|
|
|
|
Vüqar Bayramov:
"2010-cu ildə İSİM ekspertləri 25 beynəlxalq
konfranslara sədrlik, həmsədrlik edib"
Xəbər verdiyimiz kimi, ABŞ-ın Pensilvaniya
Universiteti 2010-cu ilin dünya beyin mərkəzlərinin
hesabatının təqdimatını həyata keçirib. Siyahıda
Azərbaycandan ilk dəfə olaraq İqtisadi və Sosial
İnkişaf Mərkəzi Şərqi Avropanın 25 ən yaxşı beyin
mərkəzi siyahısına daxil edilib. İSİM həm də dünyada
öz ölkəsinin iqtisadi siyasətinə faktiki təsir edə
bilən beyin mərkəzlərindən hesab edilir.
Bu əlamətdar hadisə ilə əlaqədar İSİM-in sədri Vüqar
Bayramovla əlaqə saxladıq. "Deyerler.org"a
açıqlamasında Vüqar bəy bu uğurun gözlənilən
olduğunu bildirdi:"İqtisadi
və Sosial İnkişaf Mərkəzinin namizədliyi 2
kateqoriya üzrə ABŞ tərəfindən irəli sürülmüş,
Avropa və Asiyanın bir sıra ölkələri tərəfindən
dəstəklənmişdi. Nəzərə alsaq ki, qiymətləndirmə
prosesi 8 ay davam etmişdi və dünya üzrə sorğu
keçirilmişdi. Bundan sonra isə 1500 ekspert
tərəfindən qiymətləndirmə aparılmışdır.
Sevindiricidir ki, Mərkəzi və Şərqi Avropanın top "beyin
mərkəzləri" siyahısında Azərbaycan artıq təmsil
olunur və İSİM yalnız Azərbaycanı deyil, Qafqaz və
Orta Asiyanı təmsil edir. Siyahıda Azərbaycanda 12 "beyin
mərkəzi"nin olduğu bildirilir, amma çox
təəssüf ki, onların hansılar olduğu qeyd edilmir.
İSİM-in o siyahıda olması bizim üçün çox da
təəccüblü olmadı, çünki son illər, xüsusən 2010-cu
ildə İSİM beynəlxalq əlaqələri kifayət qədər
genişləndirib. Ümumilikdə 2010-cu il İSİM üçün
kifayət qədər uğurlu il oldu. Yalnız 2010-cu ildə
İSİM ekspertləri 25 beynəlxalq konfranslara sədrlik,
həmsədrlik edib. 2010-da İSİM-in 10 təklifi
Azərbaycan hökuməti tərəfindən qəbul edilib. Bundan
başqa, Qazaxıstan və Gücüstan hökuməti üçün də
hazırladığı bir neçə təkliflər qəbul edilib. İSİM
hal-hazırda dünyanın, o cümlədən ABŞ-ın bir neçə "beyin
mərkəzi" ilə əməkdaşlıq edir".
Azərbaycanda "beyin mərkəzləri"nin hazırkı
vəziyyətinə toxunan Vüqar Bayramov bildirdi ki,
dövlətin "beyin mərkəzləri"nə sifariş verməkdə
maraqlı olmaması Azərbaycanda bu sahənin inkişafını
ləngidən əsas amillərdəndir: "Azərbaycanda "beyin
mərkəzi" anlayışı özü yeni anlayışdır. Çünki
təkliflərin hazırlanması, treninqlərin keçirilməsi,
lobbiçilik məsələləri və s. ölkəmizdə yeni
anlayışdır. "Beyin mərkəzi"nin fəaliyyət göstərməsi
üçün maliyyə dayanıqlılığı olmalıdır, keyfiyyətli
təkliflər hazırlanmalı və hökumət tərəfindən qəbul
olunmalıdır. Azərbaycanda bu sahədə problemlər var.
Praktiki olaraq dövlət qurumları "beyin mərkəzləri"
ilə işləmir. Qonşu ölkələr bizə müəyyən sənədlərin
hazırlanması ilə əlaqədar sifarişlər verir. Məsələn,
Gürcüstan, Qazaxıstan, Moldova,
Ukrayna kimi ölkələr bizə sifarişlər verir.
Amma çox təəssüf ki, Azərbaycanda bizim təşklata
iqtisadi sektorla bağlı heç bir sifariş verilməyib.
Biz öz vəsaitlərimiz hesabına müxtəlif sektorlar
üzrə təkrar paketlər hazırlayırıq və hökumətə
veririk. Ölkəmizdə daxili maliyyə mənbələri kifayət
qədər məhduddur. Çünki hökumət "beyin mərkəzləri"nə
sifariş vermədiyi üçün, praktiki olaraq "beyin
mərkəzləri" dövlət resurslarından istifadə etmə
imkanına malik deyillər.
Bütün bunlara baxmayaraq, Azərbaycan artıq
Beynəlxalq arenada təmsil olunmaqdadır. Bu sahənin
daha da inkişaf etdirilməsi üçün hökumət ""beyin
mərkəzləri" ilə əməkdaşlığı gücləndirməli, maliyyə
stabilliyin təmin olunması istiqamətində tədbirlər
həyata keçirilməlidir".
|
|