|
|
|
|
2011-ci ildə metroda gediş haqları artırıla bilər
Vüqar Bayramov: “İdarə
tərəfindən sərnişindaşımanın xərci barədə
açıqlamalar qeyri-şəffafdır”
Metropoliten
rəhbərliyi metroda gediş haqqının yenə də
qaldırılmasını təklif edir. Belə ki,
Bakı Metropoliten İdarəsindən (BMİ)
Neytral.az - a verilən məlumata görə, cari ilin
sonuna qədər gediş haqqının artırılması
planlaşdırılmasa da, mələsəyə gələn il baxıla və
müvafiq təkliflər Tarif Şurasında göndərilə bilər.
Qurumdan bildiriblər ki, hazırda metro ilə bir
sərnişinin daşınma xərci 49 qəpik təşkil edir. Lakin
aparılmış təhlil işləri və bəzi xərclərin
dürüstləşdirilməsindən sonra bir sərnişinin daşınma
tarifi amortizasiya ilə birlikdə 33 qəpik,
amortizasiyasız isə 20 qəpik səviyyəsində
qiymətləndirilib. Mövcud tarifin xidmətlə bağlı
xərclərin (33 qəpik) səviyyəsinə çatdırılması üçün
ilkin mərhələdə tarif 15 qəpik
müəyyənləşdirilib.Bununla belə, məbləğin 20 qəpiyə
çatırılması qaçılmazdır.
Qeyd edək ki, BMİ ratıq bununla bağlı bir neçə dəfə
Tarif Şurasına müraciət etsədə, qurum qərarı müvafiq
saymayıb.
Hökumət xərclərin qarşılanması üçün çatışmayan
məbləğin subsidiya hesabına ödənilməsini daha
məqsədəuyğun hesab edib. Lakin bu il gediş
haqlarının 5 qəpikdən 15 qəpiyə qədər bahalaşması
hesabına Bakı Metropoliteninə dövlət büdcəsindən
ayrılan subsidiyanın həcmi azalıb. Belə ki, 2010-cu
ildə 2009-cu illə müqayisədə subsidiya 24 milyon
manat azaldılıb və 9,1 milyon manat təşkil edib.
Xatırladaq ki, metroda sonuncu dəfə gediş haqqı ötən
ilin payızında qaldırılıb. Tarif Şurasının qərarı
ilə qiymət 3 dəfə artırılaraq 5 qəpikdən 15 qəpiyə
çatdırılıb. Maraqlıdır ki, o zaman , Bakı
Metropoliteninin rəisi Tağı Əhmədov bu artımdan
razı qalmayaraq bildirmişdi k, metroda bir
sərnişinin daşınması 9,2 qəpiyə başa gəlir.Gediş
haqqı azı 20 qəpiyə qaldırılsaydı, yaxşı idi. Qeyd
edək ki, metropolitendə quraşdırılan terminallar pul
vahidi kimi 10, 20, 50 qəpikləri, 1, 5, 10
manatlıqları qəbul edir. T. Əhmədov isə deyirdi ki,
pulu yuvarlaqlaşdırıb daxil etmək lazımdır ki, qalıq
qalmasın.Məlumat üçün bildirək ki, Azərbaycanda
metroda gediş haqları bahalaşdırılarkən Rusiyada
qiymət 35, Gürcüstanda 19, Ukraynada 16, Belarusda
17, Türkiyədə 80 qəpik səviyyəsində idi. Bu arada
rəsmi göstəricilərə görə, həmin ərəfədə metrodan
200 milyona yaxın sərnişin istifadə edirdi. Artımdan
sonar isə istifadəçilərin sayı azalıb.
İqtisadi və Sosial Araşdırmalar Mərkəzinin rəhbəri
Vüqar Bayramov hesab edir ki, metroda gediş
haqqının 20 qəpiyə qədər qaldırılmasının iqtisadi
zəmini yoxdur: “Metropoliten rəhbərliyi dəfələrlə
gediş haqlarının adambaşına düşən xərcinin maya
dəyərinin ödənilmədiyini bildirir. Belə əsaslandırma
aparır ki, metroda gediş haqqı dünya ölkələri üzrə
Azərbaycanda ən ucuzdur. Doğrudur, elə ölkələr var
ki, orada metrodan istifadə haqları çoxdur. Amma axı
o ölkələrdə əhalinin gəlirlik səviyyəsi də yüksəkdir.
Məsələn, dünyada ən bahalı metropoliten
Nyu-Yorkdadır. Orada istifadə haqqı 2 dollardır.
Vaşinqtonda stansiyaların sayına görə,
artıb-azalmaya görə qiymətlər 1-2 dollar arasındadır.
ABŞ-ın başqa yerlərində 1 dollar 25 sent təşkil edir.
Həm də bir məsələ var ki, ABŞ-da və bəzi Avropa
ölkələrində aylıq biletlər satılır. Vətəndaş həmin
bileti əldə etdikdə metro xərclərində endirimlər
olur. Bütün bunlar gündəlik hesablanan xərclər
müqabilində simvolik bir rəqəmdir. Nyu-Yorkda
metroda gediş haqqı 2 dollardan hesablansa, çəkilən
xərclər aylıq 200 dollara bərabər olur. Bu, ABŞ-da
orta aylıq əməkhaqqının 3 faizinə bərabər
göstəricidir
MDB ölkələrində isə metrpoliten sisteminə kommersiya
məqsədilə yanaşmırlar. Metronun həm də bir ictimai
yükü var. Bu baxımdan, Azərbaycanla müqayisədə bəzi
MDB ölkələrində metrodan istifadə ucuzdur. Məsələn,
Ukraynda əməkhaqları Azərbaycandan yüksək olmasına
baxmayaraq, metroda gediş haqqı bizdən ucuzdur.
Lakin MDB-də elə dövlətlər də var ki, əksinə gediş
haqqı bahadır. Tbilisidə aylıq gediş üçün talonun
qiyməti 20 lari, üç aya görə 50 lari, 6 aya 90 lari
təşkil edir. Bir illik üçün isə 145 lari əvvəlcədən
ödəmək olar. Bu hallarda müvafiq şəkildə bir gediş
19 qəpik, 15 qəpik, 13 qəpik, 11 qəpik və 9 qəpiyə
başa gəlir. Sadalananlardan tam aydın olur ki,
metropolitenlər onun xidmətindən daha çox istifadə
edənlərlə arabir istifadə edənlər arasında fərq
qoyur. Bu sistemin Bakı Metropolitenində də tətbiq
edilməsi yaxşı olardı. Məhz bu variantda qiymət
artımları əhalinin istehlak xərclərinə ciddi təsir
etməz”.
V.Bayramovun sözlərinə görə, idarə tərəfindən
sərnişindaşımanın xərci barədə açıqlamalar
qeyri-şəffafdır: “Metropoliten rəhbərliyi bir nəfər
sərnişinin daşınma xərcinin 50 qəpiyə qədər olması
barədə fikirlər səsləndirir, amma onun necə
hesablandığı bilinmir. Əgər enerji və digər
xidmətlərin xərclərini nəzərə alsaq, bunun 50 qəpiyə
qədər olması mümkün deyil. Moskvada
enenrjidaşıyıcıları baha olduğu təqdirdə, metroda
bir sərnişinin daşınması 0,35 AZN edirsə, o zaman
Azərbaycanda bu rəqəm 0,15 AZN-dən yuxarı olması
mümkün deyil”.
İqtisadçı metropolitendə gediş haqlarının
artırılmasının ümumi inflyasiya göstəricisinə ciddi
təsir edəcəyini deyir: “Nəqliyyatda, daşınmalarda
bahalaşma yaranacaq ki, bu da müəyyən sahələrdə
bahalaşma dalğasına səbəb ola bilər. Həmçinin,
əsasən, metropoliten xidmətindən istifadə edən
tələbələrin sosial vəziyyətinə təsir göstərəcək.
Habelə sosial-psixoloji baxımdan mənfli təsirlərə
malik ola bilər. Bu, azgəlirli ailələr üçün
arzuolunan deyil””
V.Bayramov bildirir ki, istənilən ictimai
əhəmiyyətli xidmət növünün bahalaşması digər məhsul
növlərinin qiymətinə psixoloji təsirlərə malikdir:
“Təcrübə göstərir ki, bu kimi xidmət növlərinin
qiymətinin bahalaşması xüsusən aşağı qiymətli ərzaq
və xidmət növlərinə təsir edir. Məsələn, göyərti və
tərəvəz məhsullarının satışı ilə məşğul olanların
qiymətləri artırması real görünür”.
Metroda bahalaşmanın olacağını istisna etməyən
iqtisadçı bildirir ki, bununla bağlı təklif Tarif
Şurasına göndərilsə də, ilin sonuna kimi hər hansı
bir bahalaşma olmayacaq: “Əgər şura belə bir qərar
qəbul edəcəksə, bu, 2011-cu ilin əvvəllərində baş
verəcək”.
|