|
Rezervlərin
yığım valyutasına dəyişikliklər edilə bilər
Avronun məzənnəsində proqnozlaşdırılan artımlar
davam etməkdədir. Təkcə
son iki həftədə avronun
məzənnəsi
10 faizə yaxın artıb. Nəticədə 1 avro 1 manat 12
qəpiyə qədər yüksəlib. Xatırladaq ki, hələ bir
müddət əvvəl İqtisadi vəSosial İnkişaf Mərkəzinin (İSİM)ekspertləri
avronun məzənnəsinin yüksələcəyi ilə proqnozlar
vermişdilər. Hətta avronun məzənnəsi kəskin azalan
zaman avro ilə depozitlərini dəyişməməyi tövsiyyə
etmişdilər.
Avronun məzənnəsi ilə bağlı mövcud situasiyanı
qiymətləndirən İSİM rəhbəri Vüqar Bayramov bildirir
ki, avronun məzənnəsinin yüksəlməsi Azərbaycan
iqtisadiyyatına birbaşa təsir göstərən faktorlardan
biridir: “Avronun məzənnəsinin manata nisbətən
yüksəlməsi Avropa Birliyi ilə ticarət əlaqəsi quran
iş adamlarının Avropada rəqabət aparma imkanlarını
genişləndirir”. Onun fikrincə, avronun məzənnəsinin
möhkəmlənməsi yerli məhsullara Avropada daha çox
rəqabət aparma imkanları verə bilər.
Ekspert həmçinin hesab edir ki, avronun
məzənnəsinin yüksəlməsi yalnız Avropaya ixracın
stimullaşdırılması baxımından deyil, dövlət
rezervlərinə təsir baxımından da önəmlidir: “Nəzərə
alsaq ki, dövlət rezervlərinin təxminən 35 faizi
avro ilə saxlanılır, avronun məzənnəsinin yüksəlməsi
dövlət rezervlərinin manatla ifadəsində artımlara
gətirib çıxaracaq. Yəni avronun məzənnəsinin
yüksəlməsi həm Mərkəzi Bankın, həm də Neft Fonunun
idarə eydiyi rezervlərin manatla ifadəsində
artımları şərtləndirir”.
İqtisadçı dolların məzənnəsinin azalması fonunda
avronun məzənnəsinin yüksələcəyinin güman edildiyini
söyləyir: “Avronun məzənnəsinin yüksəlməsi yalnız
Avropa iqtisadiyyatında müşahidə edilən iqtisadi
artımla deyil, Avropa iqtisadiyyatına dair
proqnozların nibkin olması ilə əlaqədardır. Eyni
zamanda avronun möhkəmlənməsində dolların
məzənnəsinin aşağı düşməsi fonunda Amerika Birləşmiş
Ştatları iqtisadiyyatında, xüsusilə məşğulluq
siyasətində müşahidə edilən problemlər, neftin
qiymətinin yüksəlməsi də rol oynayır”.
Mütəxəssis bildirir ki, neftin dünya bazar
qiymətinin yüksəlməsi dolların avroya nisbətən aşağı
düşməsini stimullaşdırır: “Xarici faktorlar avronun
məzənnəsində artımların davamlı olacağından xəbər
verir. Məzənnənin yüksəlməsi həmçinin rezervlərin
yığımı valyutasına müəyyən dəyişikliklərin baş
verməsinə gətirib çıxara bilər”.
|