|
Dəmiryolu
nəqliyyatında qiymətlər qaldırılarsa
“Azərbaycan Dəmir Yolları” QSC-nin sərnişindaşımada
qiymətlərin qaldırılmasına dair Tarif Şurasına (TŞ)
rəsmi təklif göndərməsi bu sahədə qiymətlərin yaxın
zamanda bahalaşdırılacağı ilə bağlı narahatçılıqları
artırıb. Nəzərə çatdıraq ki, QSC rəhbərliyi hələ
ötən ildən dəmiryolunda qiymətlərin artırılması üçün
TŞ-ya müraciət ünvanlayıb. Sadəcə o zaman əhaliyə
satılan mavi qazın və metrodan istifadə haqqlarının
bahalaşdırılması gündəmdə olduğundan “Azərbaycan
Dəmir Yolları”nın müraciətinə müsbət cabav
verilməyib.
Məlumat üçün bildirək ki, dəmiryolu nəqliyyatı
hazırda ölkədə ən ucuz nəqliyyat vasitəsi hesab
olunur. Belə ki, hazırda dəmiryolunda biletin orta
qiyməti 3,5 manatdır (4,3 dollar). Avtomobil
nəqliyyatında isə bir sərnişinin daşınması 8-10
manatadır. Azərbaycan Dəmir Yolları” QSC
rəhbərliyinin əsaslandırmasına görə, qiymətlərin
aşağı olması sərnişindaşıma təsərrüfatında
problemlər yaradır. Daima vaqonların yaxşı
saxlanmasını və sərnişindaşımanın təhlükəsizliyini
təmin etmək olmur. Qiymətlərin nə qədər artacağına
gəlincə, QSC sədri Arif Əsgərov bu barədə qəti
fikir söyləmir. Bildirir ki, bu məsələ Tarif
Şurasının dəmir yol təsərrüfatının vəziyyəti və
digər amillər barədə gəldiyi qənaətdən asılı olacaq.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin rəhbəri Vüqar
Bayramov hesab edir ki, dəmiryolu nəqliyyatında
qiymət artımlarına ehtiyac var. Çünki, hazırki
qiymətlər bu sahənin rentabelli işləməsinə imkan
vermir: “ Qonşu ölkələrlə müqayisədə Azərbaycan
daxilində dəmiryolunda qiymətlər aşağı sayıla bilər.
Lakin dəmiryolu tariflərinin artırılmasının bu
sahədəki xidmətin keyfiyyətinin artırılmasına
gətirib çıxara biləcəkmi? Əvvəla dəmiryolunda
qiymətlərin aşağı olmasına baxmayaraq, heç də
dəmiryolu xidmətindən istifadə edənlər həmin
tariflərə uyğun bilet almaq imkanlarına malik
deyillər. Azərbaycan nəqliyyatında dəmiryolunun
xüsusiyyəti ondan ibarətdir ki, bu sahədə elektron
hökümətin elementləri tətbiq edilmir. Qonşu
dövlətlərdən, hətta Gürcüstandan fərqli olaraq
vətəndaşlar internet vasitəsilə qatarlara bilet əldə
edə bilmirlər”.
Mütəxəssisin sözlərinə görə, biletlərin
kassalardan satılması və sifariş sisteminin
yaradılmaması gediş haqqlarının aşağı olmasına
baxmayaraq tələbatın artdığı dövrdə rəsmi qiymətə
biletin əldə edilməməsinə gətirib çıxarıb: “Artıq
vəsait ödəmədən, tanışlıq olmadan qatarlara bilet
almaq çətindir. O baxımdan dəmiryolu tariflərini
qiymətləndirən zaman nəzərə almaq lazımdır ki,rəsmi
tariflərlə yanaşı biletlərin qeyri-rəsmi satış
qiymətləri var.Azərbaycanda biletlərin qeyri-rəsmi
qiyməti rəsmi qiymətdən iki dəfə çoxdur.
Qeyri-rəsmi qiymətləri nəzərə alsaq əslində
dəmiryolu tarifləri çox yüksəkdir”
V.Bayramov bildirir ki, qiymətlərin qaldırılması
müzakirə obyektidirsə, bunun müqabilində
dəmiryolunda keyfiyyət də artırılmalıdır:
“Azərbaycanda dəmiryolu sərnişindaşımada keyfiyyət
qonşu ölkələrlə müqayisədə xeyli aşağıdır. Qiymət
arımları ilə yanaşı elektorn biletlərin satışının
təşkili vacibdir. Çünki, bu halda bilet satışında
rüşvət də aradan qalxa bilər. Eyni zamanda
vətəndaşlar asanlıqla bilet ala bilərlər”.
Ekspert dəmiryolu sərnişindaşımada xidmətlərin
elektronlaşması ilə bağlı xüsusi tədbirlər planının
hazırlanmasına ehtiyac olduğunu da qeyd edir.
|