|
Dünyadakı ərzaq qıtlığı Azərbaycana təsir edəcəkmi?
Vüqar Bayramov: “Qıtlıq olmasa da böhran istehlak
mallarının qiymətlərini artıracaq”
Dünyada ərzağın qiyməti artaraq rekord həddə çatıb.
BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının
(FAO)
bəyanatına əsasən
son qiymət artımının rekordu 2008-ci ildə qeydə
alınıb.
Qiymət indeksinin artması 55 növ qida məhsullarına
şamil edilib. Bu isə dünyada qənd, dənli bitkilər,
yağ və ətin qiymətinin artmasından irəli gəlib.
Yeri gəlmişkən FAO dünyada ərzaq böhranının yarana
biləcəyinə dair də xəbərdarlıq edir. Bildirir ki,
təkcə ötən ilin oktyabrında dünyada ərzağın qiyməti
5 faiz artıb. Taxılın qiyməti isə son 2 ildə ən
yüksək həddə çatıb. Nəticədə birjalarda 1 kiloqram
ərzaq buğdasının qiyməti 29 sentdir. Braziliyada
quraqlıqla əlaqədar 1 kiloqram şəkərin qiyməti son
30 ildə ilk dəfə 70 sentə təklif edilir. Şəkərin
bahalaşması ilə əlaqədar qənnadı məhsulları
istehsalçılarının malların qiymətini artıracağı
istisna olunmur. Ət və süd məhsullarının qiymətlərinin
qalxması isə dünyada taxıl böhranının yaranmasının
heyvan yeminin bahalaşmasına gətirib çıxarmasıı ilə
əlaqələndirilir.
Qeyd edək ki, dünyada ərzaqın bahalaşması Azərbaycana
yeyinti məhsullarının idxalının artdığı vaxta
təsadüf edir. Dövlət Gömrük Komitəsinin məlumatına
görə, ötən ilin 9 ayında Azərbaycana ət məhsulları,
buğda, şəkər və yağların idxalı artıb. İdxalın
artması ilə yanaşı ölkəyə gətirilən ərzaq
məhsullarının qiymətində də artım müşahidə olunub.
Belə ki, son 1 ildə Azərbaycana idxal olunan ət
məhsulları 40 faiz bahalaşıb. Ötən il ölkə
sərhədində 22 qəpiyə başa gələn ərzaq buğdasının
qiyməti 28 qəpiyə qalxıb. Ölkəyə gətirilən şəkərin
qiyməti isə 1 il əvvəllə müqayisədə 54 faiz artıb.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir ki, dünyada
müşahidə edilən ərzaq qıtlığının Azərbaycanın
istehlak bazarına təsir edəcəyi proqnozlaşdırılır:
“Güman edilir ki, dünya bazarında qiymətlərin
artması, eləcə də ərzaq qıtlığının yaranması ölkəyə
idxal edilən məhsulların qiymətlərində kəskin
artımlara səbəb olacaq. Xüsusən, 2010-cu ildə kənd
təsərrüfatı məhsullarının, o cümlədən ərzaq
istehsalının azalması nəticəsində Azərbaycanda
ərzaq məhsullarına tələbatın ödənilməsi
istiqamətində boşluq yaranıb. Dünyada qıtlıq davam
edərsə, bu birmənalı şəkildə ölkədə ərzaq
məhsullarının qiymətlərinin artmasına gətirib
çıxaracaq”.
Bununla belə iqtisadçı Azərbaycanda ərzaq qıtlığının
yaşanacağını güman etmir: “Ərzaq məhsullarına
tələbatın ödənilməsi istiqamətində problemlər
gözlənilmir.Lakin böhran istehlak mallarının
qiymətlərinin artımına səbəb olacaq. O baxımdan
2011-ci ildə ərzaq məhsullarının qiymətlərinin
artması proqnozlaşdırılır”.
Azərbaycan istehlak bazarının dünyadakı qiymət
artımlarına asdekvat reaksiya verdiyini vurğulayan
iqtisadçı vətəndaşların böhranını təsirlərini
qiymətlərdə hiss edəcəklərini söyləyir.
|