|
Evlərin qiyməti bahalaşacaq?
V.Bayramov: “Mənzil bazarında, tikinti sektorunda
hər hansı canlanma proqnozlaşdırılmır”
İlin sonuna doğru daşınmaz əmlak bazarında ucuzlaşma
səngiyə bilər. Hətta rəylərə görə, sentyabr ayından
qiymətlərdə artımı müşahidə olunacaq. Bahalaşma
mənzillərin satış qiyməti ilə yanaşı, kirayə
bazarında da baş verəcək. Bu arada torpağın qiyməti
də qalxıb. Belə ki, iyul ayında Bakıda böhrandan bu
yana, son 2 ildə ilk dəfə torpaq sahələrinin
qiymətində artım olub. Ay ərzində bazara çıxarılan
torpağın 1 sotunun orta qiyməti 0.5 faiz artaraq
14026 dollardan 14136 dollara qalxıb.Daşınmaz əmlak
bazarındaki qiymət artımlarına münasibət bildirən
iqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,
torpağın qiymətindəki bahalaşma göstərilən ayda
Rusiyadan Azərbaycana pul köçürmələrinin artması ilə
bağlıdır.Onun sözlərinə görə,pul köçürmələrinin
artımı torpaqların alqısına tələbat yaradıb: “Eyni
zamanda bahalaşmaya bir sıra kiçik və orta bizneslə
məşğul olanların torpaq alışına maraqlarının
artması da təsir göstərib. Nəzərə alsaq ki, artım
cüzidir və bu artımda yalnız Rusiyadan köçürmələrin
çoxalması deyil, həmçinin ötən müddətdə dövlət
büdcəsindən maliyyələşən bir sıra layihələr üzrə
torpaqların alınması da təsir edib, torpağın
qiymətindəki bahalaşmanın uzun müddət davam edəcəyi
gözlənilmir”.
Ekspert torpağın qiymətindəki artımın yaxın aylarda
da davam edəcəyinin güman edilmədiyini diqqətə
çatdırır. O bütün hallarda bunun üçün ciddi iqtisadi
zəmin olmadığını deyir. Torpaqların qiymətindəki
artımların evlərin bahalaşmasına şərait yaradacağına
gəlincə, iqtisadçı qeyd edir ki, yaxın aylarda
evlərin qiymətinin artması gözlənilmir: “Bu da
evlərə tələbatın artmayacağı ilə bağlıdır.
Ümumiyyətlə mənzil bazarında, tikinti sektorunda hər
hansı canlanma proqnozlaşdırılmır. Hətta Rusiyadan
pul köçürmələri artsa da həmin vəsaitlər mənzillərin
alışına yönəldilməyəcək”.
İndiki halda mənzil alışının rentabelli olmadığını
vurğulayan V.Bayramov xatırladır ki, böhrandan
əvvəl mənzil alışı kommersiya xarakteri daşıyırdı: “
Mənzili alan şəxs sonradan həmin mənzili sataraq
gəlir əldə etmək imkanına malik idi. Hazırda mənzil
alışı kommersiya xarakterli deyil. Bu səbəbdən də
Rusiyada yaşayan həmyerlilərimiz mənzillərin alışına
vəsait yönəltmirlər. Monitorinqlər göstərir ki,
böhrandan əvvəl Bakıda satılan mənzillərin 60
faizindən artığı Rusiyada yaşayan vətəndaşlar
tərəfindən alınırdı. Yeri gəlmişkən, böhrandan əvvəl
Rusiyadan köçürülən vəsaitlərin həcmi sözügedən
ölkənin mətbuatında 4 milyard dollar göstərilirdi.
Azərbaycanın Dövlət Statistika Komitəsi isə həmin
vəsaitin 1 milyard dollardan artıq olduğunu
bildirirdi. Statistika Komitəsinin məlumatı Rusiya
mətbuatının yazdıqları ilə üst-üstə düşməsə də
söhbət milyard dollarlıq köçürmədən gedir. Hansıki
bu da böhrandan əvvəl mənzil bazarına təsirsiz
ötüşmürdü”.
V.Bayramov deyir ki, böhrandan əvvəlki dövrlə
müqayisədə Rusiyadan Azərbaycana köçürmələr xeyli
azalıb: “İndiki köçürmələr mənzil bazarına ciddi
təsir göstərmir. Eyni zamanda əhalinin gəlirləri də
bazarda canlanmaya iqtisadi əsas yaratmır. Rəsmi
statistikada əhalinin gəlirlərinin artımına
baxmayaraq gəlirlərin 68 faizi istehlak mallarının
alınmasına yönəldilir.Vətəndaşların digər məqsədlərə
vəsait yönəltməsi imkanlarını məhdudlaşdırır”.
Ekspertin qənaətinə görə, ipoteka proqramı da
bazarda canlanma yaratmaq imkanına malik deyil:
“İpoteka proqramına ayrılan vəsaitlərin həcmi böyük
deyil. Eyni zamanda bu proqram çərçivəsində
vəsaitlərin yönəldilməsində şəffaflıq dərəcəsi
olduqca aşağıdır. Adi vətəndaşların ipoteka proqramı
əldə etmək imkanlarının məhdud olması, İpoteka
Fondunun “Standart paket” təklif etdikdən sonra
kredit almaq üçün şərtlərin ağırlaşması,eləcə də
tələb edilən əməkhaqqının yüksək olması ipoteka
proqramının mənzil bazarına ciddi təsir etməsinə
imkan vermir. İpoteka krediti almaq üçün tələb
edilən məbləğ orta aylıq əməkhaqqıdan 2 dəfə
artıqdır. Bütüqn bunları nəzərə alsaq yaxın
zamanlarda mənzil bazarında canlanmaya, qiymət
artımlarına zəmin yaradacaq iqtisadi faktor yoxdur”.
|