|
Ramazan ayı bazarlarda qiymətləri bahalaşdırdı
Hər il olduğu kimi bu ildə Ramazan ayının başlaması
bazarda süni qiymət artımlarına stimul verib. Belə
ki, bayram menyusuna daxil olan əsas ərzaq
məhsullarının demək olar ki, hamısında bahalaşma
müşahidə edilməkdədir.Məsələn Ramazana qədər 1 manat
təşkil edən pomidorun hazırkı qiyməti 2 manatdır.
Eləcə də digər ərzaq məhsullarının qiymətlərində
eyni proses gedib. Diqqəti çəkən isə Azərbaycanda
qiymətlərin od püskürdüyü halda digər müsəlman
ölkələrində Ramazan ayı ilə əlaqədar əsas ərzaq və
kənd təsərrüfatı məhsullarının qiymətlərinin
ucuzlaşmasıdır. "Ramazan endirimləri" adlı geniş
kampaniyalara start verilib.
Bazarlarda müşahidə edilən bahalaşmanı şərh edən
iqtisadçı-ekspert Vüqar Bayramova görə, qiymət
artımları süni xakter daşıyır: “Bayramın təsadüf
etdiyi ayın başlaması ilə əlaqədar daha çox istehlak
edilən ərzaq məhsullarının bahalaşması süni qiymət
artımıdır. İstehlakçıların bu ay üçün
məcburi tələblərini nəzərə alaraq bayram menyusuna
daxil olan məhsulların qiymətləri artırılıb”.
İqtisadçının fikrincə, iqtisadi inkişaf nazirliyi bu
artımlara qarşı mübarizəni gücləndirməlidir:
“Ramazan ayının başlaması ilə müşahidə edilən
bahalaşma iqtisadi baxımdan izah edilən deyil.
Məsələnin digər tərəfi isə Ramazan ayında qiymət
artımlarına gedilməsidir. Bir sıra müsəlman
ölkələrində müqəddəs hesab edilən aylarda
qiymətlərin azaldılması baş verir. Bununla da
aztəminatlı vətəndaşların tələb olunana məhsulları
almalarına şərait yaradılır. Hətta Amerika Birləşmiş
Ştatlarında milli bayramlarda əsas ərzaq
məhsullarının qiymətlərində endirimlər müşahidə
edilir”.
Əksər müsəlman ölkələrində Ramazan ayı ərəfəsində
süni qiymət artımlarına gedənlərə qarşı ciddi
tədbirlər həyata keçirildiyini vurğulayan V.Bayramov
bununla bahalaşmaının qarşısının alındığını deyir:
“Ramazan ayında süni şəkildə baş verən qiymət
artımları haram qiymət artımlarıdır. Nəzərə almaq
lazımdır ki, Ramazanda hər bir vətəndaş imkansız
ailələrin ərzaq məhsullarına əlçatanlığının təmin
edilməsinə yardım etməlidir. Son qiymət artımları
heç bir halda qəbul edilən hesab olunmamalıdır”.
Ekspert bildirir ki, qiymət artımlarına qarşı
İqtisadi İnkişaf Nazirliyinin mübarizəsi ilə yanaşı
satıcıların özləri də bahalaşmaya getməyə meyilli
olmamalıdırlar. Çünki, süni qiymət artımları halal
olmadığından əldə edilən gəlir və ya mənfəət də
halal hesab edilmir.
İqtisadçı adətən bayramlardan sonra qiymətlərdə
dəyişiklik baş vermədiyinə də diqqət çəkdi: “Bayram
ərəfəsi bahalaşdırılan qiymətlər sonrakı artımlar
üçün başlanğıc olur”. |