|
İpoteka kreditləri
şərtləri dəyişdirildi
Vüqar Bayramov:
“Əlavə və dəyişikliklər proqramın daha da
sərtləşdirilməsinə təsir edir”
Güzəştli ipoteka kreditlərinin verilməsinin şərtləri
dəyişdirilib və qaydalara bəzi əlavələr edilib.
Qeyd edək ki, Mərkəzi Bankın bu əlavə və
dəyişiklikləri gələcək risklər göz önünə alınaraq
borcalanın sabit gəlirlərinin olmasına daha dəqiq
nəzarət etmək məqsədilə edib.
Dəyişikliklərə gəlincə, əgər əvvəlki şərtlərdə
kreditin bazar qiymətinə uyğun məbləği
hesablanırdısa, hazırki dəyişikliklərlə əlaqədar
burada əmlakın likvid qiyməti nəzərə alınır.
Yəni veriləcək kreditin məbləği əmlakın likvid
dəyərindən artıq olmamaq şərti ilə verilir. Eyni
zamanda yeni dəyişikliklərdə borcalanın 12 aylıq iş
təcrübəsinin olması əsas tələb kimi qoyulub.
Həmçinin sahibkarlıq fəaliyyəti ilə məşğul olan
şəxslər üçün ən azı son iki illik dövr ərzində sabit
maliyyə gəlirlərinin olması rəsmi sənədlər əsasında
təqdim olunmalıdır.Başqa
tərəfdən
əvvəlki qaydalarda yaxın qohumlardan əmlak
alınmasına icazə verilmirdi.
Hazırkı dəyişikliklərdə onların siyahısı da tələb
olunur. Yenilik həmçinin ondan ibarətdir ki, əgər
borcalanın, yəni kredit götürənin iş yeri şübhə
doğurursa Dövlət Sosial Müdafiə Fondundan həmin
vətəndaşın şəxsi hesabından çıxarış tələb olunur.
Nəzərə çatdıraq ki, hazırda müvəkkil banklar
tərəfindən adi ipoteka kteditlərinin verilişi davam
etdirilsə də güzəştli ipoteka kreditləri
dayandırılıb. Məlumatlara görə, güzəştli ipoteka
kreditləri aprel ayına qədər daxil olmuş müraciətlər
əsasında təmin olunur.
Çünki aprel ayında Mərkəzi bank tərəfindən bütün
müvəkkil banklara adı çəkilən kredit üzrə vəsait
bitdiyindən kreditin verilməsinin dayandırılması
haqda göstəriş verilib.
Dəyişikliklərə münasibət bildirən iqtisadçı-ekspert
Vüqar Bayramovun sözlərinə görə, əlavə və
dəyişikliklər proqramın daha da sərtləşdirilməsinə
təsir edir: “İpoteka krediti alan üçün iş
təcrübəsinin tələb kimi qoyulması, eləcə də
sahibkarlıq fəaliyyəti ilə məşğul olan şəxslədən ən
azı son iki illik dövr ərzində sabit maliyyə
gəlirlərinin əks olunduğu sənədin tələb edilməsi
şərtlərin ağırlaşdırılmasından xəbər verir”
İqtisadçı hesab edir ki, qlobal maliyyə böhranı
dövründə sahibkardan böhran dövründəki il üçün sabit
gəlirlərlə bağlı arayışın tələb edilməsi nə
iqtisadi, nə də digər faktorlarla izah edilə bilməz.
Çünki, böhran sahibkarlıq fəaliyyətinə neqativ təsir
göstərib: “Nəinki Azərbaycanda, MDB ölkələrində belə
son iki ildə sabit gəlirlərə malik olan
sahibkarların sayı kifayət qədər azalıb. Kredit
almaq üçün son iki illə bağlı sabit gəlirlərin tələb
olunması ipoteka kreditlərindən istifadə edənlərin
sayının azalmasına və ya dairəsinin məhdudlaşmasına
gətirib çıxaracaq. Bu eyni zamanda ipoteka üçün
müraciət edənlərdən əlavə sənədin tələb olunması
anlamına gəlir”.
Son dəyişikliklərdən sonra kreditin məbləğinin
əmlakın likvid dəyərindən artıq olmamaq şərti ilə
verilməsinə gəlincə, V.Bayramov deyir ki, Mərkəzi
Bank və İpoteka Fondu verilən ipoteka kreditlərinin
qaytarıla bilməməsindən ehtiyatlanır: “Hər iki qurum
ipoteka krediti qaytarılmayanda girov şəklində
alınan mənzilin dəyərinin daha çox olmasında
maraqlıdırlar. Nəzərə alsaq ki, fond alınan mənzilin
dəyərinin yalnız 85 faizini maliyyələşdirir, o
baxımdan likvid dəyərlə bağlı qoyulan tələb
ipoteka kreditləri hesabına mənzillərin satılması
şərtlərini ağırlaşdırır. Dəyişikliklərdə ən
ağırlaşdırıcı məqamlardan biri müvəkkil bankların
borcalandan Dövlət Sosial Müdafiə Fondundakı şəxsi
hesabından çıxarış tələb etmələridir. Belə
çıxarışların istənilməsi tələb olunan sənədlərin
sayının artmasına gətirib çıxaracaq. Eyni zamanda
vətəndaşın kredit alması üçün qarşısındakı
əngəllərin sayını artıracaq”.
Mütəxəssis bildirir ki, dövlət qurumlarından
sənədlərin alınması, eləcə yığılması vaxt tələb edir:
“Başqa tərəfdən ipoteka kreditlərinin alınması üçün
tələb edilən sənədlərin sayı onsuz da çoxdur.
Dəyişikliklərə qədər həmin sənədlərin 2 rəqəmlə
ifadə olunurdu”.
V.Bayramovun qiymətləndirməsinə görə, Məkəzi Bank
ipoteka kreditləri üçün müəyyən limitlər
müəyyənləşdirməyə çalışır. Onun fikrincə, bu xüsusən
güzəştli ipoteka kreditlərinə ayrılan vəsaitin ilin
birinci yarısında xərclənib başa çatması ilə
bağlıdır: “Vəsait bitdikdən sonra Mərkəzi Bank
ipoteka kreditlərinin verilməsi ilə bağlı daha ağır
şərtlərin tətbiqinə keçdi.Bu da heç bir halda qəbul
edilən deyil. İpoteka proqramının uğuru heç də
şərtlərin ağırlaşdırılmasından ibarət olmamalıdır.
Digər ölkələrdəki kimi şərtlərin
yüngülləşdirilməsinə, vətəndaşların kreditlərə
əlçatanlığının təmin edilməsinə, bu istiqamətə daha
çox vəsaitin ayrılmasına nail olunmalıdır. Təəssüf
ki, Mərkəzi Bank ipoteka proqramının
maliyyələşdirilməsi mənbələrinin artırılması,
onların müxtəlifliyinə nail olunması əvəzinə
şərtlərin ağırlaşdılrılmasına üstünlük verir”.
2010-cu ildə güzəştli ipoteka kreditlərinin
maliyyələşdirilməsinə 14 milyon manat vəsaitin
ayrıldığını xatırladan ekspert həmçinin adi ipoteka
kreditlərinin verilməsi üçün 75 milyon manatlıq
ipoteka istiqrazlarının satışının
proqnozlaşdırıldığını diqqətə çatdırır. İpoteka
kreditlərinin verilməsi üçün yalnız 2 mənbə var.
Son dəyişikliklər də göstəriri ki, fond maliyyə
mənbələrini müxtəlifləşdirmək imkanına malik
deyil”.
|