|
Sosial ipoteka kreditlərinin verilişi dayandırıla
bilər
Vüqar Bayramov: “Gələn
il üçün İpoteka Fondunun maliyyə problemləri
dərinləşəcək”
Gələn il üçün sosial ipoteka kreditlərinin verilişi
dayandırıla bilər. Bu barədə açıqlama verən
İqtisadçı-alim Vüqar Bayramov 2011-ci ildə
İpoteka Fondunun vəsaiti ilə verilən ipoteka
kreditlərinin həcminin azaldılacağının
gözlənildıyini deyir: “ Güman edilir ki, növbəti
ildən fond daha çox adi ipoteka kreditlərinin
verilməsinə vəsait ayıracaq. 2011-ci ildə sosial
ipoteka kreditlərinin həcminin kəskin azaldılması
nəzərdə tutulub. Ümumiyyətlə bu istiqamətə dövlət
büdcəsindən vəsaitin ayrılıb-ayrılmayacağı
qaranlıqdı”.
Ekspertin rəyinə görə, gələn il üçün sosial ipoteka
kreditlərinin verilişinin davam
etdirilib-etdirilməməsi məsələsi açıq qalmaqdadir:
“Xatırladım ki, 2009-2010-cu illərdə sosial ipoteka
kreditlərinin verilməsinə dövlət büdcəsindən 14
milyon manata yaxın vəsait ayrılmışdı. Eləcə də adi
ipoteka kreditlərinin verilməsi üçün İpoteka Fondu
75 milyon manatlıq ipoteka istiqrazının
yerləşdirilməsini həyata keçirib. Artıq fond
istiqrazların yerləşdirilməsi prosesini başa
çatdırır. Məlumat üçün qeyd edim ki, bir istiqrazın
nominal dəyəri 1 000 AZN, istiqraz üzrə gəlirlilik
3,25% faizdir. 1000 manatlıq istiqraz alan vətəndaş
il ərzində 32,5 manat gəlir əldə edir. Halbuki, bu
pul depozit şəklində hər hansı kommersiya bankına
yerləşdirilsə, vətəndaş 32,5 manat deyil, 120 manat
gəlir əldə etmiş olar”.
V.Bayramov gələn il üçün İpoteka Fondunun maliyyə
problemlərinin dərinləşəcəyini istisna etmir.
Bildirir ki, ipoteka proqramının davamlı maliyyə
mənbələri olmadığından uzunmüddətli deyil:”
Güzəştli ipoteka proqramı dövlət büdcəsinin
vəsaitləri hesabına həyata keçirilir. Adi ipoteka
kreditlərinin verilməsində isə yalnız 1 maliyyə
mənbəyinin olması bu kreditlərin davamlı olmasına
imkan yaratmır. Müqayisə üçün qeyd edim ki, Litvada
İpoteka Fondu istiqrazları yerləşdirən zaman
müxtəlif stimullaşdırıcı addımlar atır. Bura
istiqrazların uduşlu olması və ya prosesə
instusional investorların cəlb edilməsi və sair.
aiddir. Bütün bunların nəticəsidir ki, Litvada
İpoteka Fondunun nizamnamə kapitalı və ya büdcəsi
2,5 milyard dollardır.Həmin vəsaitin yalnız 10 faizi
Litva dövlət büdcəsinin vəsaitləri hesabına
formalaşır. Azərbaycanda adi ipoteka kreditləri
istiqrazların satılması yolu ilə verilsə də
istiqrazlar üzrə gəlirliyin aşağı olması
investorların prosesə marağını azaldır.Bir sıra
hallarda ipoteka istiqrazlarının alınması könüllü
xarakter daşımır”.
|