|
|
|
|
Lisenziyası ləğv edilməli bankların sayı çoxluq
təşkil edir
Vüqar Bayramov: “Mərkəzi Bank 2011-ci ildə bank
sektorunda təmizləmə siyasəti həyata keçirməyə
çalışacaq”
Mərkəzi Bank iki bankın lisenziyası ləğv edilib.
Belə ki, minimum məcmu kapital tələbinə əməl
etmədiyinə, bank qanunvericiliyinin tələblərini
pozduğuna, o cümlədən idarəetməni, cari fəaliyyətini
etibarlı, prudensial qaydada həyata keçirmədiyinə,
Mərkəzi Bankın ardıcıl və davamlı göstərişlərinə
riayət etmədiyinə görə “Debütbank” ASC və
“Kövsərbank” ASC-yə bank əməliyyatlarının aparılması
üçün verilmiş lisenziyalar ləğv olunub. MB-nın
qərarı ilə “Debütbank” və “Kövsərbank” ASC-lərə
müvəqqəti inzibatçılar təyin edilib.
Xatırladaq ki, “Kövsərbank” ASC 1989-cu ildə
“Universal Bank” kimi yaradılıb. Cari ilin oktyabr
ayının 1-nə bankın aktivlərinin həcmi 21,843 mln.
manat, depozit portfeli 3,165 mln. manat, o cümlədən
əhalinin əmanətləri 1,307 mln. manat, məcmu kapitalı
12,491 mln. manat, o cümlədən nizamnamə kapitalı
12,020 mln. manat təşkil edib. Bankın ölkə üzrə 2
filialı, 1 bankomatı və 25 işçisi olub. Bank şəriət
prinsipləri əsasında fəaliyyət göstərdiyinə görə
faizlə kreditlər təklif etməyib. Təsisçisi bir neçə
yerli fiziki şəxs olan “Debütbank” ASC isə 1994-cü
ildən fəaliyyət göstərir. Hazırda bankın ölkə üzrə 7
filialı mövcuddur. Bank son illər ərzində maliyyə
göstəricilərini açıqlamayıb.
Mərkəzi Bankın son qərarlarına münasibət bildirən
iqtisadçı-alim Vüqar Bayramov bank sektorunda
analoji qərarların veriləcəyinin gözlənilən olduğunu
deyir: “Hətta qlobal maliyyə böhranının birinci
mərhələsi başlayan zaman (2008-ci ildə) fəaliyyət
göstərməyən, eləcə də Mərkəzi Bankın minimum
nizamnamə kapitalı ilə bağlı öhdəliklərini yerinə
yetirə bilməyən bankların lisenziyalarının alınacağı
proqnozlaşdırılırdı”. Mərkəzi Bankın kommersiya
bankları üçün minimum nizamnamə kapitalını 10 milyon
manat müəyyən etdiyin xatırladan V.Bayramov bir sıra
bankların nizamnamə kapitalı ilə bağlı öhdəliklərini
yerinə yetirə bilmədiklərini söyləyir. İqtisadçı
bildirir ki, hətta bəziləri tam şəkildə fəaliyyət
göstərmirlər: “Lisenziyası ləğv edilən baklar heç də
cari ildə Mərkəzi Bankın şərtlərini yerinə yetirə
bilməyən banklar deyil. Son iki ildə “Debütbank” ASC
və “Kövsərbank” ASC-nin fəaliyyəti hiss
edilməyib. Sadəcə Mərkəzi Bank böhran dövründə bu
bankların lisenziyasını geri almaqla digər
bankların fəaliyyətinə mənfi təsir göstərməkdən,
banklara inamın azalmasından ehtiyatlanıb konkret
qərar qəbul etməyib. Artiq bank sektorunda müəyyən
stabilləşmə meyilləri hiss edilməkdədir. Qlobal
maliyyə böhranının birinci mərhələsi başa çatıb.
Mərkəzi Bank minimum məcmu kapital tələbinə əməl
etməyən, cari fəaliyyəti etibarlı olmayan,
fəaliyyətini prudensial qaydada həyata keçirməyən bankların
lisenziyalarını geri almaq imkanlarına malikdir”.
V.Bayramovun qənaətincə, iki bankın lisenziyasının
geri alınması bank sektoruna inamın azalmasına
gətirib çıxarmayacaq: “Söhbət o
banklarınlisenziyalarının ləğvindən gedir ki,
onların bank sektoruna və sisteminə adiyyatı çox az
idi. İki bankın lisenziyasının geri alınması kredit
faizlərinin yüksəlməsinə də gətirib çıxara bilməz.
Çünki onlar kreditə olan təbatın ödənilməsində
iştirak etmirdilər”.
İqtisadçı deyir ki, 10 yaxın bank tam bank
funksiyalarını yerinə yetirə bilmir: “Elə banklar
var ki, Əmanətlərin Sığortalanması Fondunun belə
üzvü deyillər. Bunun fonunda iki bankın
lisenziyasının geri alınması Mərkəzi Bankın hələ də
lisenziyaların geri alınmasının bank sektoruna mənfi
təsir edəcəyindən ehtiyatlanmasına dəlalət edir.
Hesablamalarımız göstərir ki, tam fəaliyyət göstərə
bilməyən bankların sayi heç də iki deyil. Onların
sayı kifayət qədərdir”.
Bu gün tam fəaliyyət göstərə bilməyən bankların
sayının çox olduğu halda Mərkəzi Bankın yalnız
“Debütbank” və “Kövsərbank”ın lisenziyalarını ləğv
etməsinin səbəblərinə gəlincə, V.Bayramov deyir ki,
MB prosesi mərhələli olaraq həyata keçirməyə çalışır.
Mütəxəssis güman edir ki, Mərkəzi Bank yaxın
gələcəkdə də bankların lisenziyalarının geri
alınması barədə qərarlar qəbul edəcək: “ Mərkəzi
Bank 2011-ci ildə çalışacaq ki, nizamnamə kapitalını
yerinə yetirə bilməyən, bank funksiyalarını tam
həyata keçirmək imkanına malik olmayan bankların
lisenziyasını geri almaqla təmizləmə siyasəti həyata
keçirsin”.
|