|
Gürcüstan Şimal-Cənub magistral qaz kəmərinin
səhmlərini özəlləşdirməyə çıxarmaqdan imtina etdi
Vüqar Bayramov: “Bəzi Qərb dövlətləri səhmlərin
Azərbaycan şirkəti tərəfindən alınmasında
maraqlı deyillər”
Gürcüstan höküməti Şimal-Cənub magistral qaz
kəmərinin səhmlərinin bir hissəsini özəlləşdirməyə
çıxarmaq barədə fikrini dəyişib. Bu barədə Gürcüstanın
energetika naziri Aleksandr Xetaqari açıqlama verib.
Maraqlıdır ki, nazir kəməri satmaq fikirlərini
hansı səbəbdən dəyişmələrinə aydınlıq gətirməyib.
Lakin bəlli olub ki, bu ilin sonu gələn ilin əvvəli
üçün planlaşdırılan tender təxirə salınıb.
Onu da nəzərə çatdıraq ki, Gürcüstan hökümətində
kəmərin səhmlərinin özəlləşdirilməsi ilə bağlı
fikir ayrılıqları var. O cümlədən Qərb də qaz
kəmərin səhmlərinin satışa çıxarılmasının
əleyhinədir. 3 il əvvəl analoji məsələ gündəmə
gələrkən ABŞ höküməti “Minilliyin çağırışı” layihəsi
çərçivəsində kəmərin reabilitasiyasına 300 milyon
dollar vəsait ayırmışdı. Xatırladaq ki, Gürcüstan o
zaman boru kəmərinin köhnəlməsi və reabilitasiyaya
ehtiyacı olması səbəbindən səhmlərini satışa
çıxarmaq istəyirdi
Bu arada hazırki şəraitdə qaz kəmərinin
özəlləşdirilməsində əsas maraqlı tərəflər Azərbaycan
Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və
Rusiyanın “Qazprom”şirkəti idi. Qeyd edək ki, ARDNŞ
rəhbərliyi dəfələrlə bəyanatlarında səhmlərin
alınmasına böyük maraq göstərdiklərini bildiriblər.
Yeri gəlmişkən, həmin ərəfədə qonşu ölkənin
mətbuatı səhmləri almaq üçün Azərbaycanın Gürcüstan
hökümətinə kifayət qədər böyük həcmdə vəsait təklif
etdiyini yazırdı. Diqqəti çəkən isə indiyə qədər
ARDNŞ-ın bu xəbərləri nə təsdiq, nə də təkzib
etməsidir. Şirkət həmçinin kəmərin alınması üçün
tenderdə irəli sürəcəyi məbləği də açıqlamayıb.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov qaz kəmərinin səhmlərinin özəlləşdirməyə
çıxarılmasının təxirə salınmasının iki səbəb
olduğunu deyir: “Onlardan birincisi Rusiyanın
“Qazprom” şirkətinin fəal şəkildə səhmlərin
alınmasında iştirak etmək niyyətidir. Hansıki, bu
Gürcüstan hökümətində müəyyən narahatçılıq yaradıb.
Qonşu ölkənin rəsmiləri hesab edir ki, səhmlərin
“Qazprom” tərəfindən alınması gələcəkdə həmin
kəmərdən Gürcüstana qarşı istifadə edilmə
imkanlarını artırır. Ümumiyyətlə Gürcüstan Rusiyanın
səhmləri alacağından ehtiyat edir. Baxmayaraq, bu
ehtiyatlılıq bir neçə il əvvəl də vat idi. Lakin o
zaman Gürcüstan hökümətinin özü bildirmişdi ki,
söhbət kəmərin 15 faizlik hissəsinin satışından
gedir”.
İqtisadçı onu da xatırladır ki, 2006-ci ildə Rusiya
sözügedən kəmərin alınması ilə bağlı Gürcüstana 250
milyon dollar təklif etmişdi: “O zaman Gürcüstan
höküməti “Qazprom”un təklifini qəbul etməmişdi.
Eyni zamanda kəmər üçün “Qazprom”dan 1 milyard
dollar istəmişdilər.Qarşı tərəf bu məbləği kifayət
qədər böyük rəqəm kimi qiymətləndirmişdi.
Və danışıqlar bununla da dayandırılmışdı. Əslində
kəmərin iqtisadi baxımdan rentabelli olması,
strateji əhəmiyyətinin qorunub saxlanması üçün
rentabelli qiyməti yarım milyard intervalındadır ”.
V.Bayramov deyir ki, Neft Şirkətinin özəlləşdirməyə
çıxarılan səhmlərin alınmasında maraqlı olması,
eləcə də bunun üçün artıq vəsait ödəmək niyyəti ilə
bağlı məlumatlar Qərbin Gürcüstan hökümətinə
təzyiqlərinin artması ilə nəticələnib. Qonşu ölkə
qərarına korrektələr etmək məcburiyyətində qalıb:
“Bəzi Qərb dövlətləri səhmlərin Azərbaycan şirkəti
tərəfindən alınmasında maraqlı deyillər. Güman
edirlər ki, belə bir addımın atılması regionda
balansın pozulmasına gətirib çıxara bilər. Eyni
zamanda bu, Azərbaycanın Ermənistan üzərində
strateji üstünlüyünə səbəb olcaq”.
Tranzi qaz kəmərinin səhmlərinin alınmasının
Azərbaycan üçün strateji əhəmiyyətinə gəlincə,
ekspertin sözlərinə görə, bu Rusiyadan Ermənistana
nəql edilən qaz kəmərinin Azərbaycan tərəfindən
idarə olunmasına gətirib çıxaracaq: “Azərbaycan
şirkətinin kəməri alacağı halda Ermənistanın qazsız
qalacağı ilə bağlı açıqlamalar sadəcə kampaniya
xarakteri daşıyır. Azərbaycan və ya hər hansı bir
ölkənin şirkəti kəməri aldıqdan sonra Ermənistana
mavi qaz nəqlini dayandırmayacaq. Çünki,
gözləniləndir ki, kəməri satan zaman mavi qazın
Ermənistana nəqlinin dayandırılmaması Gürcüstan
tərəfinin əsas şərtlərindən biri olsun. Amma
bununla belə kəməri alan şirkət qazın tranzit
tariflərini müəyyənləşdirmək hüququna malik
olacaq. Bu həm də tariflərləri
müəyyənləşdirərək Ermənistanda qazın qiymətinə təsir
imkanı qazanmağa şərait yaradacaq”.
V.Bayramov məsələnin digər iqtisadi tərəflərinin
olduğnu da bildirir. Belə ki, kəmərin rentabelli
olması ehtimalları böyükdür: “Ermənistanın yaxın
illərdə digər qonşu ölkələrdən qaz idxal etmək
imkanları yoxdur. O baxımdan Ermənistan Rusiya
qazından birmənalı şəkildə asılıdır. Rusiya qazının
Erməistana nəql edilməsi yolu isə yalnız
Gürcüstandan keçir. Bunları nəzərə aldıqda kəmərin
rentabelli olması imkanları geniş idi”.
|