|
Çörəyin
qiyməti bahalaşacaq?
Vüqar Bayramov: “Fərqi
kompensasiya etmək üçün çörəyin çəkisi və ya
keyfiyyətinin azaldılması ənənəsi də tətbiq edilə
bilər”
Taxılın qiyməti günü-gündən bahalaşmaqdadır. Belə
ki, biçin vaxtı 16
qəpiyə satılan buğdanın kiloqramı indi 25-30 qəpik
təşkil edir. Qiymət artımının səbəb kimi isə taxıl
qıtlığının yaranması göstərilir. Əgər 2009-cu ildə
1 milyon 200 min hektara yaxın ərazidə taxıl
əkilmişdisə, bu il 160 min hektar az taxıl əkilib.
Üstəlik daşqınlar nəticəsində xeyli sahələr su
altında qalıb. Və bu da istər-istəməz istehsala
təsir edib. Hazırda cəmiyyəti narahat edən məsələ
isə taxılın bahalaşmasının çörəyin qiymətinə nə
dərəcədə təsir göstərəcəyidir. Kənd Təsərrüfatı
Nazirliyi yetkililərinin acaqlamalarına inansaq ölkədə
hələ taxıl ehtiyatı çox olduğunu və builki məhsul
qıtlığının çörəyin bahalaşmasına gətirib
çıxarmayacağını düşünmək olar. Lakin nazirlikdən fərqli
olaraq un istehsalçıları bahalaşmanın qaçılmaz
hesab edirlər. Bildirirlər ki, bahalaşmanın indi
müşahidə olunmaması əvvəlcədən ucuz buğda
ehtiyatının alınması ilə bağlıdır.
Bu arada
çörəyin qiymətində artım qeydə alınmasa da artıq
bəzi şirniyyat mağazalarında bahalaşma müşahidə
olunmaqdadır. Bəzi un, biskvit məmulatlarının
qiymətində bir həftə əvvəllə müqayisədə cüzi də
olsa bahalaşma var. Satış mərkəzləri bunu unun
qiymətinin qalxması ilə əsaslandırırlar.
Diqqəti çəkən məqam isə
Azərbaycanın taxıl idxal etdiyi ölkələrdə də iqlim
şəraiti ilə bağlı məhsuldarlığın aşağı olmasıdır.
Hansıki həmin dövlətlərdə taxılın qiyməti
bahalaşsa, bu artım Azərbaycanda da hiss
olunacaq.Məlumat üçün bildirək ki, Azərbaycanın
ərzaq buğdasına tələbatı 1 milyon 600 min tondur.
Ötən il ölkədə 2 milyon 130 min tondan çox ərzaq
buğdası istehsal olunub.Həmçinin daxili istehsalla
yanaşı ölkəyə xaricdən taxıl idxalının həcmi də
artırılıb.
Taxıl istehsalı ötən ilə nisbətdə 15 faiz azalıb
İqtisadçı-ekspert Vüqar Bayramov bildirir ki,
2010-cu ildə taxıl istehsalının 2009-cu illə
müqayisədə azalacağı gözlənilən idi: “2010-cu ildə
taxıl istehsalı 2009-cu illə müqayisədə ən azı 500
min ton az olacaq. Hətta taxıl istehsalının ötən ilə
nisbətdə 15 faiz azalacağı gözlənilir.Kənd
Təsərrüfatı Nazirliyinin məlumatına görə, bu əkin
sahələrinin azalması və taxıl istehsalında
məhsuldarlığın aşağı düşməsi ilə bağlıdır. Bütün
hallarda taxıl istehsalının əvvəlki illə müqayisədə
azalması səbəbləri təkcə taxıl əkin sahələrinin
azalması ilə əlaqəli deyil.2009-cu ildə istehsal
olunan taxılın Dövlət Taxıl Fondu tərəfindən
alınması yönündə xeyli problemlər yaşandı. Eləcə də
Taxıl Fondu tərəfindən alınan taxıl üzrə keyfiyyət
standartlarının müəyyənləşdirilməsi məsələsinin
uzadılması 2009-cu ildə bəzi fermerlərin
məhsullarını vaxtında fonda satmasına imkan vermədi.
Bir sıra hallarda isə fermerlərin istehsal etdikləri
məhsul əkin sahələrində qalaraq məhv oldu. Digər
tərəfdən Maliyyə Naziyliyinin fermer
təsərrüfatlarına verilən subsidiyaların ödənilməsi
ilə bağlı apardığı monitorinq 2010-cu il üçün
nəzərdə tutulan subsidiyaların verilməsində müəyyən
yubanmalar yaratdı. Bu da birbaşa fermerlərin taxıl
əkin sahələrinə, taxıl istehsalına marağının
azalmasına gətirib çıxardı”.
Qıtlıq hələ ötən ildən proqnozlaşdırılır
Mütəxəssis hələ 2009-cu ilin sonlarında növbəti il
üçün taxıl istehsalının kəskin azalacağının
proqnozlaşdırıldığını söyləyir. Taxıl strateji
məhsuldur deyən iqtisadçı bildirir ki, Azərbaycanın
daxili xüsusiyyətlərini nəzərə alsaq taxıl
istehsalı olduqca vacibdir: “Çünki, bu birbaşa
taxıldan istifadə edilərək hazırlanan məhsullara
deyil,çörəyin qiymətinə birbaşa təsir göstərir. O
baxımdan güman edilir ki, taxıl istehsalının
azalması çörəyin qiymətinə təsir göstərəcək”.
Ekspert yaxın aylarda çörəyin qiymətinin
yüksəlməsinin gözlənilmədiyi fikrindədir: “Bu da
onunla bağlıdır ki, indi istifadə edilən taxıl
məhsullarının əksəriyyəti 2009-cu ildə istehsal və
ya idxal olunub. Amma 2010-cu ildə taxıl
istehsalının azalması cari ilin payızında çörəyin
qiymətinin yüksəlməsinə gətirib çıxaracaq. Praktiki,
daxili tələbatla istehsal olunan taxılın arasında
böyük fərq yaranıb. Başqa tərəfindən dünya
bazarında taxılın qiymətinin yüksəlməsi ölkəyə idxal
olunan taxılın baha olmasına gətirib çıxara bilər. O
halda ehtiyatlar başa çatdıqdan sonar istifadə
edilən taxıl daha bahalı olacaq. Bu amil də çörəyin
qiymətinin artımına təsir edə bilər”.
İqtisadçı cari ilin payızında çörəyin qiymətində
artımlar olacağını ya da yeni yaranmış fərqi
kompensasiya etmək üçün çörəyin çəkisinin və
keyfiyyətinin azaldılması ənənəsinin tətbiq
ediləcəyini mümkün sayır.
V.Bayramova görə, taxıl istehsalının azalmasının
yalnız iqtisadi deyil, həm də sosial təsirləri var:
“Strateji məhsul olduğundan taxıl istehsalının
azalması ciddi problem kimi qiymətləndirilməlidir”.
|