|
AGRI layihəsi “Nabukko”ya alternativ olmayacaq
Vüqar Bayramov: “Azərbaycan bu sammitlə Avropanın
enerji təhlükəsizliyinin formalaşmasında aparıcı
ölkə olduğunu diqqətə çatdırır”
Dünəndən Bakıda Azərbaycan, Gürcüstan, Rumıniya
prezidentləri və Macarıstanın baş nazirinin iştirakı
ilə enerji sammiti öz işinə başlayıb.Nəzərə
çatdıraq ki, sammitdə Azərbaycan-Rumıniya-Gürcüstan
sıxılmış qaz layihəsi müzakirə olunub. Azərbaycan
Dövlət Neft Şirkəti, Gürcüstan Neft-qaz
Korporasiyası və “Romqaz” şirkətnin rəhbərləri
sıxılmış qaz layihəsi üzrə birgə müəssisənin
yaradılması ilə bağlı anlaşma memorandumu və
şirkətin nizamnaməsinin layihəsini imzalayıblar.
Nəzərə çatdıraq ki, Buxarestdə yerləşəcək şirkətdə
təsisçilər bərabər payla təmsil olunacaqlar.
Şirkətin baş qərargahı isə Buxarestdə yerləşəcək.
Yeri gəlmişkən layihəyə sonradan digər şirkətlərin
də qatılması istisna olunmur.
Onu da xatırladaq ki, Azərbaycan, Gürcüstan və
Rumıniya arasında AGRI layihəsinin reallaşması ilə
bağlı anlaşma memorandumu 2010-cu il aprelin 13-də
Buxarestdə imzalanıb. AGRI layihəsi çərçivəsində
gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz
sahillərinə nəql olunması, burada xüsusi terminalda
sıxılması, Qara dəniz vasitəsilə tankerlə
Rumıniyanın Konstansa limanındakı terminala
çatdırılması, daha sonra isə yenidən bu ölkənin
ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə
Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının
ödənilməsinə yönəldilməsi planlaşdırılır. Gələcəkdə
Azərbaycan qazını Avropa Birliyinə üzv ölkələrə
ixrac etmək üçün Konstansadan Bolqarıstan və
Macarıstana iki ayrı boru kəməri çəkilməsi də
nəzərdə tutulur. Layihə çərçivəsində Konstansa (Rumıniya)
və Kulevi (Gürcüstan) limanlarında maye qaz
terminalları yaradılacaq.
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki, enerji
sammitinin Bakıda keçirilməsi mühüm hadisədir:
“Bütün hallarda bu Mərkəzi Şərqi Avropa ölkələrinin
enerji təhlükəsizliyinin qorunmasında Azərbaycanın
rolunun artmasından xəbər verir. Sammitin Bakıda
keçirilməsi yalnız iqtisadi baxımdan deyil,
geosiyasi baxımdan da əhəmiyyətlidir”.
AGRI layihəsinin Azərbaycan qazının Gürcüstan
vasitəsilə Ruminiyaya çatdırılmasını nəzərdə
tutduğunu vurğulayan iqtisadçının sözlərinə görə,
kəmər vasitəsilə Bolqarıstan və Macarıstan qaz
almaq niyyətindədir: “AGRI layihəsi çərçivəsində
gələcəkdə Azərbaycan təbii qazının Qara dəniz
sahillərinə nəql olunması, burada xüsusi terminalda
sıxılması, Qara dəniz vasitəsilə tankerlə
Rumıniyanın Konstansa limanındakı terminala
çatdırılması, daha sonra isə yenidən bu ölkənin
ərazisində mövcud qaz infrastrukturu şəbəkəsi ilə
Rumıniya və digər Avropa ölkələrinin tələbatlarının
ödənilməsinə yönəldilməsi planlaşdırılır. Sammit
Azərbaycanın öz qazını Mərkəzi Şərqi Avropa
ölkələrinə Qara dəniz vasitəsi ilə ötürülməsi
baxımından əhəmiyyətlidir”.
Ekspert qeyd edir ki, Dövlət Neft Şirkətinin
tədqiqatlarına görə, birinci mərhələdə Rumıniyaya
2,5 milyard kubmert mavi qazın ötürülməsi
planlaşdırlır: “Növbəti mərhələdə bu həcmin 8
milyard kubmetrə qədər artırılması nəzərdə tutulur.
Xərc-gəlir təhlilinin nəticələri göstərir ki,
indiki halda AGRI layihəsinin reallaşma imkanları
çox böyükdür”.
V.Bayramov hesab edir ki, AGRI layihəsi
“Nabukko”ya alternativ kimi qəbul edilməməlidir:
“Əvvəla bu layihə 2016-cı ildə deyil, xeyli əvvəl
reallaşması planlaşdırlır. Başqa tərəfdən AGRI
layihəsi vasitəsilə yalnız Azərbaycan mavi qazı
ötürüləcək. Nəzərə alsaq ki, ötən il ölkədə 28
milyard kubmetr mavi qaz hasil edilib ilkin
mərhələdə 2,5 milyard kubmetr qazın ötürülməsinə
problem olmayacaq. Xüsusilə, “Şahdəniz” layihəsinin
2-ci fazası istifadəyə verildikdən sonra hasilatın
70 faiz artması gözlənilir.O baxımdan Azərbaycan
üçün alternativ kəmərlərin olması vacib məsələdir.
Ümumiyyətlə sammit Azərbaycan və digər iştirakçı
ölkələr üçün əhəmiyyətlidir”.
Tranzit ölkə kimi layihənin reallaşmasının Gürcüstan
üçün vacib olduğunu vurğulayan ekspert deyir ki, sammitdə
Rumıniyanın prezident səviyyəsində təmsil olunması
mavi qaza olan tələbatının Azərbaycan vasitəsilə
ödənilməsini təmin etmək istəyini göstərir: “Hazırda
Ruminiya mavi qaza olan tələbatının 70 faizini
daxili mənbələr hesabına ödəyir. Amma yaxın ildə
Ruminiyanın mavi qaza olan tələbatında daxili
hasilatın payı 70 faizdən 40 faizə qədər azalacaq. O
baxımdan Ruminiya üçün layihənin strateji əhəmiyyəti
var. Azərbaycan bu sammitlə Avropanın enerji
təhlükəsizliyinin formalaşmasında aparıcı ölkə
olduğunu diqqətə çatdırır”
|