|
Ölkələnin valyuta ehtiyatlarının həcmi artıb
Vüqar Bayramov: “.
Manatın məzənnəsinin qorunmasında dövlət
rezervlərindən istifadə edilməməsi, dövriyyəsində
sterilizasiya tədbirlərinin aparılması valyuta
ehtiyatlarını artırıb”
Mərkəzi Bank valyuta ehtiyatını artırıb. Belə
ki,
ötən ay bankın ehtiyatlarının həcmi 5 milyard 658
milyon 500 min dollara çatıb ki, bu da son 18 ayda
ən yüksək həddir. Mərkəzi Bankdan verilən məlumata
görə, iyul ayında qurumun ehtiyatı 187,8 milyon
dollar artıb. İyun ayında bu göstərici 5 milyard 470
milyon 700 min dollar təşkil edib.
2010-cu ilin birinci yarımilində Mərkəzi Bank
ehtiyatlarının həcmini 9,6% və ya 496,8 milyon
dollar artıra bilib. 31 dekabr 2009-cu il tarixinə
valyuta ehtiyatı 5 milyard 161 milyon 700 min dollar
təşkil edib. 2009-cu ilin müvafiq dövrü ilə
müqayisədə ötən ay valyuta ehtiyatı 18,2% və ya
871,5 milyon dollar artıb. Ötən ilin iyulunda bu
göstərici 4 milyard 787 milyon dollara bərabər olub.
İqtisadçı-ekspert Vüqar Bayramov hesab edir
ki,valyuta ehtiyatlarının artması valyuta bazarında
baş verən dəyişikliklərlə bağlıdır. Onun sözlərinə
görə, aprel, may aylarında ucuzlaşmadan sonra
avronun məzənnəsində kəskin artımlar müşahidə olunur:
“Nəzərə alsaq ki, dövlət rezervlərinin bir qismi
avro ilə saxlanılır, bu avro ilə saxlanılan dövlət
rezervlərinin dollarla ifadəsinin artmasına gətirib
çıxarıb. Dolların manata nisbətən məzənnəsinin
dəyişməməsi, sabit qalması isə dollarla olan valyuta
ehtiyatlarının həcminin dəyişməməsinə səbəb olub”.
V.Bayramov deyir ki, valyuta ehtiyatlarının artması
eyni zamanda rezervlərin idarə olunmasından əldə
edilən gəlirlərin artması ilə bağlıdır: “Amerika
Birləşmiş Ştatlarında qlobal maliyyə böhranının
səngiməsi bu ölkədə idarə olunan valyuta
ehtiyatlarından əldə edilən gəlirləri artırıb. O
baxımdan dövlət rezervlərinin artması təkcə valyuta
bazarında baş verən dəyişikliklərlə deyil, valyuta
ehtiyatlarının idarə olunmasından əldə edilən
gəlirlərlə bağlıdır”.
Mütəxəssisə görə, MDB ölkələri ilə müqayisədə
Azərbaycanın valyuta ehtiyatlarının həcmi normal
hesab edilə bilər. Gürcüstanın valyuta
ehtiyatlarının 2 milyard dollar təşkil etdiyini
vurğulayan ekspert bildirir ki, Ermənistanın valyuta
ehtiyatları 1 milyard dollardan bir qədər artıqdır:
“Ukraynanın valyuta ehtiyatları Azərbaycanın valyuta
ehtiyatlarından çox cüzi fərqlənir. Belə ki, bu
ölkənin valyuta ehtiyatları 25,5 milyard
dollardır.Bu rəqəm Qazaxıstanda 27,3 milyard dollar
təşkil edir. Yeri gəlmişkən, Azərbaycanın valyuta
ehtiyatları Rusiyanın valyuta ehtiyatları ilə
müqayisə edilə bilməz. Çünki Rusiyanın valyuta
ehtiyatları 475 milyard dollara yaxınlaşır ki, bu da
kifayət qədər böyük rəqəmdir”.
İyul ayında bütün MDB ölkələrinin valyuta
ehtiyatlarında artım müşahidə edildiyini söyləyən
ekspert deyir ki, Rusiyanın valyuta ehtiyatları
əvvəlki aya nisbətən 5, 4 milyard dollar,
Qazaxıstanın valyuta ehtiyatları 1 milyard 200 min
dollar, Ukraynanın valyuta ehtiyatları 1,4 milyard
dollar artıb. artıb: “MDB ölkələrinin valyuta
ehtiyatlarının artımı birbaşa avronun dollara
nisbətən məzənnəsinin yüksəlməsi ilə bağlı olub”.
Mərkəzi Bankın valyuta ehtiyatlarının artmasında
avronun məzənnəsinin yüksəlməsi həlledici rol
oynasa da V.Bayramov bildirir ki, qurumun ötən aylar
valyuta bazarında intervensiya deyil, sterilizasiya
tədbirləri həyata keçirməsi də valyuta
ehtiyatlarının artmasına şərait yaradıb: “Əvvəllər
Mərkəzi Bank manatın məzənnəsini qorumaq üçün
intervensiya edirdi. Bu da dolların manata
təzyiqinin olmasından irəli gəlirdi. Cari ilin
birinci yarımilində Mərkəzi Bank 599 milyon
dollarlıq sterilizasiya edib. Bank artıq manatın
məzənnəsinin kəskin möhkəmlənməsinin qarşısını almaq
üçün pul bazarında əməliyyatlar aparır. Manatın
məzənnəsinin qorunmasında dövlət rezervlərindən
istifadə edilməməsi, əksinə pul dövriyyəsində
sterilizasiya tədbirlərinin aparılması valyuta
ehtiyatlarını artırıb”.
2009-ci ildə Mərkəzi Bankın manatın məzənnəsinin
sabit saxlanması üçün 1 milyard 260 milyon dollar
xərclədiyini xartırladan iqtisadçı 2010-cu ildən
bankın sretilizasiya tədbirləri həyata keçirdiyini
deyir: “Bütövlükdə Azərbaycanın xarici borcunu,
digər iqitisadi göstəricilərini nəzərə alsaq dövlət
rezervlərinin məbləği normal hesab edilməlidir”.
Məlumat üçün bildirək ki, Azərbaycanın 3,4 milyard
dollar xarici borcu var. Adambaşına düşən xarici
borcun məbləği 381,3 dollardır.
|