıxarmayacaq: “Söhbət o bankların
lisenziyalarının ləğvindən gedir ki, onların bank
sektoruna və sisteminə adiyyatı çox az idi. 3 bankın
lisenziyasının geri alınması kredit faizlərinin
yüksəlməsinə də gətirib çıxara bilməz. Çünki onlar
kreditə olan tələbatın ödənilməsində iştirak
etmirdilər”.
İqtisadçı deyir ki, 10 yaxın bank tam bank
funksiyalarını yerinə yetirə bilmir: “Elə banklar
var ki, Əmanətlərin Sığortalanması Fondunun belə
üzvü deyillər.
Bunun fonunda iki bankın lisenziyasının geri
alınması Mərkəzi Bankın hələ də lisenziyaların geri
alınmasının bank sektoruna mənfi təsir edəcəyindən
ehtiyatlanmasına dəlalət edir. Hesablamalarımız
göstərir ki, tam fəaliyyət göstərə bilməyən
bankların sayi heç də iki
və ya üç
deyil. Onların sayı kifayət qədərdir”.
V.Bayramov MB-nın prosesi mərhələli olaraq həyata
keçirməyə çalışdığını söyləyir.
Mütəxəssis güman edir ki, Mərkəzi Bank yaxın
gələcəkdə də bankların lisenziyalarının geri
alınması barədə qərarlar qəbul edəcək: “ Mərkəzi
Bank 2011-ci ildə çalışacaq ki, nizamnamə kapitalını
yerinə yetirə bilməyən, bank funksiyalarını tam
həyata keçirmək imkanına malik olmayan bankların
lisenziyasını geri almaqla təmizləmə siyasəti həyata
keçirsin”.
|