Çörəyin qiyməti düşməyəcək

Vüqar Bayramov: “Əlavə dəyər vergisinin ləğvi yönündə qərar gecikib”

Nazirlər Kabinetinin qərarı ilə xarici ölkələrdən Azərbaycana gətirilən buğda və un əlavə dəyər vergisindən (ƏDV) azad edilib. Nəzərə çatdıraq ki, qərarın qəbulu zamanı İqtisadi İnkişaf Nazirliyinin Kənd Təsərrüfatı, Fövqəladə Hallar, Maliyyə, Vergilər Nazirlikləri və Dövlət Gömrük Komitəsi ilə razılaşdırılmış təklifi nəzərə alınıb. Kənd təsərrüfatı nazirliyinin  yetkililəri bildirir ki,  ƏDV-nin ləğvindən sonra gələcəkdə dünya bazarında ərzaq buğdası bahalaşacağı təqdirdə belə  Azərbaycanda un və çörəyin qiymətində artım olmayacaq O da qeyd olunur ki,  qərarın  tətbiqi  çörəyin qiymətinin və unun qiymətinin artmasının qarşısını alcaq.

Müqayisə üçün bildirək ki, əgər indiyədək ölkəyə idxal olunan 50 kq-lıq unun kisəsi 19 manata başa gəlirdisə, əlavə dəyər vergisinin ləğvindən sonra bu rəqəm 15,6 manatadək azala bilər. Bu arada rəsmilərin bildirdiyinə görə, hazırda  ölkədə 2 milyon tondan çox taxıl ehtiyatı var. Azərbaycanın taxıla olan aylıq tələbatı 135 min ton təşkil edir.

İqtisadçı-alim Vüqar Bayramov  Nazirlər Kabinetinin məsələlərə çevik reaksiya vermədiyini deyir. Mütəxəssisin sözlərinə görə,  əlavə dəyər vergisinin ləğvi yönündə qərar gecikib. Bu səbəbdən də   qərarın əhəmiyyəti azalıb:”  İqtisadi və Sosial İnkişaf Mərkəzi hələ 2010-cu ilin ortalarında ölkəyə gətirilən buğda və unun əlavə dəyər vergisindən azad edilməsini təklif etmişdi. Təəssüf ki, o zaman  Nazirlər Kabineti bu məhsulların əlavə dəyər vergisindən azad edilməsi yönündə qərar qəbul etmədi. Baxmayaraq ki, Kənd Təsərrüfatı Nazırliyi də belə bir qərarın olacağına dair açıqlama yaymışdı”.

V.Bayramovun sözlərinə görə, Nazirlər Kabinetinin buğda və unun əlavə dəyər vergisindən azad edilməsi yönündə qərarının gecikməsinin bir sıra neqativ nəticələri olub: “Əgər Nazirlər Kabineti zamanında sözügedən məhsulların əlavə dəyər vergisindən azad edilməsi istiqamətində qərar versəydi o zaman  taxıl idxalı ilə məşğul olanlar ölkəyə  ucuz və çox məhsul gətirmiş olacaqdılar. Əlavə dəyər vergisinin götürülməməsi  dünya bazarında taxılın ucuz olduğu zamanlarda yerli iş adamlarının daha az həcmdə idxal həyata keçirmələrinə gətirib çıxardı. Misal üçün, hazırda iyun ayı ilə müqayisədə  Qazaxıstanda, eləcə də dünya bazarında taxılın qiyməti kifayət  qədər qalxıb”.

İqtisadçı deyir  ki, əslində buğda və unun əlavə dəyər vergisindən azad edilməsi bu məhsulların idxal xərclərinin azalmasına səbəb olacaq: “Xatırladım ki, buğda və un 18 faizlik   əlavə dəyər vergisinə cəlb edilmişdi. Nəzərə alsaq ki, cari ildə taxıl istehsalının  azalması Azərbaycanı taxıl idxalından daha çox asılı edib”. V.Bayramov ölkədə çörək və buğdanın qiymətinin düşəcəyini güman etmir: “Çörəyin qiymətinin ucuzlaşması indiki halda müzakirə edilə bilməz. Çünki çörəyin istehsal xərci kifayət qədər çoxdur. Əlavə dəyər vergisinin ləğvi yalnız son iki ayda dünya bazarındakı qiymət artımlarını sığortalaya bilər. Bu buğdanın xərcinin azalmasına səbəb olmayacaq”. 

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.