|
Gələn il kredit faizləri aşağı düşəcək
Eyni zamanda müflişləşən bankların sayında da artım
olacaq
Artıq bir müddətdir ki, banklar yüksək faizlə
depozit qəbuluna dair reklamları dayandırıblar.
Səbəb onların 12 hətta 10-11 faizlə depozit cəlb
etmələridir. Belə ki, Əmanətlərin Sığortalanması
Dövlət Fondunun təhlilləri bankların 80 faizinin 12
faizə qədər depozit cəlb etdiyini göstərir. Onu da
bildirək ki, əmanətlər nə qədər yüksək faizlə
götürülürsə, banklar bir o qədər də yüksək faizlə
kredit verirlər. Bu gün faizlərin aşağı salınmasında
isə təkcə biznes subyektləri deyil, rəsmilər də
maraqlıdırlar. Çünki iqtisadiyyatın inkişaf etməsi
üçün ucuz pullara ehtiyac var. Bunları nəzərə alaraq
yaxın zamanlarda bank bazarında dəyişikliklərin baş
verəcəyi istisna olunmur. Məlumat üçün qeyd edək ki,
Azərbaycanda depozit və kredit faizləri inkişaf
etimiş ölkələrlə müqayisədə çox yüksəkdir. Məsələn,
Türkiyədə depozit faizi təxminən 9, kredit faizi isə
təxminən 15 faiz təşkil edir.
İqtisadi və Sosial İnkishaf Mərkəzinin sədri Vüqar
Bayramov bildirir ki, 2011-ci ildə bank sektoru ən
çox dəyişikliklərin baş verəcəyi sahə olacaq.
Dəyişikliklərin iki istiqamətdə inkişaf edəcəyini
diqqətə çatdıran V. Bayramovun sözlərinə görə,
bunlardan biri kredit bazarında proqnozlaşdırılan
dəyişikliklər olacaq. Yəni gələn il kredit
faizlərinin aşağı düşəcəyi gözlənilir: ”Bu da
birbaşa onunla bağlıdır ki, 2011-ci ildə kommersiya
banklarının maliyyə resurslarına çıxışları
genişlənəcək. Banklar ölkədən kənarda daha ucuz
maliyyə resursları cəlb etmək imkanlarına malik
olacaqlar. Nəticədə bankların kredit portfelində
ucuz kreditlərin payı və aktivlərinin həcmi
artacaq”.
İqtisadçı deyir ki, gələn il bankların cəlb edəcəyi
əmanətlər üzrə faiz dərəcələri də aşağı olacaq:
“2011-ci ilin əvvəlindən başlayaraq Əmanətlərin
Sığortalanması Fondu sığortalanan əmanətlər üzrə
faiz dərəcələrini 12 faizdə 10 faizə endirilməsi
barədə qərar qəbul edəcəyi proqnozlaşdırılır.
Hansıki bunun da kredit bazarına birbaşa təsiri
olacaq. Əmanətlər üzrə faiz dərəcələrinin aşağı
düşməsi analoji olaraq kredit faizlərinin aşağı
düşməsinə gətirib çıxaracaq. Bu gün kredit
faizlərinin yüksək olması həmçinin əmanətlər üzrə
ödənilən dividentlərin dərəcələrinin yüksək
olmasından irəli gəlir. Əmanətlərin Sığortalanması
Fondunun gözlənilən qərarı kredit faizlərinin aşağı
düşməsinə səbəb olacaq”.
V.Bayramov bildirir ki, likvidliyin artırılması
istiqamətində atılan addımlar banklara daha çox
kredit təklif etmək imkanı yaradacaq: “Kredit
bazarında yaranmış bolluq iqtisadiyyata müsbət təsir
göstərəcək. Nəzərə almaq lazımdır ki, bu gün təklif
edilən kredit faizləri əvvəlki illərə nisbətən
aşağı olsa da, maliyyə resurslarının azlığı
səbəbindən kommersiya bankları kreditlər üzrə
təklifləri qarşılamaq imkanına malik deyillər. Yəni
hazırda kredit faizlərinin aşağı düşməsi real
sektora ciddi təsir gösətrmir”.
Mütəxəssisin qənaətinə görə, 2011-ci ildə kredit
təklifində artımlar baş verərsə, kommersiya bankları
daha çox kredit təklif etmək imkanlarına malik
olarlarsa, bu birmənalı şəkildə real sektora musbət
təsir edəcək: “Bank sektorunda 2011-ci il üçün digər
istiqamət müflisləşən bankların sayının artmasıdır.
Növbəti ildə də Mərkəzi Bank bəzi kommersiya
banklarının lisenziyalarının geri alınması yönündə
qərar qəbul edəcək. Çünki, Mərkəzi Bankın bankların
birləşməsi ilə bağlı çağırışlarına baxmayaraq,
müflisləşmə təhlükəsi olan, 10 milyon manatlıq
nizamnamə kapitalının formalaşdıra bilməyən
bankların birləşməsi baş verməyib. O baxımdan güman
edilir ki, ilə bağlı müflisləşmək təhlükəsi olan
banklar gələn il bundan qaça bilməyəcəklər. Həmin
banklarının lisenziyalarının geri alınması bank
sektorunun təmizlənməsi kimi xarekterize
olunmalıdır.”
Bir müddət əvvəl 2 bankın lisenziyasının geri
alındığını vurğulayan ekspert deyir ki, funksional
olmayan bankların lisenziyalarının alınması bank
sektoruna inamı azaltmır: “Mərkəzi Bank funksional
olmayan bankların lisenziyalarının geri alınması
gələn il də davam etdiriləcək. 2011-ci idlə
kommersiya banklarının sağlamlaşdırılması üçün
kifayət qədər imkanlar var.O imkandan istifadə etmək
kommersiya banklarının və mətkəzi bankın həyata
keçirdiyi siyasətdən asılı olacaq.
|