|
|
|
|
Vüqar Bayramova qarşı görünməmiş qanunsuzluq
DSK tanınmış iqtisadçının yaxın qohumlarının da
imzalarını “saxta” çıxarıb
83 saylı Ağcabədi-Füzuli seçki dairəsi tanınmış
iqtisadçı alim Vüqar Bayramovun namizədliyini
qeydiyyata almayıb. V.Bayramovun seçki qərargahından
verilən məlumata görə, DSK-nın qərarında təqdim
olunan imzaların 425-nin etibarlı olması,
namizədliyin qeydiyyata alınması üçün 25 etibarlı
imzanın çatmaması qeyd olunub..Dairə Seçki
Komissiyası həmçinin bəzi imzaların oxşar olduğunu
iddia edib. Halbuki, namizədin seçki qərargahı həmin
imzaların V.Bayramovun qohumlarına aid olduğunu
bildirir. Qərargahdan qeyd edilir ki, V.Bayramovun
namizədliyinin qeydə alınmaması qanun pozuntusudur
və bu heç də imzaların saxta olması ilə bağlı deyil:
“Çünki imzaların yığılması prosesinə Vüqar
Bayramovun özü birbaşa nəzarət edib. İmzalar yığılan
zaman bir nəfərin digərinin əvəzinə imza atması
faktına yol verilməyib.Dairə seçki komissiyasından
etiraf edirlər ki, iqtisadçı-ekspertin
namizədliyinin qeydiyyata alınmaması birbaşa həmin
dairədən onun ən şanslı namizəd olması ilə bağlıdır.
Hətta imzalar dairə seçki komissiyasına təqdim
olunan vaxda belə Vuqar Bayramovun namizədliyinin
qeydiyyata alınmayacağı hiss edilirdi. Belə ki,
komissiyadan iqtisadçı-ekspertin namizədliyinin
təsdiq edilməyəcəyi bildirilmişdi”. Qərargahdan
verilən məlumata görə, V.Bayramovun namizədliyinin
qeydə alınmaması subyektiv və sifariş xarakterlidir:
“425 imzanın etibarlı sayılması barədə standart
rəqəmin açıqlanması da bunun əvvəlcədən
planlaşdırılmış addım olduğunu göstərir”.
O da deyilir ki, imzaların yoxlanması prosesinə
Vüqar Bayramov dəvət edilməyib. Halbuki, Seçki
Məcəlləsinin 59.3-cü maddəsində göstərilir ki, imza
vərəqələri yoxlanılarkən müvafiq seçki
komissiyasında namizədlər, onların səlahiyyətli
nümayəndələri, siyasi partiyaların, siyasi
partiyalar bloklarının səlahiyyətli nümayəndələri
iştirak edə bilərlər: “Müvafiq seçki komissiyası
imza vərəqələrinin yoxlanılması haqqında göstərilən
şəxslərə qabaqcadan məlumat verməlidir. Seçki
komissiyası namizədin, siyasi partiyanın, siyasi
partiyalar blokunun göndərdiyi şəxsin həmin
tədbirlərdə iştirakına etiraz edə və ya maneçilik
törədə bilməz.
Lakin
qanunvericiliyin bu tələbinə nəinki əməl edilməyib,
hətta bu barədə Vuqar Bayramovun öz təşəbbüsü ilə
etdiyi müraciətə əhəmiyyət verilməyib”.
Məlum olur ki, imzaların düzgünlüyünün
yoxlanılmasının nəticəsi barədə cədvəlin surəti
Vüqar Bayramova təqdim edilməyib: “Seçki
Məcəlləsinin 59.13-cü maddəsinə görə imza
vərəqələrinin yoxlanılması nəticələri haqqında işçi
qrupunun protokolun surəti namizədin qeydə alınması
məsələsinə baxan seçki komissiyası iclasının
başlanmasına azı 24 saat qalmış namizədə, siyasi
partiyanın, siyasi partiyalar blokunun səlahiyyətli
nümayəndəsinə verilməlidir. Eyni zamanda imzalar
yoxlanılarkən lazımi sayda seçici imzalarının
olmadığı aşkar edildikdə namizəd, habelə siyasi
partiya, siyasi partiyaların bloku işçi qrupunun
rəhbərinin təsdiq etdiyi protokolun surəti ilə
yanaşı, seçici imzalarının etibarsız sayılmasının
əsasları göstərilməklə müvafiq qovluğun nömrəsi,
müvafiq imza vərəqəsindəki sətrin nömrəsi qeyd
olunan yoxlamanın nəticəsi barədə cədvəlin surətini
də almaq hüququna malikdir. Lakin işçi qrupu və
seçki komissiyası tərəfindən Seçki Məcəlləsinin bu
tələbinə də əməl edilməyib. Başqa tərəfdən 125 sayda
imza üzrə imzaların imza verən tərəfindən qoyulmamsı
qısa zaman ərzində necə və hansı metodla müəyyən
edildiyi də hüquqa və məntiqə söykənmir. Həmin
imzalar imza verən şəxslərdən izahatların alınması
yolu ilə də yoxlanılmayıb. Əgər həmin şəxslərdən
izahat alınsa idi, onlar imzaların özləri tərəfindən
qoyulduğunu təsdiqləyərdilər”.
Beləliklə, bütün bunlar göstərir ki, 83 saylı
Ağcabədi-Füzuli dairə seçki komissiyasının Vüqar
Bayramovun deputatlığa namizəd kimi qeydə
alınmasından imtina etməsi barədə qərarı
qanunsuzdur.
Onu da bildirək ki, V. Bayramovun seçki qərargahı 83
saylı Ağcabədi-Füzuli dairə seçki komissiyasının
qərardından MSK-ya şikayət etməyə hazırlaşır.
İqtisadçı-ekspert eyni zamanda baş verən qanun
pozuntusu ilə bağlı dövlət başçısına müraciət edəcək.
|