|
Vüqar Bayramova imza verən seçicilərə təzyiqlərə
başlanılıb
Tanınmış iqtisadçı alimin ölkə başçısına müraciəti
yerli icra hakimiyyəti orqanlarında təlaş yaradıb
Xəbər verdiyimiz kimi 83 saylı
Ağcabədi-Füzuli dairə seçki komissiyası saxta
arqumentlər ilə qanunsuz olaraq tanınmış iqtisadçı
Vüqar Bayramovun namizədliyini qeydə almaqdan imtina
edib. DSK əsas səbəb kimi təqdim olunan imzaların
425-nin etibarlı olması, namizədliyin qeydiyyata
alınması üçün 25 etibarlı imzanın çatmamasını
gətirib. Namizədin seçki qərargahından isə
bildirirlər ki, imzaların yığılması prosesinə Vüqar
Bayramovun özü birbaşa nəzarət edib. İmzalar yığılan
zaman bir nəfərin digərinin əvəzinə imza atması
faktına yol verilməyib
Bü gün isə məlum olub ki, V.Bayramova imza verən
seçicilərə təzyiqlərə başlanılıb. Füzuli Rayon icra
hakimiyyətinin yerli nümayəndələri ev-ev gəzib
iqtisadçıya imza verən seçicilərdən izahat almağa
çalışaraq, onları imzalarından imtina etməyə məcbur
edirlər. Bu barədə iqtisadçı alimin seçki
qərargahına təzyiqlərə məruz qalan imza
vərəqəqlərində adı olan seçicilər bildirib. Seçki
qərargahından deyilir ki, seçicilərə qarşı müxtəlif
təzyiqlərdən istiadə olunur: “İzahat yazmaq
istəməyən vətəndaşlara hədə-qorxu gəlirlər. Onların
özlərini və ya yaxınlarının işdən çıxarmaqla
hədələyirlər”.
Qərargahdan bildirirlər ki, seçicilərə qarşı
təzyiqlər V.Bayramovun ölkə prezidentinə etdiyi
müraciətlə bağlıdır:”83 saylı Ağcabədi-Füzuli seçki
dairəsində saxtalaşdırma aparan yerli icra hakiyyəti
məsələnin böyüməsinə, haqsızlığın üzə çıxmasından
ehtiyatlanaraq belə addımlar atır. Bu arada qeyd
etdiyimiz kimi, icra hakimiyyəti orqanları əvvəldən
dairədə bütün şanslı namizədləri sıradan çıxarmaq
niyyətində idi. O baxımdan, yerli icra hakimiyyəti
orqanları özlərini “sığortalamağa” çalışaraq
seçiclərdən məcburi və qanunsuz olaraq izahatlar
almağa çalışırlar. İmza vərəqələrində adları olan
seçicilərin təzyiqlərə baxmarayaq saxta izahatlar
yazmaqdan imtina etməsi isə icra orqanlarının işini
ağırlaşdırıb”.
Yeri gəlmişkən, seçicilərə təzyiqlər ilə bağlı
iqtisadçı-alim Prezident Administrasiyasının rəhbəri
Ramiz Mehdiyevə, Mərkəzi Seçki Komissiyasının
Məzahir Pənahova müraciət edib.
|