|
Qızıl Fondu Azərbaycana nə vəd edir?
Vüqar Bayramov: “Dövlət, eləcə də Dövlət Neft
Fondunun rezervlərinin bir qisminin qızılda
saxlanması olduqca vacibdir
Ölkənin qızıl ehtiyatları ilə bağlı məsələ yenidən
gündəmə gəlib. Belə ki, ölkənin Qızıl Fondu
yaradılır. Bu barədə mətbuata açıqlama verən maliyyə
naziri Samir Şərifov da Azərbaycanın müstəqillik
tarixində ikinci dəfə qızıl ehtiyatının
yaradıldığını bildirib. Nazirin sözlərindən bəlli
olub ki, 99,5 kq həcmində ilk qızıl partiyası
Azərbaycana daxil olub və saxlanmaq üçün Mərkəzi
Banka verilib. Yaxın vaxtlarda 100 kq həcmində daha
bir partiya da gətiriləcək. Qızıl külçələri üçün
xammal rolunu isə ölkənin qərbində və Naxçıvanda
qızıl hasilatında dövlətin payı oynayır. Beynəlxalq
təcrübəyə əsasən, bankların qızıl ehtiyatları 11-13
kq çəkidə külçələrlə saxlanılır.
Xatırladaq ki,
Azərbaycanda 1992-cu ildə Ləl-Cəvahirat Fondu
yaradılsa da, 3 il sonra ləğv edilmişdi.
İqtisadçı-ekspert Vüqar Bayramovun sözlərinə görə,
Qızıl Fondunun yaradılması ideyası qlobal maliyyə
böhranı başladıqdan sonra gündəmə gəlib. Ekspert
bildirir ki, artıq bir sıra inkişaf etmiş ölkələrdə
analoji fondlar təsis edilib: “Rusiyada Qızıl
Fondu fəaliyyət göstərir. Hansıkı dövlətin
rezervlərinin bir hissəsi qızıl formasında həmin
fondda saxlanılır. Azərbaycanda da qızıl fondunun
yaradılması istiqamətində hökümətin addımlar atması
birbaşa qlobal maliyyə böhranından sonra qızılın
qiymətinin kəskin artımı ilə bağlıdır”.
Mütəxəssis vəsaitlərin qızılda saxlanmasını ən
uyğun vasitələrdən biri hesab edir: “Yalnız son bir
ildə qızılın dünya bazar qiyməti 28 faiz artıb. Bu
kifayət qədər böyük rəqəmdir. Ötən 1 ay ərzində isə
qızılın qiymətində 12 fazi artım baş verdib. O
baxımdan dövlət , eləcə də Neft Fondunun
rezervlərinin bir qsmini qızıla çevirib, “qiymətli
metalda” saxlanması məqsədəuyğun olar.Çünki,
vəsaitlərin qiymətli qızılda saxlanması daha çox
gəlir əldə etməyə imkan verir, nəinki hər hansı
valyutada.Digər tərəfdən, inflyasiya dərəcəsi ilə
müqayisədə pulun qızılda saxlanması rentabellidir.
Nəzərə alsaq ki, illik inflyasiya 3 faizdir, qızılın
qiymətində son aylar müşahidə edilən orta aylıq
artım isə 10 faizdən artıqdır”.
İqtisadçıya görə, “qiymətli metalın” gətirdiyi
divident səhmlərin və depozitlərin gətirdiyi
dividentdən də çoxdur: “İqtisadi və Sosial İnkişaf
Mərkəzi hələ qlobal maliyyə böhranı başlayan zaman
vəsaitlərin bir qismini qızılda yerləşdirilməyi
təklif etmişdi. Bu da birbaşa qızılın qiymətində
müşahidə edilən artımlar və prosesin uzunmüddətli
olacağının proqnozlaşdırılması ilə bağlı idi.
Qızıl Fondu böhran başlayan ərəfədə yaradılsaydı
daha məqsədəuyğun olardı. Çünki, böhrandan bu tərəfə
qızılın qiymətində təxminən 50 faiz artım baş
verib”.
V.Bayramovun fikrincə, qlobal maliyyə böhranı
başlayan zaman belə bir fond təsis edilsəydi, o
zaman dövlət rezervlərinin həcmi indiki ilə
müqayisədə çox ola bilərdi: “Fondun yaradılması həm
də ona görə müsbət haldır ki, bu Azərbaycanda
istehsal olunan qızılın xüsusi qurum tərəfindən
saxlanmasını mümkün edir. Nəzərə alsaq ki, fonda
Mərkəzi Bank nəzarət edəcək, bu qurum dövlət
təşkilartları arasında ən məsulliyətli qurum hesab
edilir”.
Ekspert hesab edir ki, Mərkəzi Bankın fonda nəzıarət
etməsi orada saxlanılan qızlların taleyi ilə bağlı
narahatçılıqları aradan qaldırır.
|