|
Ölkənin qaz ixracatı qısa müddətdə 50 milyard
kubmetrə çata bilər
Vüqar Bayramov: “Dövlət gəlirlərinin formalaşmasında
qaz satışından daxilolmalar kəskin arta bilər”
Dünən bp və Azərbaycan Dövlət Neft Şirkəti arasında
Xəzərdəki “Şəfəq-Asiman” perspektiv strukturunun
birgə geoloji kəşviyyatı və işlənməsi haqqında
Hasilatın Pay Bölgüsü Sazişi imzalanıb.
Saziş Bakıda səfərdə olan
bp
şirkətinin yeni prezidenti Robert Dadlinin iştirakı
ilə Neft Şirkətinin prezidenti Rövnəq Abdullayev və
“bp-Azerbaycan”ın
prezidenti Rəşid Cavanşir tərəfindən imzalanıb.
Sənədə əsasən,sazişə
"BP Exploration Caspian Sea" şirkəti əməliyyatçı
olmaqla müqavilədə 50% paya, ARDNŞ isə qalan 50%
paya malikdir.
Bu arada
"Şəfəq-Asiman" perspektiv strukturun birgə geoloji
kəşfiyyatı və işlənməsi prosesi 4 il çəkəcək.
Lazım
gəldiyi təqdirdə müddət daha 3 il uzadılacaq.
Məlumat üçün bildirək ki,
"Şəfəq-Asiman" strukturu Bakıdan 125 kilometr
cənub-şərqdə yerləşir. Bu blokda indiyədək heç bir
geoloji-kəşfiyyat işləri aparılmayıb.
Yeni sazişlə bağlı rəyini bildirən
iqtisadçı-ekspert Vüqar Bayramov "Şəfəq-Asiman"
yatağında yarım trilyon kubmetrə yaxın mavi qaz
ehtiyatlarının olduğunun güman edildiyini söyləyir:
“Yataqda kəşfiyyat işlərinə 2011-ci ildə başlanması
gözlənilir. bp-nin yeni prezidentinin ölkəyə gəlməsi
praktiki ondan xəbər verir ki, şirkət Azərbaycanla
əlaqələrini inkişaf etdirmək niyyətindədir. Yeri
gəlmişkən, bp 10 milyard dollarlıq səhiminin satışa
çıxarılması ilə bağlı qərar qəbul edib və şirkət
səhmlərinin hansı investorlar tərəfindən alınmasında
kifayət qədər maraqlıdır. Çalışır ki, səhmləri heç
də arzuolunmaz dövlətlərin və ya investorların əlinə
düşməsin. O baxımdan Robert Dadlinin səfəri
çərçivəsində səhmlərin bir qisminin Dövlət Neft
Fondu tərəfindən alınması məsələsinin müzakirə
ediləcəyi güman edilir”.
bp-nin özünün bu məsələdə maraqlı olduğunu
vurğulayan iqtisadçı həmçinin qeyd edir ki,
şirkətin Azərbaycandakı payının satılması məsələsi
də müzakirə mövzularındandır: “Hələ bir müddən öncə
şirkətdə baş verən böhranla bağlı bp paylarının bir
hissəsini satışa çıxarmaq niyyətində idi. Hətta
bununla bağlı qeyri-rəsmi də olsa açıqlamalar
verilmişdi. Lakin sonradan Rusiya şirkətlərinin
həmin səhmlərin alınmasına ciddi maraq göstərmələri
bp-ni fikirdən daşındırdı. Qərb ölkələri də bp-nin
bu planını birmənalı qarşılamadılar. Nəticədə
şirkət Azərbaycanda olan yataqların satılması
məsələsini gündəmdən çıxardı”.
Bununla belə iqtisadçı səhmlərin satışının tezliklə
həyata keçiriləcəyini güman etmir: “Rusiya
şirkətləri bp-nin Azərbaycandakı paylarının
alınmasına ciddi maraq göstərirlər. bp prezidentinin
səfəri çərçivəsində diqqəti çəkən məqamlardan biri
“Şəfəq-Asiman” perspektiv strukturunun birgə
geoloji kəşviyyatı və işlənməsi haqqında Hasilatın
Pay Bölgüsü sazişidir. Saziş Azərbaycanın qaz
hasilatının kəskin artması baxımından
əhəmiyyətlidir. Söhbət ölkənin qaz ehtiyatları
qiymətləndirilən zaman aşkarlanmayan yatağın
işlənməsindən gedir”.
V.Bayramov bildirir ki, sözügedən yataqda yarım
trilyon kubmetrə yaxın mavi qaz ehtiyatlarının
olması Azərbaycanın qaz hasilatının kəskin
artacağına dəlalət edir.Onun sözlərinə görə, ölkənin
qaz ixracatı qısa müddətdə 50 milyard kubmetrə çata
bilər: “Bu dövlət gəlirlərinin formalaşmasında qaz
satışından daxilolmaların kəskin artımına gətirib
çıxaracaq. O cümlədən Transxəzər layihələrinin
reallaşmasında əhəmiyyətli addım olacaq”.
Ekspert hesab edir ki, bu müqavilə Azərbaycanı
bölgənin əsas aparıcı qaz hasilatçılarından birinə
çevrilməsinə imkan verəcək.
|