|
Azərbaycanda meyvə
Mərkəzi Şərqi Avropadan bahadır
Vüqar
Bayramov: “İnhisarçılıq aradan qalxarsa, kənd
təsərrüfatı məhsullarının qiymətləri 2 dəfə aşağı
düşər”
Paytaxt bazarlarında kənd təsərrüfatı məhsullarının
baha olması artıq Kənd Təsərrüfatı Nazirliyini də
narahat etməyə başlayıb. Nazirliyin şöbə müdiri
Sabir Vəliyev bu barədə mətbuata müsahibəsində
bildirib ki, yerlərdəki qiymətlərlə bazarlardakı
qiymətlər arasında bəzən 10 dəfəyədək fərq
olur.Bunun səbəbi kimi məhsulun bazarlara
gətirilməsi zamanı yollarda ayrı-ayrı dövlət
qurumları tərəfindən yaradılan maneələri göstərən
şöbə müdiri deyib ki, ikinci problem, bazarlardakı monopolistlərdir.
Hansıki, onlar kəndlini, istehsalçını bazara
buraxmırlar. Həmin adamlar məhsulu ucuz qiymətə alır
və bazarda qat-qat baha qiymətə satırlar. O səbəbdən
də bütün bazarlarda tərəvəzin, meyvələrin qiymətləri
eynidir. Hər hansı məhsul növü üzrə rəqabət
şəraitinin olmadığını söyləyən S.Vəliyev bazarlarda
qiymətlərin monopolistlər tərəfindən müəyyən
edildiyini diqqətə catdırıb. O həmçinin qeyd edib ki,
İqtisadi İnkişaf Nazirliyinin nəzdindəki İstehlak
Bazarına Dövlət Nəzarəti Departamenti çox ciddi
işləməlidir.
İqtisadçı-ekspertə görə, kənd təsərrüfatı
məhsullarının satışı ilə bağlı Azərbaycanda 2
formada monopoliya mövcuddur: “Onlardan birincisi
kənd təsərrüfatı məhsullarının ölkəyə gətirilməsi
ilə bağlı xarici ticarətdə tətbiq edilən
manapoliyadır. Hansıki bu inhisar kənd təsərrüfatı
məhsullarının ölkəyə gətirilməsinə məsul olan
şirkətlərin sayının azalmasına,yəni ixracla məşğul
olan şirkətlərin qeyri-rəsmi siyahılarının tətbiqinə
gətirib çıxarıb. Sirr deyil ki, bir sıra ərzaq və
kənd təsərrüfatı məhsullarını ölkəyə gətirən zaman
qeyri-rəsmi icazələrin alınmalıdır”.
V.Bayramov bildirir ki, ölkəyə idxal olunan
məhsullar az sayda əllərdə idarə edildiyindən
bazarda inhisar qiymətlərinin müəyyənləşdirilməsinə
gətirib çıxarıb: “O baxımdan ərzaq və kənd
təsərrüfatı məhsullarının idxalı ilə bağlı birinci
inhisar kənd təsərrüfatı məhsullarının ölkəyə
gətirilməsində tətbiq edilən əngəllərdir. Digər
inhisar yerlərdə istehsal olunan kənd təsərrüfatı
məhsullarının bazarlara daxil olması zamanı
yaradılan inhisarçı əngəllərdir. Əksər məhsul
istehsalçıları məhsullarını paytaxtın istehlak
bazarlarında birbaşa satmaq imkanına malik deyillər.
Onlar istehsal etdikləri məhsulları aşağı qiymətə
bazarda inhisarçı mövqeyə malik şəxslərə təhvil
verirlər. Nəticədə həmin məhsullar inhisarçılar
tərəfindən daha yüksək qiymətə alıcılara təklif
edilir. Bundan əlavə bazarlarda saxlama
kameralarının, anbarların sayının az olması kənd
təsərrüfatı istehsalçılarının özlərinin bazara
məhsul gətirmək imkanlarını məhdudlaşdırır.
İstehsalçılar məhsullarını topdansatış qiymətinə
inhisarçılara verməyə məcbur olurlar”.
Hər iki inhisar formasının bazarda qiymət
artımlarına gətirib çıxardığını deyən iqtisadçı
Azərbaycanda kənd təsərrüfatı və ərzaq məhsullarının
qiymətlərini qonşu ölkələrlə müqayisə edir. Bizdə
qiymətlərin xeyli yüksək olduğunu söyləyir: “Mərkəzi
Şərqi Avropa ölkələri ilə müqayisədə Azərbaycanda
bir sıra kənd təsərrüfatı məhsullarının qiymətləri
olduqca yüksək hesab oluna bilər. Məsələn, mövsümdə
gilas və gilanarın qiymətləri Mərkəzi Şərqi Avropa
ölkələri, o cümlədən Rumıniya, Çexiya ilə müqayisədə
3 dəfəyə yaxın baha idi. Elə kənd təsərrüfatı
məhsulları var ki, onların qiymətləri hətta Amerika
Birləşmiş Ştatları ilə müqayisədə bahadır. Xüsusilə,
giləmeyvələrin qiyməti Amerika ilə müqayisədə 2 dəfə
bahadır”.
Ekspert təkcə yerli istehsal məhsullarının deyil,
idxal məhsullarının da qiymətinin yüksək olduğunu
vurğuladı: “Regionda banan ən baha Azərbaycanda
satılır. Böyük Britaniya ilə müqayisədə banan 3
dəfəyə yaxın bahadır. Rusiya ilə müqayisədə isə bu
rəqəm 2,5 dəfə təşkil edir. Praktiki adıçəkilən
məhsulların qiymətinin baha olması onların
idxalındakı inhisarçılıqla bağlıdır”.
“İnhisarçılıq bazarlarda qiymətlərin diqtə
edilməsinə gətirib çıxarıb” deyən V.Bayramov
bildirir ki, ölkə prezidenti dəfələrlə
inhisarçılığa qarşı mübarizənin aparılması
istiqamətində göstəriş versə də, hökümət qurumları
bu yöndə ortaya real iş qoya bilməyiblər: “Bunun
nəticəsidir ki, inhisarçılıq Bakı bazarlarında
qiymətləri diqtə edən əsas faktordur”.
İnhisarçılıq aradan qaldırıldığı təqdirdə istehlak
bazarlarında nələrin dəyişəcəyinə gəlincə,
mütəxəssis bildirir ki, kənd təsərrüfatı
məhsullarının qiymətləri tez bir zamanda aşağı
düşər: “İdxal ölkələrindəki qiymətlərin müqayisəsini
və Azərbaycanda tətbiq edilən idxal rüsumlarını
nəzərə alsaq inhisarçılığın aradan qaldırılması
ölkədə kənd təsərrüfatı məhsullarının qiymətlərinin
2 dəfə aşağı düşməsinə səbəb olar. İnhisarçılığn
aradan qaldırılması yalnız qiymət azalmalarının baş
verməsinə deyil, bazarda idxal məhsullarının
qıtlığının aradan qalxmasına gətirib çıxaracaq”.
İqtisadçının sözlərinə görə, inhisarçılıq aradan
qalxarsa əhalinin kənd təsərrüfatı və ərzaq
məhsulları ilə təminatı da yaxşılaşar və onlara
vəsaitlərində qənaət etmək imkanı yaranar:
“Azərbaycanda gəlirlərin 70 faizi kənd təsərrüfatı
məhsullarının alınmasına yönəldilir. Bu da
qiymətlərin bazar tərəfindən deyil, inhisarçılar
tərəfindən müəyyənləşdirilməsindən irəli gəlir.
İnhisarçılığın aradan qaldırılması əhalinin yığım
imkanlarını artırar”.
|