|
Vüqar Bayramov Kral İqtisadiyyat Akademiyasına üzv
seçilib
İqtisadçı-alim Böyük Britaniyanın aparıcı
akademiyasında Azərbaycanı təmsil edəcək
Kral İqtisadiyyat Akademiyası İqtisadi və Sosial
İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramovun
sözügedən quruma üzv olması barədə qərar qəbul
edib.Nəzərə çatdıraq ki, Londonda yerləşən
Akademiyanın İdarə Heyəti bu barədə qərarı avqustun
19-da keçirilən yığıncağında verib. Həmçinin
azərbaycanlı alimin beynəlxalq ekspertlərdən təşkil
edilən “İnkişaf Ekspert Qrupunda” təmsil olunması
razılaşdırılıb. O cümlədən V.Bayramovun
Akademiyanın bu ilin oktyabrında təşkil ediləcək
illik konfransına spikerlərdən biri kimi dəvət
edilməsi planlaşdırılıb.
İSİM-dən verilən məlumata görə, Akademiya Vüqar
Bayramovun elmi fəaliyyətini və eləcə də xarici
ölkələrdə çap edilən əsərlərini tədqiq edərək bu
qərarı verib. Azərbaycanlı alim bildirib ki,
sözügedən qurum nəinki Böyük Britaniya və ya
Avropada, eləcə də dünyada aparıcı elmi
mərkəzlərindən hesab edilir. Akademiyada dünyanın
aparıcı iqtisadçıları toplaşıb ki, bu da onun dünya
elminə və iqtisadiyyatına təsir imkanlarını artırır.
Akademiyanın nəşr etdiyi jurnallar dünyanın ən
reytinqli nəşrləri sırasına daxildir. Eyni zamanda
Akademiya inkişaf etməkdə olan ölkələrdə iqtisadi
inkişafın və eləcə də islahatların dəstəklənməsinə
ünvanlanan proqramlar həyata keçirməkdədir.
Vüqar Bayramov deyib ki, kifayət qədər nüfuzu olan
bu qurumda azərbaycanlı alim kimi onun təmsilçiliyi
ölkəmiz üçün uğur hesab edilə bilər: “Artıq
Azərbaycanın elm adamları da beynəlxalq
təşkilatlarda bərabər hüquqlu üzv kimi təmsil
olunurlar”.
Xatırladaq ki, Vüqar Bayramovun adı bu ay ABŞ-ın
məşhur Corctaun Universiteti tərəfindən hazırlanan
“Dünyanın ən nüfuzlu 500 müsəlmanı” hesabatına da
daxil edilib.
|