|
Mənzillərin qiymətindəki azalmalar davam edəcək
Vüqar Bayramov: “Əmlak bazarındakı vəziyyət
mənzillərin qiymətlərinin azalmasına iqtisadi əsas
yaradır”
Qlobal iqtisadi böhranın səngiməsinə baxmayaraq,
paytaxtda mənzillərin qiyməti ucuzlaşmaqda davam
edir. Ekspertlərin rəyinə görə, evlərin qiymətinin
düşməsi növbəti ildə də davam edəcək. Buna səbəb
isə iqtisadi aktivliyin azalması fonunda bazara
çıxarılan mənzillərin sayının çoxluğu, qiymətlərin
şişirdilmiş olmasıdır.
İqtisadçı alim Vüqar Bayramovun fikrincə,
mənzillərin qiymətinin ucuzlaşması proqnozlaşdırılan
idi: “Monitorinqlər mənzil bazarında tələbatın
artmasının müşahidə edilmədiyini göstərir.Bununla
yanaşı alıcıların sayının azalması qiymətlərin
artmasına, eləcə də stabilləşməsinə imkan vermir”.
Mütəxəssis deyir ki, qiymətlərin aşağı düşməsinin
əsas səbəbi alıcıların azlığına rəğmən bazara
çıxarılan mənzilllərin sayının çoxluğudur:
“Mənzillərin qiymətinin düşməsinin daha bir səbəbi
Bakida evlərin qiymətinin yüksək olmasıdır. Hətta
indiki qiymətlər belə iqtisadi səbəblərlə izah edilə
bilməz”.
Paytaxtda mənzillərin qiymətini Şərqi və Qərbi
Avropa ölkələrində mənzillərin qiyməti ilə müqayisə
edən iqtisadçı bildirir ki, Berlində 50 min avroya 3
otaqlı mənzil almaq mümkündürsə, Bakının mərkəzi
rayonlarında 50 min avroya 2 otaqlı mənzil yoxdur.
O baxımdan V.Bayramov hesab edir ki, hazırkı
qiymətlər də kifayət qədər yüksək, süni və
şişirdilmis qiymətlərdir. .
V.Bayramov hesab edir ki, qiymətlərin
şişirdilməsi, eləcə də süni olması evlərin
ucuzlaşmasını stimullaşdıran səbəblərdəndir. Məlum
olur ki, yeni tikililərə tələbat da aşağı düşüb:
“İpoteka proqramı mənzil bazarında canlanmanın
yaranmasına, qiymətlərin artmasına və yaxud
stabilləşməsinə stimul yarada bilmir. Çünki
proqramın Bakının 1-ci və 2-ci zonalarındakı mənzil
bazarına təsir imkanları yoxdur.Belə ki, adi ipoteka
kreditlərində maksimum məbləğ 50 min, sosial ipoteka
kreditlərində isə 35 min manatdır”.
Mütəxəssis qeyd edir ki, İpoteka Fondunun “Standart
paket”ın ardınca ipoteka krediti almaq üçün tələb
olunan ilkin məbləği 15%-dən 20%-ə qaldırılması bu
xəttlə ev alanların sayının azalmasına gətirib
çıxaracaq: “Güman edilir ki, Bakının mənzil
bazarında durğunluq yaxın aylarda da davam edəcək və
qiymətlərin artması gözlənilmir. Əksinə, ilin sonu,
gələn ilin əvvəllərində evlərin qiyməti düşəcək”.
|