|
Banklardakı
1 milyard dollara yaxın əmanət sığortalanmayıb
Vüqar Bayramov:” Maksimum məbləğin 50 min manata
çatdırılmasına ehtiyac var”.
Əmanətlərin Sığortalanması Fondu 2010-cu ilin II
rübü ilə bağlı məlumatları açıqlayıb. Məlum olub ki,
fondun
sığorta ehtiyatları 27 mln. 309 min 700 AZN təşkil
edib. Göstərilən rübdə fiziki şəxslərin üzv
banklarda olan cəmi əmanətlərinin həcmi isə 2 mlrd.
484 mln. manat olub. Qorunmayan əmanətlər 818 mln.
577 min manat, qorunan əmanətlər 1 mlrd. 665 mln.
manat təşkil edib. Bu arada nəzərə çatdıraq ki, fonda
üzv banklarda illik 12 faizlə yerləşdirilən
əmanətlər sığorta olunur. Bundan yuxarı faizlə
yerləşdirilmiş əmanətlər sığorta olunmur və onlara
görə kompensasiya ödənilmir. Onu da xatırladaq ki,
hazırda kompensasiya məbləğinin maksimum həddi 30
min manatdır. Əmanətçilər əmanətlərinin
sığortalanması üçün heç bir ödəniş etmirlər. Sığorta
haqları yalnız banklar tərəfindən ödənilir.
İqtisadçı-ekspert Vüqar Bayramov deyir
ki,sığortalanan əmanətlərin məbləğinin 30 min manata
çatdırılmasına, sığortalanan əmanətlər üzrə faiz
dərəcələrinin aşağı salınmasına baxmayaraq
Əmanətlərin Sığortalanması Fondunun əhatə dairəsi
kiçik olaraq qalır: “ Bunun nəticəsidir ki, 1
milyard dollardan artıq əmanət sığortalanmır. Əgər
bank sektorunda hər hansı problem baş verərsə, eləcə
də banklar müflis olmaq təhlükəsi qarşısında qalarsa,
o zaman 1 milyard dollar yaxın əmanəti qaytarmaq
mümkün olmayacaq. Rəsmi rəqəmlər göstərir ki, əgər
birinci rübün yekununda Əmanətlərin Sığortalanması
Fondu tərəfindən qorunmayan əmanətlərin həcmi 777
milyon manat idisə, 3 ay ərzində bu rəqəm 818 mln.
577 min manata qədər yüksəlib. 3 ayda
sığortalanmayan əmanətlərin məbləği 111 milyon manat
artıb”.
Sığortalanmayan əmanətlərin həcmində artımların
davam etməsinin narahatlıq doğurduğunu söyləyən
iqtisadçı bildirir ki, 46 bankdan `yalnız 43-ü
fondun üzvüdür: “Həmin 3 bankda yerləşdirilən
əmanətlər sığortalanmır. Xatırladaq ki, hazırda
maksimum məbləğ 30 min manata qədər, illik
dividenti12 faizədək olan əmanətlər sığortalanır.
12 faizdən yüksək faizlə əmanət cəlb edən və məbləği
30 min manatdan artıq olan əmanətlər sığortalanmır”.
Ekspert deyir ki, fond əmanətlərin sığortalanması
üzrə faiz dərəcələrinin aşağı salınması ilə bağlı
qərar qəbul etsə də, bəzi kommersiya banklarına cəlb
olunan əmanətlər üzrə faiz dərəcələri yüksək olaraq
qalır: “Bu da bankların təklif etdikləri kredit
faizlərinin yüksək olması ilə bağlıdır. Kredit
faizləri yüksək olduğundan vətəndaşlardan əmanətlər
yüksək faizlə cəlb edilir. Bəzi banklar isə yüksək
faiz təklif etməklə daha çox əmanət cəlb etməyə
çalışırlar. Hansıki bu ucuz kampaniyalar kifayət
qədər böyük məbləğdə əmanətlərin batmasına gətirib
çıxara bilər”.
V.Bayramov un fikrincəm, əmanətlərin
sığortalanması üzrə maksimum məbləğin artırılması
prosesi ləngiyib: “Fondun məlumatına əsasən, qurum
əmanətlərin sığortalanması dairəsinə görə MDB
ölkələri arasında ilk yerlərdən birini tutur.
Mərkəzi Şərqi Avropa ölkələrində hər il sığortalanan
əmanətlərin maksimum məbləğina baxılır. Əgər Polşada
2008-ci ilədək 22 min 500 avroya qədər əmanət
sığortalanırdısa, həmin ilin oktyabrında
sığortalanan əmanətlərin məbləği 50 min avroya,
2009-cu ildə 100 min avroya qədər artırıldı. Elə
ölkələr var ki, onlarda sığortalanan əmanətlərin
məbləğinə maksimum məbləğ və ya limitlər müəyyən
edilməyib. Məsələn, Slaveniyada əmanətlərin
məbləğindən asılı olmayaraq bütün əmanətlər
sığortalanır. Eyni zamanda sığortalanan əmanətlər
tam olaraq geri qaytarılır. Eyni strategiyanı
İrlandiya və Danimatrkada da müşahidə etmək
mümkündür. Rusiyada sığortalanan əmanətlərin
divitent faizi üçün maksimum limitlər müəyyən
edilməyib.Yəni əmanətlər üzrə hansı faiz dərəcəsinin
təklif edilməsinə baxmayaraq həmin bank Rusiyada
2004-cü ildə yaradılan Depozit Sığorta Agentliyinin
üzvüdürsə, orada yerləşdirilən əmanətlər
sığortalanır.Azərbaycanda digər MDB ölkələrindən
fərq ondadır ki, sığortalanan əmanətlər üzrə
maksimum məbləğin artırılması mütəmadi olaraq yox,
gec-gec baş verir”.
İqtisadçı hesab edir ki, fond əmanətlərin batmasının
qarşısını almaq üçün üzv bankların sayını
artırmalıdır . Həmçinin əhali arasında sığortalanan
əmanətlərin şərtləri ilə bağlı təbliğat
qurulmalıdır: “Qorunmayan əmanətlərin məbləğinin
artımı bu sahədə maarifləndirmənin zəif olmasından
xəbər verir. Başqa tərəfdən banklar əmanətlərin
cəlbi ilə bağlı reklam roliklərində 12 faizdən
yüksək faizlə yerləşdirilən əmanətlərin fond
tərəfindən sığortalanmaması yönündə qeydin
aparılması məcburi edilməlidir. Bir sıra
ölkələrdə analoji təcrübəyə rast gəlinir“.
V.Bayramovun sözlərinə görə, sığortalanan
əmanətlərin əhatə dairəsinin artırılması üçün bir
sıra Mərkəzi və Şərqi Avropa ölkələrində olduğu kimi
sığortalanan əmanətlərin məbləğinin 50 min avroyadək
artırılmasına ehtiyac var:” Mərkəzi və Şərqi Avropa
ölkələrindəminimum məbləğ 50 min avrodur.
Azərbaycanda da maksimum məbləğin 50 min manata
çatdırılmasına ehtiyac var”.
|