Ət məhsullarının qiymətinin artması gözlənilir

Vüqar Bayramov: “2010-cu ildə  illik inflyasiya 8 faizdən az  olmayacaq.”

Avqust ayında kənd təsərrüfatı məhsullarının istehsal qiymətləri əvvəlki ayla müqayisədə 1,1 faiz bahalaşıb. Dövlət Statistika Komitəsindən ANS PRESS-ə verilən məlumata görə, ay ərzində bitkiçilik, bostan və bağçılıq məhsullarının qiymətləri 2,4 faiz bahalaşıb, diri mal-qara və heyvandarlıq məhsullarının qiymətləri isə əvvəlki ayla müqayisədə 0,4 faiz ucuzlaşıb. Bitkiçilik, bostan və bağçılıq məhsullarından tərəvəz məhsullarının istehsal qiymətləri 12,1 faiz, dənli bitkilərin 8,0 faiz, kökümeyvəli və köküyumruluların 6,8 faiz, digər qruplara daxil edilməyən sair tərəvəzlərin 4,9 faiz, kartofun 1,6 faiz, turuncu meyvələrin 1,7 faiz, subtropik meyvələrin qiymətləri 0,2 faiz bahalaşıb. Sitrus meyvələrin 1,7 faiz, zeytun və qoz-fındığın qiymətləri isə 3,0 faiz ucuzlaşıb. Diri mal-qara və heyvandarlıq məhsullarından iribuynuzlu qaramaldan alınan südün istehsal qiymətləri 3,2 faiz, qoyun və keçi südünün 1,9 faiz, mal ətinin (diri çəkidə) 1,2 faiz, mal-qara yunu və tükü 0,3 faiz bahalaşıb. Nəzərə çatdıraq ki, Mərkəzi Bank ilin sonuna ölkədə 6 faizlik inflyasiya proqnozlaşdırır.Ekspertlərin qiymətləndirmələrinə görə, bazarlarda müşahidə edilən artımlar süni qiymət artımlarıdır. Belə ki, Ramazan ayı münasibəti ilə əsas ərzaq məhsullarının qiymətləri qaldırılıb. Azərbaycandan fərqli olaraq qonşu Türkiyədə istehsalçılar məhsulların qiymətlərini  bahalaşdırmaq üçün Ramazan ayının bitməsini gözləyirlər. Konkret olaraq unun maya dəyərində artım baş versə də hələlik bu bahalaşma undan hazırlanan məhsulların qiymətində əksini tapmayıb. İqtisadçı-ekspert Vüqar Bayramov  bildirir ki, rəsmi elan edilən qiymət artımları reallığı tam əks etdirmir. Xüsusən avqust ayında ərzaq məhsullarının qiymətinin 1 faiz artması real rəqəm deyil: “Əslində qiymət artımları daha yüksəkdir. Bütün hallarda istər rəsmi, istərsə də müstəqil hesablamalarda avqust ayında qiymət artımlarının baş verdiyini müşahidə edirik”.

İqtisadçının rəyinə görə, qiymət artımları davam edəcək. İlin sonuna doğru bu artımlar daha da sürətlənəcək. V.Bayramov bildirir ki, avqust ayında qeydə alınan qiymət artımları Ramazan ayının daxil olması ilə əlaqədar ərzaq məhsullarında baş verən süni qiymət artımlarıdır: “ Ramazan ayının müqəddəs ay olmasına baxmayaraq, Azərbaycanda ərzaq məhsulları bahalaşıb. Halbuki, bəzi müsəlman ölkələri avqust ayında qiymət artımlarının qarşısının alınması ilə bağlı kifəyət qədər ciddi tədbirlər həyata keçiriblər. Qiymətinin artırılması qaçılmaz olan ərzaq məhsullarının, eləcə də tənzimlənən qiymətlərin  belə Ramazan ayından sonrakı dövrdə artırılması planlaşdırılır”.

V.Bayramov  qeyd edir ki, Ramazan ayında qiymətlərin artırılması üçün nə iqtisadi əsas var, nə də bu artımlar halal hesab edilə bilər: “Bahalaşma yalnız idxal olunan ərzaq məhsullarının qiymətində deyil, o cümlədən kənd təsərrüfatı məhsullarının qiymətində də özünü göstərir. Güman edilir ki, idxal məhsullarında baş verən bahalaşma neftin dünya bazar qiymətinin artması nəticəsində dünya bazarındakı artımlarla bağlıdır. Eyni zamanda dolların möhkəmlənməsi fonunda dünya bazarında ərzaq və qeyri ərzaq məhsullarında artımlar müşahidə edilməkdədir”.

Mütəxəssis bildirir ki, düyada və Azərbaycanın daxilində ət məhsullarının istehsalının azalması, eləcə də dünya bazarında ət məhsullarının qiymətinin 4 faizə bahalaşması  bizdə də bu məhsulların qiymətlərinin artması üçün əsas yarada bilər: “Bütün bunları nəzərə alaraq Mərkəzi Bank illik inflyasiyanı 6 faiz proqnozlaşdırsa da 2010-cu ildə  illik inflyasiya 8 faizdən az  olmayacaq.    Ümumiyyətlə ilin ikinci yarısında birinci yarısı ilə müqayisədə qiymət artımlarının daha yüksək olacağı proqnozlaşdırılır. Bu həm də daxili faktorlarla bağlıdır. Kənd təsərrüfatı mövsümü başa çatdığı üçün bazara çıxarılan məhsulların qiymətində artımlar baş verib. Təklif tələbi üstələyə bilmir”.

Cari ilin bir sıra ərzaq məhsullarının istehsalı baxımından qıtlıq ili kimi yadda qaldığını vurğulayan iqtisadçı bildirir ki, həm daxili, həm də xarici faktorlar ilin ikinci yarısında qiymət artımları tendensiyasının qalacağını, inflyasiyanın artacağının göstərir.

 

   

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.