|
“Qara bazarda” çeklərin alqı-satqısı davam edir
Vüqar Bayramov: “Özəlləşdirmə
paylarının istifadə müddəti başa çatdığından
özəlləşdirmə prosesində çeklərdən istifadəni mümkün
deyil”
Azərbaycanda özəlləşdirmə paylarının istifadə
müddəti başa çatsa da “qara bazarda” çeklərin
alqı-satqısı davam edir. Xatırladaq ki, 1996-ci
ildən bu tərəfə özəlləşdirmə prosesi çərçivəsində
25,5 milyona yaxın dövlət özəlləşdirmə çeki silinib.
Bu da dövriyyəyə buraxılmış ümumi çeklərin təxminən
80 faizini təşkil edib. Hazirda 6 milyona yaxın
özəlləşdirmə çekinin dövriyyədə olduğu deyilir. Onu
da bildirək ki, ümumilikdə vətəndaşlara 31,9 milyon
özəlləşdirmə çeki paylanılıb. Qanunvericiliyə uyğun
olaraq 1997-ci il yanvar ayının 1-dək anadan olmuş
Azərbaycan Respublikasının hər bir vətəndaşına
əvəzsiz olaraq 4 çekdən ibarət özəlləşdirmə payları
verilib.
Dövlət özəlləşdirmə çeklərindən daha geniş
istifadənin təmin olunması məqsədi ilə onların
tədavül müddəti bir neçə dəfə uzadılıb. Belə ki,
ölkə prezidentin müvafiq fərmanları ilə 2002-ci il
yanvarın 1-nə, 2004-cü il iyulun 1-nə, 2008-ci il
yanvarın 1-nə kimi çeklərdən istifadə müddəti
artırılmışdı. 23 dekabr 2009-cu il tarixində imzalal
fərmanla sonuncu dəfə çeklərin tədavül müddəti
uzadılıb.2010-cu il isə son tarix kimi qeydə alınıb.
Bununla belə Əmlak Məsələləri Dövlət Komitəsi
Azərbaycanda özəlləşdirmə çeklərinin istifadə
müddətinin başa çatmasından sonrakı dövr üçün yeni
özəlləşdirmə mexanizmləri müəyyənləşdirilib.
Komitədən deyilir ki, prezidentin “Azərbaycanda
dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına əlavələr və dəyişikliklər edilməsi
barədə” 22 iyun 2010-cu il tarixli Fərmanına əsasən
yaradılan yeni mexanizmlər özəlləşdirmə paylarının (çeklərin)
müddəti başa çatandan sonra əhalinin özəlləşdirmədə
iştirakını təmin edəcək.
Bu dəyişikliklər həm səhmdar cəmiyyətlərinin
səhmlərinin güzəştli satışı, pul və
ixtisaslaşdırılmış çek hərracları, həm də kiçik
müəssisələrin özəlləşdirilməsi prosesini əhatə edir.
İqtisadçı-alim Vüqar Bayramov bildirir ki, çeklərin
alqı-satqısının hələ də davam etməsi əhalidə
özəlləşdirmə paylarından istifadə müddətinin
uzadılacağı ilə bağlı inamın olması və eləcə də
dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı dövlət
proqramına hər hansı əlavə və dəyişikliyin
olunmaması ilə əlaqədardır: “Əmlak Məsələləri Dövlət
Komitəsi cari ildə çek hərraclarının
keçirilməyəcəyi barədə açıqlama yayıb. Əslində,
komitə uzun müddət az sayda çek hərracları təşkil
edib. Təşkil olunan çek hərraclarının əksəriyyəti
isə Bakıda deyil rayonlarda keçirilib. O baxımdan
dövriyyədə olmasına baxmayaraq 2010-cu ildə də
özəlləşmə paylarından geniş şəkildə istifadə etmək
mümkün olmayıb. Bu isə birbaşa çek hərraclarının
keçirilməməsi ilə bağlı idi”.
V.Bayramov istifadə müddəti uzadılmadığından indiki
halda özəlləşdirmə paylarından isitifadəni mümkün
saymir: “Ölkə prezidentinin imzaladığı “Azərbaycanda
dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı
Azərbaycan Respublikası Prezidentinin bəzi
fərmanlarına əlavələr və dəyişikliklər edilməsi
barədə” 22 iyun 2010-cu il tarixli Fərmanı
özəlləşdirmə paylarının müddəti başa çatandan sonra
əhalinin özəlləşdirmədə iştirakına imkan verir.
Lakin konkret olaraq vətəndaşların özəlləşdirmə
prosesində hansı formada iştirak etmə imkanları
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən
müəyyənləşdirilir. Düzdür, fərmanda vətəndaşların
pullu hərraclarda iştirak forması nəzərdə tutulub.
Lakin əgər müəsisələrin səhmlərinin bir qismi qapalı
hərraclara çıxarılarsa, artıq həmin hərraclarda
səhmlərin pulla alınması həyata keçiriləcək. Əmlak
Məsələləri Dövlət Komitəsi qapalı hərraclara görə
pullu hərraclarlar keçirmək niyyətindədir”.
İqtisadçı deyir ki, ”qara bazarda” alqı-satqının
davam etməsinə baxmayaraq, özəlləşmə prosesində
çeklərdən istifadə mümkün deyil. Onun fikrincə,
çeklərdən istifadə müddətinin uzadılması ehtimalları
kifayət qədər azdır: “Adətən belə qərarlar dekabr
ayında qəbul edilir. Bununla belə dövriyyədə 6
milyona yaxın çek var. İstər özəlləşmə paylarının
alqı-satqısı ilə məğul olanlar, istərsə də çek
sahibləri hesab edirlər ki, hər 5 özəlləşmə
payından biri istifadə edilmədiyindən 2011-ci ildə
yeni mexanizmlər tətbiq ediləcək”.
V.Bayramov Əmlak Məsələləri Dövlət Komitəsinin hər
hansı mexanizm hazirlayacağını güman etmir. Bildirir
ki, müəyyən müddətdən sonra “qara bazarda” çeklərin
alqı-satqısının dayanması müşahidə ediləcək.
|