|
Banklar birləşəcəklərmi?
Vüqar Bayramov: “Son proseslər bankların biləşməkdə
maraqlı olmadığını göstərir”.
"Zəif banklar, fəaliyyət göstərə bilməyən və
bütövlükdə bank sisteminə və bank sferasının
etibarına problem yarada biləcək banklar bu
sistemdən uzaqlaşdırmalıdır".
Bunu Mərkəzi Bankın İdarə Heyətinin sədri Elman
Rüstəmov bildirib.Onun sözlərinə görə, bu cür hallar
bütün dünyada müşahidə edilir:
“Analoji
proses həm ABŞ-da, həm də qonşu Rusiyada gedir.
Bütün ölkələrdə zəif banklar sistemdən
uzaqlaşdırılır”.E.Rüstəmov
bankları konsolidasiyaya dəvət edərək,
fəaliyyətlərini düzgün qurmaq və daha geniş biznesə
malik olmaq üçün birləşməyə çağırıb: “Hesab edirəm
ki, yerli banklar özləri könüllü birləşməlidirlər və
konsolidasiya olmalıdırlar”.
E.Rüstəmovun çağırışına münasibət bildirən İqtisadi
və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramovun fikrincə, bu dəfəki birləşmə çağırışı
əvvəlkilərdən fərqlənir: “Belə ki, Mərkəzi Bank
əvvəllər bankların birləşməsini məqsədəuyğun hesab
edirdisə, artıq qurum bankları könüllü şəkildə
birləşməyə dəvət edir. Bu da o deməkdir ki, banklar
könüllü birləşmədikləri halda Mərkəzi Bank onların
lisenziyalarını geri alacaq”.
2009-cu ilin sonunda Mərkəzi Bankın bankları
birləşməyə çağırdığını xatırladan iqtisadçı deyir ki,
artıq bir il keçir və banklar tərəfindən belə addım
atılmayıb: “ Bunun səbəbi odur ki, Azərbaycanda
biznes subyektlərinin birgə fəaliyyət təcrübələri
yoxdur. Əksər Azərbaycan şirkətləri, banklar
fəaliyyətlərini dayandırmağa razıdırlar, amma
birləşməyə yox. Bu da onun nəticəsidir ki,
özəlləşdirmə müəssisələrinin 90 faizindən artığı 1
şəxs tərəfindən idarə olunur”. İqtisadçının
sözlərinə görə, fəaliyyətlərini bərpa edə bilməyən
kommersiya bankları birləşməklə bağlı qərar qəbul
etmədikləri halda Mərkəzi Bank onların
lisenziyalarını geri alacaq: “Bir sıra banklar
nizamnamə kapitalının formalaşmasında problemlərə
malikdirlər. Onlar Mərkəzi Bankın tələb etdiyi 10
milyon manat nizamnamə kapitalını formalaşdıra
bilmirlər.İndiki halda onların birləşməsi məqbuldur.
Birləşməklə banklar nizamnamə kapitalı ilə bağlı
tələbi yerinə yetirə , o cümlədən faəliyyətlərini
bərpa edə bilərlər. Amma son proseslər bankların
biləşməkdə maraqlı olmadığını göstərir”.
Ekspert E.Rüstəmovun çağırışını nizamnamə kapitalını
yerinə yetirə bilməyən banklara son çağırış kimi
dəyərləndirir: “Mərkəzi Bankın indiki açıqlamasının
daha ciddi olduğu güman edilir. Kommersiya bankları
Elman Rüstəmovun çağırışını qəbul etməsələr çox
yaxın zamanlarda bir neçə bankın lisenziyası geri
alınacaq”.
|