|
İpoteka Fondu kreditlərin həcmini daha da azaldacaq
Vüqar Bayramov: “Fond
kredit verilişini limitləşdirməyə çalışmaqla ilin
sonuna qədər prosesi süni şəkildə də olsa saxlamaq istəyir”
İpoteka Fondunun müvəkkil bankları avqustda əhaliyə
7,2 milyon manat yeni kredit verib. Anspress-in məlumatına
görə, bu, iyul ayındakı göstəricidən 12,2 faiz, ötən
7 ayın orta göstəricisindən isə 16,4 faiz azdır.
İlin əvvəlindən əhaliyə cəmi 67,5 milyon manat
kredit verilib. Diqqəti çəkən hesabat ayında
bankların 7,2 milyon manatı təkrar maliyyələşdirməsi
olub.. Ümumiyyətlə ilin əvvəlindən fond 58,4 milyon
manatı təkrar maliyyələşdirib. Hansıki,bu, ötən
ilkindən 2,7 dəfə çoxdur. Təkrar maliyyələşən kredit
payı 86,5 faizə çatıb.Xatırladaq ki, 2009-cu ildə
banklar 76,4 milyon manat ipoteka krediti verib.
Yeri gəlmişkən, sentyabr ayının əvvəli üçün AİF 54
milyon manat, avqustda 5 milyon manat istiqraz
yerləşdirib. O cümlədən avqustda 3 milyon manat fond
dövlət büdcəsindən sosial ipotekanı təkrar
maliyyələşdirmək üçün alıb.
Məlumat üçün bildirək ki, mərkəzləşdirilmiş ipoteka
kreditləşməsi başlayandan - 2006-cı ilin martından
indiyədək ölkədə 219,7 milyon manat ipoteka krediti
verilib.
İpoteka kreditlərinin verilişində müşahidə edilən
azalmanı şərh edən İqtisadi və Sosial İnkişaf
Mərkəzinin rəhbəri Vüqar Bayramov bildirir ki,
kredirlərin həcmində azalmalar öncədən gözlənilirdi.
Onun sözlərinə görə, bu fondun təqdim etdiyi yeni
“Standart paket”in heç də vətəndaşların və ya
mənzilə tələbatı olanların ipoteka kreditlərindən
istifadəsini standartlaşdırmaması ilə
bağlıdır:”Standart hesab edilən şərtlər ipoteka
şərtlərinin daha da ağırlaşmasına, ipoteka krediti
almaq istəyən vətəndaşların sayının azalmasına,
baryerlərin yaranmasına gətirib çıxarıb”. V.Bayramov
bildirir ki, əhalinin orta təbəqəsi belə indiki
şərtlərlə kreditlərdən yararlana bilmir: “Problem
yalnız ipoteka krediti götürmək üçün tələb olunan
əməkhaqqının yüksək olması ilə bağlı deyil.Hərçənd
ki, bu da problemdir. Çünki, kredit almaq üçün tələb
olunan orta məbləğ 500 manatdan artıqdır. Yəni
ortaaylıq əməkhaqqına müəyyənləşdirilən limit
ölkədəki ortaaylıq əməkhaqqı səviyyəsindən 2 dəfə
çoxdur. Deməli ipoteka kreditləşməsi hətta orta
təbəqənin də mənzilə olan tələbatının ödənilməsinə
ünvanlanmayıb”.
Ekspert qeyd edir ki, əməkhaqqına
müəyyənləşdirilən limitin yüksək olması ipoteka
kreditindən istifadə edənlərin sayının azalmasına
səbəb olub: “O cümlədən fond tələb olunan
sənədlərin sayını artırıb. Məsələn vətəndaşdan
Sosial Müdafiə Fonduna ödənişlərlə bağlı arayış
tələb olunur. Bu da zaman və vəsait tələb edir.
Fond hələ də kreditlərin verilişini “dəbə-baba”
qaydası ilə həyata keçirir. Lakin prosesin
yüngülləşməsi, baryerlərin, eləcə də bürokratik
əngəllərin aradan qaldırılması üçün prosesin
elektronlaşmasına ehtiyac var. Təəssüf ki, İpoteka
Fondu kreditlərin verilməsi sahəsində elektron
hökümətin qurulması üçün heç bir addım atmır”.
İSİM rəhbərinin sözlərinə görə, kredit alanların
sayının azalma səbəblərindən biri də son vaxtlarb
bəzi müvəkkil bankların kreditlərin verilməsi
prosesini ağırlaşdırmasıdır: “Banklar kredit
verərkən vətəndaşlardan “şapka” tələb etməkdən belə
çəkinmirlər.Bu da prosesdən faydalananların sayının
azalmasına, eləcə də təsir dairəsinin daralmasına
gətirib çıxarır. Fond kreditlərin verilişi ilə bağlı
ona həvalə olunan nəzarət funksiyasından istifadə
etmir. Dövlət büdcəsi və ya dövlət fondunun
ayırdığı vəsaitlər hesabına verilən ipoteka
kreditləşməsi şəffaf olmalıdır. Burada
qeyri-rəsmi ödənişlərin tələb edilməsindən söhbət
getməməlidir”.
Bir sıra müvəkkil bankların şəffaflıqda maraqlı
olmadıqlarını vurğulayan iqtisadçı bildirir ki,
İpoteka Fondunun özü də kredit verilişinin həcmini
azaltmağa çalışır: “Bu da fondun ilin sonuna qədər
prosesi davam etdirməyə çalışması ilə bağlıdır.
Fond ilin əvvəlindən əhaliyə cəmi 67,5 milyon
manat kredit verib. 2010-cu ildə adi ipoteka
kreditlərinin verilməsinə cəmi 75 milyon manat
vəasit yönəltmək niyyətindədir. Əslində ilin 8
ayında fond 2010-cu il üçün nəzərdə tutulan
vəsaitin əhəmiyyətli hissəsini xərcləyib. İpoteka
Fondu kredit verilişini limitləşdirməyə çalışmaqla
ilin sonuna qədər prosesi süni şəkildə də olsa
saxlamaq istəyir. Güman edilir ki, gələn aydan
başlayaraq kreditlərin verilməsi prosesi
sərtləşdiriləcək. Banklar ərizələri qəbul etsələr
belə nadir hallarda kredit xəttinin açılması ilə
bağlı qərar verəcəklər”.
V.Bayramov 2010-cu ilin son aylarında həyata
keçirilən ipoteka proqramının formal xarakter
daşıyacağını düşünür. Onun fikrincə, bəzi müvəkkil
banklar hətta ərizələri qəbul etməyəcəklər: “Bu
Azərbaycanda xüsusilə adi ipoteka kreditləşməsi ilə
bağlı aydın planın olmaması ilə bağlıdır. Eləcə də
adi ipoteka kreditləşməsinə kompleks yanaşılmır.
Fond prosesin davamlı olması üçün şərtlərə yenidən
baxmalı və maliyyə mənbələrinin müxtəlifləşməsinə
nail olmağa çalışmalıdır.
|