Hökümət ölkənin əsas bankını xilas edəcəkmi?

 Vüqar Bayramov: “Beynəlxalq Bankda baş verənlər qurumun tətbiq etdiyi təşkilati idarəetmənin iflasa uğramasından xəbər verir”

 

Maliyyə naziri Samir Şərifovun sədrliyi ilə keçirilən “Azərbaycan Beynəlxalq Bankı”nın səhmdarlarının  ümum yığıncağı və orada qəbul edilən qərarlar müzakirə obyekti olaraq qalmaqdadır. Nəzərə çatdıraq ki, sözügedən toplantıda səhmlərin 80 faizinə malik səhmdarlar, Maliyyə Nazirliyi də daxil olmaqla dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsi və növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması  barədə qərar qəbul ediblər. Diqqəti çəkən isə qərarın  bankın artıq 3 rübdür səhmdarlara divident verməməsi barədə mətbuatda xəbərlərin yer almasından sonra verilməsidir.  Belə ki, məlumatlara görə, belə hal bankın tarixində ilk dəfədir baş verib. Bütün bunlar isə  Beynəlxalq Bankın  maliyyə poblemləri ilə üzləşməsindən irəli gəlir .

 

Xatırladaq ki, Beynəlxalq Bankın maliyyə vəziyyətinin ağır olması bir sıra beynəlxalq reytinq agentliklərinin hesabatlarında da əksini tapıb. Belə ki, Fitch Ratings» beynəlxalq reytinq agentliyi hələ ötən ilin sonlarında Beynəlxalq Bankının bütün kreditlərinin təqribən üçdə birinin – 27, 8 faizinin  problemli, «pis borc» sayıldığı barədə məlumat açıqlamışdı. Beynəlxalq normalara əsasən isə bu göstəricinin beş faizi keçməsi «həyəcan təbili» üçün kifayət idi.

 

Məlumat üçün bildirək ki,  Beynəlxalq Bank ölkənin ən kapitallaşdırılmış bankıdır.  Bank bazar payına və əmanətlərin həcminə görə Azərbaycanda ən böyük bank sayılır. Bankın nizamnamə fondunun  50,20%  dövlət müəssisələrinin,

  3,27%  qeyri-dövlət müəssisələrinin, 38,63%  fiziki şəxslərin,

7,90%  xarici təsisçilərin payına düşür. Maliyyə qurumunun nizamnamə kapitalı 240 milyon manat təşkil edir. 2010-cu il iyulun 1-nə olan məlumata görə, bankın balans kapitalı 627,7 milyon manat səviyyəsindədir.

 

Baş verənlər maliyyə qurumunun xarici reytinqinə təsir göstərib

 

 

İqitisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri Vüqar Bayramov hesab edir ki, kapitalının həcminə görə ölkədə aparıcı bank olduğu üçün Beynəlxalq Bankda baş verən proseslər bank sektoruna münasibətin formalaşması baxımından əhəmiyyətlidir: “Nəzərə alsaq ki, bank sektoru həssas sektordur. O baxımdan Beynəlxalq Bankda  müşahidə edliən problemlər  adi vətəndaşlar, müəssisələr arasında “əgər ölkənin birinci bankında problem yaşanırsa o zaman kapitalının həcminə görə ölkəninin 15 və 20-ci bankında problemlərin yaşanmayacağına zəmanət verə bilər” kimi narahatçılıqlar doğurur.  Beynəlxalq Bankda müşahidə edliən problemlər  yalnız bu bankın problemi deyil. bütövlükdə bank sisteminin problemidir”.

 

 

Azərbaycan bankları arasında xaricdə ilk dəfə Beynəlxalq Bankın  AAA+  reytinq alıdğını xatırladan  V.Bayramov artıq bir müddətdir bankın  ciddi maliyyə problemləri ilə üzləşdiyini bildirir: “Əvvəla Beynəlxalq Bankda müəyyən maliyyə problemlərinin mövcudluğu, eləcə də səhmdarlara dividentlərin ödənilməsindəki problemlər  maliyyə qurumunun xarici reytinqinə təsir göstərir. Beynəlxalq maliyyə qurumları bank sistemini qiymətləndirən zaman xüsusilə qlobal maliyyə böhranından sonra Azərbaycanda problemli banklar sırasında Beynəlxalq Bankın adını da qeyd edirdilər. Bunun nəticəsidir ki, Beynəlxalq Bankın reytinqi böhran başladıqdan sonra AAA+  reytinqindən BB reytinqinə qədər aşağı düşüb”

 

V.Bayramovun sözlərinə görə, Beynəlxalq Bankda  müşahidə edilən problemlər  qurumun tətbiq etdiyi təşkilati idarəetmənin iflasa uğramasından xəbər verir: “Beynəlxalq Bankın idarəetmə sistemi uzun müddət digər banklar üçün nümunəvi xarakter daşısa da, son illər idarəetmə sistemində islahatların aparılmaması, təmərküzləşmə meylləri, qərarların qəbulunun mərkəzləşdirilməsi sözügedən problemlərin yaranmasına gətirib çıxarıb. Bunun nəticəsidir ki, ötən ilin sonlarından başlayaraq bank öz səhmdarlarına divident ödəyə bilmir. Bankda problemlərin yaranmasının digər səbəbi  problemli kreditlərin həcminin artmasıdır. Nəzərə alsaq ki, Beynəlxalq Bankın uzun müddət reytinqi AAA+ reytinqi olub,  o baxımdan bankın  Amerika Birləşmiş Ştatlarında, Avropada ucuz maliyyə mənbələrinə birbaşa çıxış imkanları olub. Deməli  Beynəlxalq Bankın cəlb etdiyi vəsaitlərin faiz dərəcələri digər bankların cəlb etdikləri vəsaitlər üzrə faiz dərəcəsindən aşağı təşkil edib. Praktiki bu Beynəlxalq Banka kifayət qədər manevir imkanları versə də,  kredit bazarında rəqabət aparmaq üçün üstünlük qazandırsa, ötən müddətdə  bankın  kredit bazarında mövqeləri ciddi şəkildə möhkəmlənməyib, əksinə  problemli kreditlərin- verilən və geri qaytarılmayan kreditlərin  sayının artımına gətirib çıxarıb”.

 

Ekspert bankın gəlirlərinin 70 faizinin kreditlərin verilməsi və kreditlər üzrə dividentlərin ödənilməsinə görə əldə edilən gəlirlər olduğunu da  deyir. Onun fikrincə,  problemli kreditlər məsələsinin böyüməsi Beynəlxalq Bankın likvidliyinə çox ciddi  mənfi təsir göstərib. Ən əsası isə bankın gəlirlərinin azalmasına gətirib çıxarıb.

 

2010-cu il ərzində səhmdarlara divident ödənilməyəcək

 

Səhmdarlara dividendlərin rüblər üzrə deyil, illik olaraq ödənilməsinə gəlincə, V.Bayramovun qənaətinə görə, bu qərar da bankda vəziyyətin yaxşı olmadığından xəbər verir: “Rəsmi məlumatlara əsasən səhmdarların 80 faizi qərarın lehinə səs verib. Belə bir qərarın qəbulu rüblük dividentlərin ödənilməsi ilə bağlı problemin qlamaqda olduğunu  göstərir.   Eyni zamanda Beynəlxalq Bank növbəti ödənişin həyata keçirilməsi məsələsinə 2011-ci ildə baxılması  barədə qərar qəbul edib. Bu o deməkdir ki, 2010-cu il ərzində bank öz səhmdarlarına divident ödəmək imkanına malik olmayacaq”. Mütəxəssis qərarın qəbulunda maliyyə nazirinin təsir imkanlarının böyük olduğunun güman edildiyini diqqətə çatdırır: “Beynəlxalq Bank bu qərarla səhmdarlara ödəniləcək  dividenti bankdakı problemlərin həllinə yönəltmək istəyir. Yeri gəlmişkən Beynəlxalq Bank ölkənin bir nömrəli bankı olmaqla yanaşı Azərbaycan bankları arasında ən çox dövlət payına malikdir.  “Kapitalbank”ın səhmlərinin satışından sonra praktiki Beynəlxalq Bank dövlət nəzarətində qalan yeganə bankdır. Bunu nəzərə alsaq Beynəlxalq Bankda verilən  qərarlar heç də bankın rəhbərliyinin qəbul etdiyi qərarlar kimi qəbul olunmamalıdır”.

 

V.Bayramov bildirir ki, bankın idarəedilməsi təkcə iqtisadi deyil, həm də siyasi xarakter daşıyır: “Bankın əldə etdiyi məfəətin necə yerləşdirilməsi, dividentlər ödənildikdən sonra məfəətin hansı ölkədə və hansı istiqamətdə yerləşdirilməsi barədə qərarın verilməsi  nəzəri olaraq səhmdarların ixtiyarında olsa da, bütün bu məsələlər  təkcə Beynəlxalq Bank səviyyəsində həll edilmir. Hətta bankda son problemlərin yaşanması vəsaitlərin bir hissəsinin yerləşdirilməsi ilə bağlı verilən qərarın razılaşdırılmamasından irəli gəlib”.

 

 

Beynəlxalq Banka dövlətin müdaxiləsi kəskin arta bilər

 

İSİM rəhbəri qeyd edir ki, Beynəlxalq Bankda müşahidə edilən problemlər  bank sektorundakı problemlərin tərkib hissəsidir: “Dövlət Beynəlxalq Bankda yaşanan problemlərin böyüməsinə imkan verməməlidir. Çünki, bankda müşahidə edilən problemlər qısa zamanda həllini tapmazsa, o zaman digər banklara da inamın azalması qaçılmaz olacaq. Dövlət Beynəlxalq Bankın sağlamlaşdırılması istiqamətində addımlar atmalıdır. Amerika Birləşmiş Ştatlarında olduğu kimi Beynəlxalq Bankın səhmlərinin bir hissəsi müəyyən müddətə dövlət tərəfindən alınması həyata keçirilə bilər. Belə ki, Mərkəzi Bank və ya Maliyyə Nazirliyi Beynəlxalq Bankın xarici və özəl şirkətlərdə olan səhmlərinin bir hissəsinin alışının həyata keçirə bilər ki, bunun da nəticəsində banka yeni investisiyalar cəlb olunar. Digər üsul  Beynəlxalq Bankda dövlətin səhmlərinin bir hissəsinin satılmasıdır. Hansıkı bununla da bankın özəlləşdirilməsi yolu ilə cəlb edilən vəsaitlərin həcmini artırmaq mümkündür. Hesab edirəm bu böhraının aradan qaldırılması, likvidliyin təminatı baxımından əlavə maliyyə resurslarının formalaşmasına  imkan verər. Amma son proseslər  dövlətin  eləcə də  Maliyyə Nazirliyinin Beynəlxalq Bankın səhmlərinin özəlləşdirilməsi və ya satılması  ideyası üzərində işləmədiyin göstərir”.

İqtisadçı bununla belə problemin həlli üçün yaxın vaxtlarda Beynəlxalq Banka dövlətin müdaxiləsinin kəskin artacağının  gözlənildiyini də əlavə edir.

 

 

 

 

 


 

Media/ Videolar/Fəaliyyətlər


 

       

Oktyabrın 17-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün ilk seminarına toplandı. Tələbələrin qonağı bu dəfə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti Sədri Vüqar Bayramov idi. QonaqAFU tələbələri ilə birlikdə müxtəlif mövzular ətrafında maraqlı və canlı müzakirələr apardı. Vüqar Bayramov tələbələri iqtisadiyyatla bağlı bəzi müasir nəzəriyyələrlə tanış etdi. Xüsusiylə klassik, Keynsçi və Çikaqo məktəblərinə yer ayıran mühazirəçi eyni zamanda tələbələrə bu nəzəriyyələrin maraqlı aspektlərindən danışdı

   

Noyabrın 14-də Azad Fikir Universitetinin İqtisadiyyat klubu özünün növbəti görüşünə toplandı. Bu dəfəki mövzu dövlət sərmayələri, klubun qonağı isə tanınmış iqtisadçı, İqtisadi və Sosial İnkişaf Mərkəzinin İdarə Heyəti üzvü Elçin Rəşidov idi. Elçin Rəşidov ilk öncə sərmayə və onun fəlsəfəsi, sərmayələrin məqsəd və vəzifələri haqqında tələbələrə söhbət açdı. Daha sonra görüş iştirakçıları dövlət sərmayələri və özəl sərmayələr haqqında müzakirə apararaq onların fərqli və oxşar cəhətlərinə toxundular.

       

İqtisadiyyat Klubu / Vüqar Bayramov from afumedia on Vimeo.

   

Economics Club / Elchin Rashidov from afumedia on Vimeo.