|
Taxıl qıtlığı qonşu ölkələri “vurub”
Azərbaycanda çörəyin qiyməti 40 qəpik ola bilər
Avqustun 23-də dünya bazarında taxılın qiyməti 13,5
sent və ya 2% artıb. Taxılın ixracına dair dekabr
müqavilələri artıq
1 buşel üzrə 7,25 ABŞ dolları (və ya 1 kq üçün 26,9
sent) qiyməti ilə bağlanılır. Taxılın bahalaşmasına
əsas səbəb kimi Rusiyada baş vermiş yanğınlar
nəticəsində 10 mln. hektar taxıl sahəsinin məhv
olması qeyd edilir. Xatırladaq ki, bunun nəticəsində
Rusiya hökuməti 2010-cu ilin sonuna kimi taxılın
ixracına embarqo qoyub. Məlumat üçün onu da bildirək
ki, bu il Rusiyada 60 mln. ton taxıl yığılacağı
gözlənilir. Daxili ehtiyatlar hazırda 21-24 mln.
tona bərabərdir, daxili istehlak 77-78 mln. ton
təşkil edir.
Bu arada dünya bazarında taxılın bahalaşması qonşu
ölkələrdə çörəyin və unun qiymətinə təsir göstərib.
Konkret olaraq Gürcüstanda çörək 10-15 tetri, un
kisələri 15 lari bahalaşıb. Türkiyədə isə hökümət
Ramazan ayının başa çatmasını gözləyir. Belə ki,
Ramazandan sonra çörəyin qiyməti qaldırılacaq. Bu
barədə əhaliyə xəbərdarlıq da edilib. Azərbaycana
gəlincə, ötən illə müqayisədə daxili istehsal 15
faiz azalsa da Kənd Təsərrüfatı Nazirliyi taxıl
qıtlığı və qiymət artımları ilə bağlı
narahatçılıqları əsassız sayır. Araşdırmalar və
müşahidələr isə əksinə çörəkbişirmə sənayesində
gizli inflyasiyanın baş verdiyini göstərir. Son iki
həftədə çörəyin çəkisi 200 qrama yaxın azaldılıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov bildirir ki, dünya bazarında taxılın
qiymətinin bahalaşması cari ildə taxıl istehsalının
aşağı düşməsi ilə birbaşa bağlıdır. Onun sözlərinə
görə, ucuz taxıl istehsalçıları öz məhsullarını
artıq dünya bazarında deyil, daxildə satmağa
üstünlük verirlər: “Əvəllər dünya bazarına taxıl
çıxarılmasında əhəmiyyətli yerlərdən birinə malik
olan Rusiya artıq 2010-cu ildə taxıl ixracına qadağa
qoyub. Məsələ yalnız Rusiyanın taxıl ixracına qadağa
qoymasında deyil. Rusiya həmçinin Qazaxıstandan 5
milyon ton taxıl idxal etmək niyyətindədir. Bu da
ondan xəbər verir ki, Rusiyada müşahidə edilən taxıl
qıtlığı dünya və region bazarlarına təsir
göstərməkdədir”.
Dünyada taxıl istehsalı azalıb
Bütövlükdə dünyada taxıl istehsalının 4 faiz
azaldığını vurğulayan iqtisadçı deyir ki, bu barədə
ABŞ-ın “Blomberq” agentliyi məlumat yayıb:
“Göründüyü kimi Rusiyada taxıl istehsalının azalması
dünyada taxıl istehsalının hələlik 4 faiz aşağı
düşməsinə səbəb olub. Güman edilir ki, biçim mövsümü
tam başa çatdıqdan sonra dünya üzrə taxıl
istehsalında azalmaların həcmi 4 faizdən də artıq
olacaq. Çünki, təkcə Rusiyada deyil, dünyanın ən
böyük taxıl istehsalçısı olan Çində taxıl
istehsalının azalması qeydə alınıb. Çin hökümətinin
rəsmi məlumatına görə, ölkədə taxıl istehsalı 7
fazi aşağı düşüb. Hansıki, bu dünya bazarına
təsirsiz ötüşməyə bilməz. Bütün bunları nəzərə alsaq
dünya bazarında qiymət artımları gözlənilən idi”.
Dünya bazarındakı qiymət artımlarının Azərbaycana
təsirlərinə gəlincə, V.Bayramov bildirir ki, daxili
istehsal ölkənin taxıla olan tələbatın ödənilməsinə
imkan vermir: “Bu baxımdan Azərbaycan taxıl idxal
etmək məcburiyyətindədir. Taxılın bahalaşması,
Nazirlər Kabinetinin taxıl idxalına əlavə dəyər
vergisinin ləğv olunması ilə bağlı qərarının
yubanması ölkəyə idxal edilən taxılın qiymətinin
kəskin artmasına gətirib çıxaracaq. Bu da ölkədə
istehsal olunan çörəyin qiymətinə təsirsiz
ötüşməyəcək”.
Çörəyin keyfiyyəti aşağı düşüb
İqtisadçının fikrincə, 2010-cu ildə idxaldan
asılılığın artması praktik olaraq ölkədə taxılın
qiymətinə təsir edəcək: “Daxili istehsalın aşağı
düşməsi, Rusiyanın ilin sonuna qədər taxıl ixracına
qadağa qoyması, eləcə də Qazaxıstanın ixracın
həcmini azaltması Azərbaycanın ucuz taxıl idxal
etmək imkanlarının məhdudlaşdırıb. Ölkəyə idxal
olunan taxıl məhsullarının daha baha olması güman
edilir. Yaxın günlərdə çörəyin qiymətində artımlar
istisna edilmir”.
Mütəxəssis sentyabrda çörəyin qiymətinin 35 qəpiyə
qədər yüksələcəyini istisna etmir: “Əgər dünya
bazarında artımlar davam edərsə, ilin sonuna qədər
Azərbaycanda standart çörəyin qiyməti 40 qəpik
olacaq. Qiymət artımlarına qarşı inzibati
müdaxilələr olsa çörəyin qiymətinin və ya çəkisinin
azaldılmasına gediləcək. Artıq çörəyin
keyfiyyətinin azaldılması müşahidə edilməkdədir. Bu
da taxıl qıtlığının psixoloji təsirləri ilə
bağılıdır”.
|