|
Ölkədə taxta böhranı baş verə bilər
V.Bayramov: “Rusiyada yanğınlar aradan qaldırılsa da
bu, taxta materiallarının bahalaşmasının qarşısını
almayacaq”
Rusiya taxılın ardınca taxta materiallarının
ixracına da qadağa qoymaq istəyir. Məlumatlara görə,
hazırda bununla bağlı Rusiya hökumətində müzakirələr
gedir. Hətta ixrac olunan taxtanın həcminin
azaldılması üçün ixrac tariflərinin artırılmas
istisna edilmir. Rusiyanın Azərbaycandakı Ticarət
Nümayəndəliyinin rəhbəri Yuri Şedrin isə bildirib ki,
Rusiyanın taxta ixracına görə Azərbaycanda
liderliyini qoruyub saxlayacaq. Lakin o, da taxta
ixracına qadağa ilə bağlı Rusiya hökumətində
müzakirələr getdiyini etiraf edib.
Bu arada nəzərə çatdıraq ki, taxta ixracı ilə bağlı
Rusiyanın planlaşdırdığı ixrac qağası artıq tikinti
bazarına öz təsirlərini göstərib. Belə ki, əvvəlki
ayla müqayisədə taxtanın qiyməti bahalaşdırlıb.
Satıcılar yaxın aylarda qiymətlərin daha da
artırılacağını istisna etmirlər.
İqtisadi və Sosial İnkişaf Mərkəzinin (İSİM) rəhbəri
Vüqar Bayramov deyir ki, yalnız son 2 həftədə 1
kubmetr taxtanın qiyməti 15 faizə qədər bahalaşıb.
Hansıki bu da taxta bazarında kəskin qiymət
artımlarının müşahidə edilməsindən xəbər verir: “Son
zamanlar taxta bazarında baş verən qiymət artımları
meşə yanğınlarının nəticəsində Rusiyanın taxta
bazarındakı bahalaşma ilə bağlıdır. Bu ölkənin müxtəlif
regionlarında taxta satışında qiymətlər 5 faiz artıb.
Eyni zamanda meşə yanğınları Rusiyanın ixrac
imkanlarını və bunula paralel Azərbaycanın idxal
imkanlarını məhdudlaşdırıb. Çünki yanğınlar taxtanın
Rusiyadan qonşu ölkələrə aparılması ilə bağlı
müəyyən texniki problemlər yaradıb”.
Ekspertə görə, taxtanın qiymətinin artması təkcə
Rusiyada baş verən yanğınlar və bu ölkənin daxili
bazarında taxtanın bahalaşması ilə bağlı deyil:
“Taxtanın qiymətindəki artımlara son zamanlar
nəqliyyat xərclərindəki bahalaşma, xüsusilə
dəmiryolu yükdaşımalarda tariflərin artımı və gömrük
rəsmiləşdirilməsi zamanı ödənişlərin çoxaldılması
təsir edib”.
İSİM rəhbəri bildirir ki, taxta idxalı ilə bağlı
rəsmi gömrük rüsumlarının qaldırılması baş verməsə
də, yəni bu yöndə Nazirlər Kabinetinin qərarı olmasa
da gömrükdə qeyri-rəsmi ödənişlərin həcmi
artırılıb. Nəticədə ölkəyə gətirilən taxtanın hər
kubmetrinin qiyməti bahalaşıb. Onun qənaətinə görə,
son qiymət artımlarında taxtaya tələbatın artması
hər hansı təsirə malik olmayıb: “Bu tikinti
sektorunda durğunluğun davam etməsindən xəbər verir.
Tikinti sektorunun taxtaya tələbatı dəyişməyib. Və
sözügedən sektor faktiki taxta bazarına təsir
etməyib”.
Yay mövsümü ilə əlaqədar fərdi tikintilərdə də
azalmanın müşahidə olunduğunu deyən ekspert bildirir
ki, tikinti işləri adətən yaz,payız mövsümündə
aparılır: “Göründüyü kimi fərdi tikinti sahəsində
də taxtaya tələbat artmayıb. Lakin problem yalnız
qiymət artımlarının baş verməsində deyil. Ölkədə bu
artımların davam etdirilməsi gözlənilir. Əvvəla
Rusiyada baş verən yanğınlar bazara psixoloji təsir
göstərməkdədir. Tikinti sektorunda Rusiyada
yanğınların uzun müddət davam edəcəyinə dair
gərginlik var. Nəzərə alsaq ki, Azərbaycan taxta
məhsullarını əsasən Rusiyadan idxal edir, bu ölkədə
baş verənlər Azərbaycanda taxta və taxta
materiallarına təlabatın ödənilməsi
baxımından əhəmiyyətlidir”.
V.Bayramov deyir ki, hətta Rusiyada yanğınlar aradan
qaldırılsa da bu, taxta materiallarının
bahalaşmasının qarşısını almayacaq. Çünki söhbət
kifayət qədər böyük ərazidəki yanğınlardan
gedir:”Yaxın zamanlarda Azərbaycanda yalnız qiymət
artımları deyil, taxta böhranı da istisna edilmir.
Rusiya hətta ixracın məhdudlaşdırılması
istiqamətində qərar qəbul etsə də bu, Azərbaycanda
taxtanın qiymətinin artmasına təsirləri artıracaq,
qıtlıq yaradacaq”.
İqtisadçı bildiri ki, qıtlığın mənfi iqtisadi
tərəfləri ilə yanaşı digər tərəfləri də var: “
Rusiya ixraca qadağa qoyarsa, ölkə ərazisindəki
meşələrdən qanunsuz ağac kəsimi faktı artacaq. O
baxımdan tikinti sektorunda durğunluğun qalmasına,
taxtaya tələbatın artmamasına baxmayaraq Azərbaycan
yaxın zamanlarda taxta materialı qıtlığı və ya
taxta böhranı ilə üzləşə bilər.
|